Əsas məzmuna keç

Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-41-сi HİSSƏ

Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

10 fevral – Akif və Şölə xanım axşamüstü Məmmədin görüşünə gəldilər. Akif yenə də Məmmədin şeirlərini sinədəftər deməyə başladı. O cümlədən “Ah, bu qısa, sevda yolu” şeirini də…

– Bu şeiri oxuyub ağladım, necə də mənim taleyimlə uyğundur, bu şeir. Şair gör nə deyir:

Halal qəlbə yol axtardın,

                                 Çıxdı yolun daşa könül.

                                   Sənin ağlın başdan oldu

                                   Nadan keçdi başa, könül.

                               və ya

                                   Köhnə yastıq kimi başımın altda

                                   Saralmış günlərim, köhnə günlərim

                               və ya  da

                                  Bu odu odsuzun yanan dünyanın…

Belə sözləri ancaq Məmməd Araz deyə bilər, nə Puşkin, nə Lermontov, nə kim, kim, heç kim deyə bilməz.

Akif bir çox şeirlərin belə təhlilini verdi.

– Əlavən nə ola bilər, Məmməd müəllim?

– Nə sözüm ola bilər? Bəlkə bizdən də istedadlısını zaman yetişdirəcək. Zaman yaman sərtdir, amansızdır. Sərtliklərin, bərkliklərin ələyib üyüdə bilmədiyi sənətkar xoşbəxtdir. Əsil sənət əsərinin ölümünü  müəllif görmür, görürsə, deməli, sənət əsəri deyilmiş,  bunları bir neçə dəfədir ki, təkrar edirəm.

11-12 fevral – Naxçıvanın daimi nümayəndəliyindən Həsən Zeynalov xəbər verdi:

– Gülxanım müəllimə, mənə Vasif müəllim bildirdi ki, Naxçıvanda havalar yaxşı keçir. Gələn həftə Məmməd müəllimin həm 65 illiyini keçirmək istəyirlər, həm də kitabını realizə etmək. Məmməd müəllimə de mən cavab gözləyirəm.

Məmməd tədbiri martın birinci 10 günlüyünə saxlamağı xahiş etdi.

Anamı itirdiyim gündür. Məmməd demiş “Ana itirmişəm ana yaşında”

Mənə elə gəlir bütün bu dünya,

                       Bir qoca anamın yerini vermir...

Səhər verilişlərində “İpək yolu” qəzetinin xülasəsi verilirdi. Deyildi ki, Anarın, Elçinin və Məmməd Arazın əsərləri özbək dilində çapa hazırlanır. Təəccübləndim, görən doğrudurmu?

Elmana çatdırdım ki, bizi Naxçıvana qonaq çağırıblar. Axşam Raufla gəldilər. Rauf gülə-gülə dedi:

– Məmməd müəllim İlhamın kitabına ön sözdə yazıb ki,  sözlə ehtiyatlı ol. Bu, bütün pis yazanlara bir növ vəsiyyətdir.

17-18 fevral – Fərəməz Maqsudovun köməkçisi Afaq xanım zəng etdi:

– Fərəməz müəllim “İlin elm adamı” mükafatına layiq görülüb. Onun haqqında kitab çap olunacaq. Məmməd müəllim onun haqqında nəsə yaza bilərmi?

Məmməddən soruşdum, qərarlaşdıq ki, Fərəməz Maqsudovun 65 yaşına yazdığı məqaləni verək. Afaq xanım özü gəlib yazını apardı:

– Fərəməz müəllimin sizə salamı var. Bir həftədən sonra kitab çıxacaq, sizə çatdıracağam.

Sənə Süleyman Rüstəmlə etdiyim söhbəti danışım. Süleyman müəllimdən soruşdum ki, Süleyman müəllim, siz böyük şairsiniz, gözəl lirika sahibisiniz, “Təbrizim” kimi yüzlərcə şeirin müəllifisiniz, bu şüar yazmalar nəyə gərəkdir?

Cavab verdi:

– Abrımı aparırlar, ay Məmməd, evdə oturmağa da qoymurlar, məcburən yazıram.

Sonra məndən ruçka istədi, bildim ki, Məmmədin fikrinə nə isə misra düşüb. Sonra misranı oxudu:

 “Gözün yatsa da kipriyini ayıq saxla”

– Naxçıvana aid yazdığın şeirindəndir?

– Hə, yenə yazmışam:

                         Burdan Dəlidağ görünmür,

                         Ərzin o başı görünür.

