Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
1999-cu il!
1-2 yanvar – İki şeirini köçürtdüm. Adamı kövrəldən şeirlərdir. Birinin adı belədir “Hara getdi təm-tərağı bu kəndin”
Televizorda isə çal-çağırdı. Özləri də deyirlər ki, “düşmənin acığına belə cah-calalla bayram keçiririk”
– Bir millət ki, düşmənin acığına torpaqları almaq əvəzinə “cah-calallı” bayram keçirir, vay bu millətin halına – deyindi Məmməd.
– Kayahan yenə də oxuyur: “Atın məni dənizlərə, yalan dünya sizə qalsın”.
15 gecəlik ay bütün işığını bizim pəncərəmizə “salıb”. Eyvana çıxıb dənizə səpələnmiş işığa baxır. Məni də dəvət edir…
– Mənim “İlham pərisi” şeirim təkrarlarda ixtisarla gedib. İlk çapı deyəsən “İllərdən biri” kitabında tam gedib. Cildləri hazırlayanda bunu yadında saxla.
– Nəşriyyatda Firəngiz xanımla rastlaşdım. Dedi ki, Xəlilin gündəliyində mənimlə əlaqədar yazıları köçürüb sənə verəcəyəm.
6 yanvar – Makinaçı Dmitri Dadaşidze haqqında məqalənin sözlərini təhrif etmiş, bəzilərini isə yazmayıb buraxmışdı. Bəzi sözləri isə özündən icad etmişdi. Sözləri bərpa etmək üçün mətni Məmmədə verdim. Bir az oxuyub qaytardı.
– Bu yazını mən yazmamışam, kimsə yazıb.
– Necə? Nə dedin, bu sənin əlyazman deyil? Mətnin birinci vərəqi yoxdur. Əlimizdəki ikinci səhifədir. Bu xətti ancaq sən yaza bilərsən, “inci” kimi. Kim sənin xəttinə oxşada bilər.
– Düz deyirsən, əlyazması şahiddir.
Məqaləni oxuyub bərpa etdi. Sonra məqaləsini tərifləməyə başladı:
– Yaxşı yazıdır, əla yazıdır.
Sonra Adil Əliyevin mənə həsr etdiyi şeirin bir bəndini gətirib verdi.
Gülxanım anaya.
Fələklər daş atdı, ömrünə dəydi,
Fələklər bilmədi onun eşqi nə.
O, Allah arzusu, Tanrı eşqidi,
Allah rizasına, Tanrı eşqinə
Anam, muğayat ol Məmməd Arazdan
Adil Əliyev. Biləsuvar rayonu
– Aydın yazı gətirmişdi, yazı yaxşıdı, amma yenə bostana daş atıb, eyhamlar lazım deyildi. Bir də Rəfiq Zəkanın vəfat etdiyini söylədilər.
– Hə, “başlandı bir nəslin yarpaq tökümü”.
– Naxçıvan nümayəndəliyinə getmişdin, nə dedilər?
– Nazirlər Sovetinin birinci müavini də orada idi. Dedilər ki, Naxçıvanda kitabının təqdimatını keçirmək istəyirik.
– Nə vaxt?
– Nə vaxt biz istəsək.
14 yanvar – Bu gün nədənsə narahatam. Axşam eşitdim ki, Barat xanım Şəkinskaya vəfat edib. Yadıma İstisuda istirahət etdiyimiz günlər düşdü. Mehriban qadın idi. Məmmədlə də qəribə salamlaşmağı var idi:
– Sabahın xeyir, ərəb oğlu.
Məmmədə ərəb oğlu deyərdi. Gözəl söhbətləri olardı, allah sənə rəhmət eləsin, Barat xanım.
Məmməddən müsahibə götürmək üçün jurnalist gəlmişdi:
– “Qasid” qəzetindən gəlmişəm, Məmməd müəllim, istəyirəm bu günün hadisələri və vəziyyəti haqqında sizdən müsahibə götürəm. Adım Teymurdur, jurnalistəm.
Və soruşdu:
– Eviniz çox sadədir, bütün otaqlar belədirmi? Bəzi şairlərin evinə gedirsən, elə bil ağırlıqdan divarlar adamın üstünə gəlir.
