Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin Mətbuatla iş sektorunun baş məsləhətçisi Pərviz Aslanov bildirib.
Onun sözlərinə görə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə müşahidə edilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bildirildiyinə görə, hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 metrə çatır.