– Görürsən, yəqin yaxşı bir poema alınacaq.

– Poema alınmayacaq.

21 fevral – Yaman həyəcanlıyam, səbəbini bilmirəm. Ağamusa Nağıyev haqqında çəkilmiş “Yük” filminə baxdıq. Sözlər və hadisələr yerində işlədilən bir filmdir. Axşam da “Heyvanlar aləmində” verilişinə baxdıq:

– Deyirlər ki, quruda yaşayanların hamısı dənizdən çıxıb. Bəs insanlar necə?

– İnsanlar? Görəsən insanlar olmasa idi nə olardı?  Yəqin ki, çox maraqsız. Ancaq təbiət sevincək olardı, çünki insan təbiətə qənim kəsilib. Yazmışam:

                       Ürəyi dolanda təbiət hərdən,

                       Çəkilib gecələr ağlar burada…

 

                          Qasırğa əlindən, tufan əlindən

                        Qaçırıb dumanı saxlar burada…

 

                        Bir uçrum dibində ceyran izləri

                        Son güman yerinə qısılı qalıb…

Təbiət də ağlayır. Özünə gücü çatmayanda ağlayır. Gücü çatır, amma yaratdığı insana qarşı gücünü göstərmək istəmir. Anicə bir qəzəblə insanı yurd-yuvasından edər. Gücü çatana qədər dözər. Elə ki, meşə talasında ocaq yerləri var, əlik yoxdur, nəhəng palıdların yerində adicə kol-kos da yoxdur. Onda yoxdur nidası əks-sədaya çevrilib dərələrə dolur. İntiqam alım-almayım hönkürtüsü bu vaxt yaranır. Təbiət dərəyə çəkilib öz sabahına, insanın gələcək taleyinə ağlayır. Təbii ki, bunlar məcazi mənadadır… Dialektika deyir ki, təbiətdə heç nə itmir, şəklini dəyişir. Vaxtilə ən hündür qayalarda oxunan neçə ilahi nəğməni daş maqnitofonlar yaşada bilibmi görəsən? Amma mən inanıram ki, nə vaxtsa qayaları danışdırmaq mümkün olacaq. Bir şərtlə, insanlar təbiətə qənim kəsilməsin…

23-25 fevral – Xəstələnməyimi görən Məmməd büzüşüb.

– Məmməd, niyə belə büzüşmüsən, nə olacaq. Mən olmasam da balaların məcburdu sənə baxsın.

Məmməd fağır-fağır dilləndi:

– Səni itirməkdən qorxuram, yaman qorxuram.

Həkim məni muştuluqladı:

– Qaraciyərin şişib, daş da üç sm olub.

İlyas Tapdıq telefonda Məmmədin kefini soruşdu:

– Əli Vəkilin yanından danışıram. Onun Məmməd haqqında yazısını oxudum. Yaman xoşuma gəldi. “Ədalət” qəzetində xatirələrim gedib.

26 fevral – Elmangilin gətirdiyi Qobustan haqqında filmə baxdıq. Rauf dilləndi: – Məmməd müəllim, yazmısınız ki, ha vaxtsa bu daşlarla danışan tapılacaq. Filmə baxdınız. Görürsünüz ki, dediyiniz kimi daşlarla danışan tapılıb.

Məmməd: …Qayanın torpağa bağlılığına həmişə heyrətlə baxmışam. Dağ uçur, göl yaranır, “Uçqun” şeirimdə bu hadisələri təsvir etməyə çalışmışam. Küləyi “Təbiətin latın dili” adlandırmışam. Bu dili qayalar hər şeydən əvvəl duyur və ətrafı “duyuq salır”. Meşələr, düzlər, çöllər “ayılıb” gözlənəcək zərbəyə “hazır olur”. Dağları, qayaları namərd qılıncına qalxan eləmək istərdim. Bileydim ki, qayalarda namərd toxumu göyərməyəcək.

                       Tarix qayalarda yazı  qalırmı?

                       Çoxu çoxdan itib, azı qalırmı?

                       Dağ öz duruşundan razı qalırmı?

                       Yalan – yarğanlara nağıl söyləsək

                       Sən kimə gərəksən,

                       Mən kimə gərək?!