– Ən varlı otağımız budur.
– Gülxanım müəllimə, sizcə Məmmədi ancaq Naxçıvanda çox istəyirlər.
– Yox, bala, mən Məmmədlə hara getmişəm, bütün bölgələrdə onun çox böyük sevgi ilə qarşılandığının şahidi olmuşam.
– Çünki müəllimə, Məmməd əmi büllur kimi təmiz, saf adamdır – əlavə etdi jurnalist.
18 yanvar – Akif tanışların salamını çatdırdı:
– Qızımgildəyəm, Şölə də gəlib. Bu saat bir az nasazam, sağalan kimi gələcəyik. Naxçıvandan salam gətirmişəm.
Sonra Həsən Zeynalov Məmmədi telefona çağırdı:
– Vasif Talıbovla görüşmüşəm. Kitabın təqdimatını yüksək səviyyədə keçirəcəklər. Yanvar ayı bir az gərgin aydır, fevral isə boz aydır, soyuqdur. Martın əvvəllərinə saxladıq.
19 yanvar – Ramazan bayramının axşamıdır. Elman uşaqları, yoldaşı Şəmidə xanımla və qardaşı Oqtayla bayramı təbrikə gəlmişdilər. Elman dedi:
– Bakı məktəblərinin birində oldum. Direktora dedim ki, xəbərin varmı çox təhlükəli formada mənəvi aşınma gedir. Bunun qarşısını almaq ancaq ziyalıların borcudur.
Məmmədin cavabı:
– Gəl çox işi ziyalıların boynuna yükləməyək. Burda millət özü də ayıq olmalıdır. Ziyalılardan da çox şey asılıdır. Əgər ziyalı xalqın önündə gedə bilirsə, deməli, o xalq mövcuddur. Xalq isə ziyalının ardınca gedirsə, deməli, ziyalı mövcuddur. Bizdə milli azadlıq, demokratiya bayrağını ilkin götürən ziyalı olub. Bu, bizim milli xarakterimzə uyğundur və təbiidir. Milli azadlıq hərəkatı ilə demokratikləşmə prosesi bir-birilə sıx bağlıdır və bunların hər ikisinin müəllifinin ziyalı olması çox təbiidir. Ziyalı xalqın ağlı, xalqın gözünün işığı olmalıdır. Əgər bir xalqın ziyalısı külək əsən tərəfə boylandı, o xalqa yazıq. Və ziyalı ikibaşlı əjdahaya bənzərsə o xalq yaşamaz, məhv olar. Yenə də deyirəm – hər işdə ziyalını günahlandırmaq olmaz. Xalqdan da çox şey asılıdır.
Söhbətə şerlərindən misalla qoşuldum:
Ömür bir sualdır, ömür bir cavab
“Niyələr” başlanğıc, “çünkilər” axır…
…Zaman xəlbirindən keçməyənlərin
Sonrakı taleyi çox yaman olur…
..Beş addım gedirsən, görürsən artıq
Sual da, cavab da, vaxt da qurtardı.
Zaman azmışın tutub qolundan
Dinməzcə yerində oturdacaqdı…
31 yanvar – Bu günlər ərzində başımıza çox işlər gəldi. Arada Yılmaz və Şəlalə bərk xəstələndi. Məmmədin gileyi də çoxalmışdı. Tanış-biliş, deyəsən, bizdən uzaqlaşmağa başlayıb. Bu arada ancaq bizimlə telefonla İsa danışdı.
– Ay İsa, niyə görünmürsən?
– Maşının arxa tərəfində şəkil gəzdiririk. Kişin də deyir ki, şəkillə bu həyətə gəlmə. Onda gərək şəkili çıxarım sonra gəlim – zarafat cavab verdi İsa.
3 fevral – Məmməd, Adil Rüstəmovun Türkiyəyə getmək məsələsi nə oldu?
– Onun yerinə öz adamlarını saldılar.
– Deməli, yenə də yaxşı sənətkara yer yoxdur.
