ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı güzəştlər müqabilində Tehrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmuş aktivlərin açılmasını təklif etdiyi barədə məlumatları təkzib edib. Tezadlar.az xəbər verir ki, Tramp “Axios”un yaydığı xəbərə münasibət bildirərək “Truth Social” platformasında İrana heç bir təklif vermədiyini yazıb. “Axios-un məqaləsi, əksər digər məqalələr kimi, yalandır. Onlar bu saxta məqaləni dərhal silməlidirlər”, – deyə Tramp bildirib.
“Reuters”in məlumatına görə, “Axios” ABŞ rəsmilərinə istinadən Trampın İranın nüvə proqramı ilə bağlı “konkret addımlar” atması müqabilində sanksiyaların yüngülləşdirilməsinə və dondurulmuş İran vəsaitlərinin azad edilməsinə razı ola biləcəyini yazıb. CNN də anonim ABŞ rəsmisinə istinadən oxşar məlumat yayıb. “Axios”un məlumatına görə, ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə aparılan dolayı müzakirələr davam edir. Tərəflər arasında xüsusilə İranın nüvə proqramı ilə bağlı məsələlərdə ciddi fikir ayrılıqlarının qaldığı bildirilir. Beləliklə, Trampın açıqlaması ilə mediada yayılan və ABŞ rəsmilərinə istinad edən məlumatlar arasında ziddiyyət yaranıb.







