Əsas məzmuna keç

Uşaq hər şeyi anlamasa da, çox şeyi başa düşür…

Bu gün işdən qayıdarkən çox acı bir həqiqətin şahidi oldum…
Yol boyu qarşıda bir uşaq gedirdi. Çiynində məktəbli çantası, yanında isə babası… Adi bir məktəb günündən sonra evə qayıdırdılar.
Baba mehriban səslə soruşdu:
— Ay bala, bu gün məktəb necə oldu? Nə etdiniz?
Uşaq sakitcə cavab verdi:
— Cədvəl hələ tam hazır deyil, baba. Amma 5 dərs keçdik.
— Müəllim nə danışdı? Nə öyrəndiniz?
Uşaq bir an düşündü:
— Heç nə, ay baba… Riyaziyyat keçdik.
Bir neçə saniyə sonra babanın səsi dəyişdi. Sanki söhbətin istiqaməti birdən-birə tamam başqa yerə çevrildi:
— Ay bala, axşam atan niyə anana qışqırdı?
Uşağın səsindəki tərəddüdü, çaşqınlığı hiss etmək olurdu:
— O nə vaxt olub? Anam ağladı?
— Mən yatmışam, yəqin…
Baba isə:
— Yox, yatmamışdın. Planşet oynayırdın. Anan çox danışır… Anasıgilə, dükanlara gedir, yəqin ona görə yenə qışqırıb da atan…
Və sonra küçənin ortasında, insanların içində, yüksək səslə, hökm edən bir tonla:
— Anannnn!
Mən bir neçə saniyə donub qaldım…
Düşündüm: Bu uşağın indi eşitdiyi nədir?
Məktəbdən, dərsdən, riyaziyyatdan danışmalı olan bir uşaq niyə valideynlərinin münasibətini müzakirə etməyə məcbur edilir?
Bəlkə də həmin baba üçün bu, sadəcə adi bir söhbətdir. Bəlkə də özü də fərqində deyil ki, söylədiyi hər cümlə uşağın yaddaşında iz buraxır.
Amma bir həqiqət var:
7–9 yaşlı uşağın çiynində məktəb çantası olmalıdır, ailədaxili münaqişələrin yükü yox.
Uşaq anasının niyə ağladığını düşünməməlidir.
Atasının niyə qışqırdığını anlamağa çalışmamalıdır.
Kim haqlıdır, kim günahkardır, kim çox danışır — bunların heç biri onun məsuliyyəti deyil.
Uşaqların dünyası onsuz da kifayət qədər böyükdür…
Onların çiyninə böyüklərin problemlərini yükləməyək.
Bir uşağın yanında anası haqqında danışmaq, onu tərəf seçməyə məcbur etmək, ata-anasının münasibətinə dair fikirlər formalaşdırmaq — bəlkə böyüklər üçün bir neçə cümlədir, amma uşaq üçün illərlə daşıya biləcəyi bir yük ola bilər.
Və ən ağrılısı da budur:
Bəzən uşaqların travması qışqırıqdan yox, böyüklərin “adi söhbət” hesab etdiyi cümlələrdən başlayır.
Böyüklər danışarkən bir şeyi unutmasınlar:
Uşaq hər şeyi anlamasa belə, hər şeyi hiss edir…
Xanım QƏDİROVA
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…