-Həmişə belə olub, indi də elədir. Bundan sonra da elə olacaq. Çünki istedadı olmayanlar həyasızlıq edir, müxtəlif vasitələrdən istifadə edə bilirlər. Özlərini gözə salmaq üçün heç nədən çəkinmirlər. İstedadlı adam isə utanıb çəkinir. Ancaq əsl sənətkar heç vaxt şöhrətin dalınca getməmiş və gəlişi üçün də dəvətnamə göndərib ziyafət düzəltməmişdir. Ad-san sənətkarın qapısını özü döymüşdür. Bəzən sağlığında, bəzən də məzarında… Satın alınmış şöhrətin sahibi bir gün gəlir, səni soyundurub onu geyindirirlər. Yaxşısı budur ki, başını aşağı salıb, “daşını yonub, divarını hörəsən”.
– Niyə, istedad da o yolu seçsin.
– İstedadlar anadan belə doğulur. O ayrı cür ola bilməz.
4-6 fevral – “Unutma ki, dünya fani, verən Allah alır canı. Biz nasıl unuduruq səni, can bədəndən çıxmayınca”. Barış Manço da belə getdi. Ölüm pula, şöhrətə baxmır. – Məmməd fikirli-fikirli bu sözləri pıçıldadı.
Axşam Elman və dostu Rauf qonağımız oldu. Rauf özünün “Bizi deyib gəlmə, Mirzə” şeirini oxudu. Sonra Məmmədin şeirlərindən əzbər deməyə başladı. Raufun söhbətlərindən:
– Əgər Avropada bütün kitabxanalar yanıb təkcə bir “Səfillər” qalıbsa, deməli, dünya ədəbiyyatı yaşayır. Və əgər bütün dünya ədəbiyyatı məhv olub təkcə Məmməd əminin “Atamın kitabı” poeması və ya kitabı qalıbsa, deməli, XX əsr ədəbiyyatı yaşayır. Bu, mənim fikrimdir, etiraz etsəniz də belədir, etməsəniz də…
Elman da söhbətə qarışdı:
– Məmməd müəllimi başa düşmək üçün Mövlananın kitabını oxudum. Orada qəlbin və əqlin izahatı var. Biz Məmməd Arazı geri qaytarmırıq, əksinə, Məmməd Araz XXI əsrin şairidir. Bəlkə onu o vaxt yaxşı anlaya və təhlil edə bilərlər.
7-9 fevral – Aqil dedi: – Əmi, səni və Bəxtiyarı Barış Mançoya oxşatmışam. O, uşaqları sevir və tərbiyələndirir, anladırdı. Siz də bu milləti anlatmağa çalışırsınız.
Naxçıvanın 75 illiyini keçirtmək üçün qərar qəbul edilmiş, Naxçıvanın tarixi ilə əlaqədar müxtəlif çıxışlar təşkil olunmuşdu. Ermənilərin “Naxçıvan bizimdir” iddiası da səslənirdi.
Məmməd bu söhbəti danışdı:
– 72 və ya73-cü il idi, yadımdan çıxıb. Gürcüstanda Azərbaycan ədəbiyyatı günləri idi. Erməni şairəsi Silva da orada idi. Tiflisdə basdırılan ermənilərin qəbri üstə ağlayan Silva dedi ki, tarixdə heç vaxt bizim paytaxtımız olmayıb ki, böyük adamlarımızı orada basdıraq. İndi də silvalar bizim torpaqlarımızı özlərinin torpağı, şəhərlərimizi də özlərinin paytaxtı adlandırıblar. Karlo Kaladzenin evində qonaqlıqda Silva azərbaycan mahnısını elə oxudu ki, azərbaycanlı müğənnisindən də yaxşı…
Göz önündə: yurd da bəlli, yursuz da bəlli,
İnadına çəpər çəkib qəsbkar, harın.
Ərəb Şərqi od içində illərdən bəri,
Məşvərəti davam edir diplomatların…
… Bircə qarış torpaq verin bayraq sancmağa,-
O bayrağı səngərlərdə gəzəri kimdir?!
“Torpaqdan bərk yapış” – demək torpağı yoxa
Başı yoxa başsağlığı vermək kimidir…
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ







