Əsas məzmuna keç

Ağsuda 30 hektar ərazidə ağacların yanmasına səbəb olan şəxs saxlanılıb

Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndi ərazisində yerləşən fermanın həyətində başlayan yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Tezadlar.az xəbər verir ki, nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları ehtiyatsızlıqdan yanğın törətdiyi bildirilən bir nəfəri müəyyən edərək saxlayıblar. Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi də yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib. Nazirlik bildirib ki, qeydə alınan yanğınların bir hissəsi kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətlərində yığılmış ot tayalarında baş verir.

FHN-in məlumatına görə, bəzi vətəndaşlar tədarük etdikləri otu yaşayış evlərinin və yardımçı tikililərin çardaqlarına, tikililərin yaxınlığına və hava elektrik xətlərinin altına yığırlar. Nazirlik bunun yanğın təhlükəsizliyi qaydalarının kobud pozulması olduğunu vurğulayıb.

“Kənd yerlərində geniş istifadə olunan təndirdən, habelə sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma, o cümlədən ətrafa atılan sönməmiş siqaret kötükləri, nəzarətsiz qalan uşaqların odla oynaması və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına və sonda acı nəticələrə gətirib çıxarır”, – deyə FHN-in müraciətində qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…