28 fevral – Ağayar müəllimin şux səsi telefonda əks-səda verdi:

– Gülxanım müəllimə, Məmməd necədir? Onu belə olsa da saxlaya bilirsən, Allaha min şükür. Mən də elə institutda mühazirələrimi deyirəm, gəlib evdə yazı-pozu ilə məşğul oluram, başımı qarışdırıram. Ayaqlarım yaman ağrıyır, darıxdım, durdum “Azadlıq” radiostansiyasını tutdum. Məmmədin “Vətən daşı olmayandan” misrasını məqalənin başlığı götürüb gözəl bir veriliş verirdilər. Jurnalistin traktovkasından yaman xoşum gəldi. Deyirdi, hamı bu saat vətən, millət, xalq sözləri ilə özlərini gözə soxur, amma Məmməd Arazın bir misrasını açsaq görərik o misrada nələr var, nələr deyilir…

Ağayar müəllim çox danışdı.

1 mart – Rauf söylədi ki, indi də “Ağlama” filmini gətirəcək, şair baxsın, gözəl çəkilib.

– Sizin “Qurd xisləti” şeirinizi “Qobustan” filminin qəhrəmanı Camala oxudum. Camal dedi ki, bu şeiri mən də oxumuşam, ancaq sənin dediyin fikirləri tapmamışdım. “Qurdlar ağız-ağıza yatır” deyilir, deməli,  bunlar o formada biri digərinə demək istəyir ki, sən qorxma arxayın yat, mən səni gözümdə saxlayıram, arxanı gözləyirəm. Mən şeiri belə yozmuşdum, çünki boz qurd türk emblemidir, onu pisliyə yoza bilmərəm.

3 mart – Rauf bütün gücünü sərf edib inandırmaq istəyirdi ki, çox arvadlılığı qanunlaşdırmaq lazımdır. Bu məsələni dövlət səviyyəsində həll etmək olar. Onsuz da qanunsuz bir neçə arvad saxlayırlar. Kəbinsiz yaşayan qadınlar da uşaq istəyirlər. Qoy qanuni olsun ki, ata uşaqlara öz adını verə bilsin.

– Əksinə, Rauf çox arvadlılığı yox, başqa millətdən qız almağa qarşı çıxmağı təbliğ etmək lazımdır. Oğlanlarımız rus, erməni və başqa millətdən alırlar, fatma, tükəzbanlarımız qalıb, qarıyırlar.

Fikrimlə razılaşdılar.

8-11 mart – Həsən Zeynalov bildirdi:

– Biz 4-cü gün səhər tezdən birinci reyslə Naxçıvana uçmalıyıq, beşinci gün isə tədbir olacaq. Sizinlə gedən adamların pasportunu mənə çatdırın.

Yıxıldığına görə Məmmədin ayağı bərk şişmişdi, beli qarışıq qızarmışdı. Səhər tezdən poliklinikaya zəng edib, xirurq istədim. Baş həkim Telman özü gəldi:

– Yaman qan yığılıb, sınıq yoxdur, çıxmayıb, amma çirk edə bilər. Yodla xanalar çək, ixtiolu araqla isladılmış cunaya çək, kompres et.

Həkimin bütün məsləhətlərinə əməl etməyə başladım, şiş yatmağa başladı.

Məmməd gecə saat 3-də işığı yandırıb oturdu. Həmişə harasa gedəndə yaman narahat olardı. Ayağının qızartısı azalmışdı. Səhər saat 7-yə 15 dəqiqə qalmış aeroporta getdik. 8:15-də təyyarə havaya qalxdı, 9:15-də Naxçıvanda olduq. Bizi Ali Sovetin birinci müavini Abutalıb, İsa Həbibbəyli və tanımadığım bir neçə  adam qarşıladı. Maşında sürücü dedi:

– Məmməd müəllim, ayağınız düşdü. On ay idi ki, bir damcı yağış belə düşmürdü. İndi yuxarı dağlara qar yağdı. Naxçıvana da yağış yağır.

Qonaq evinə düşdük. Ürəyimdə qonaq evilə salamlaşdım: – “Salam, köhnə dost, yenə də sənin həyətinə ayaq basdıq”.

Səhər yeməyindən sonra qərarlaşdığımız kimi Araz bəndinə getdik və orada xeyli çəkiliş aparıldı və şəkil çəkildi. Sərhəd olduğuna görə hərbçilər yanımızdan ayrılmırdı. Araza baxdıq. Arazda su azalmışdı.

– Arazda su yoxdur ki! – dedi Məmməd

– Axı bu il demək olar ki, yağış yağmayıb, su hardan olar, – cavabını verdilər.

Axşam çay stolu açıldı, Ali Məclisin sədri Vasif Talıbov da gəldi. Çox səmimi bir görüş oldu. Görüş saat 12-yə kimi çəkdi…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…