Əsas məzmuna keç

Türk dövlətləri kosmik əməkdaşlıq sazişi imzalayıb

Beynəlxalq Astronavtika Konqresi zamanı Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin kosmik agentliklərinin rəhbərləri tərəfindən “Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi” imzalanıb.

Tezadlar.az bu barədə Kosmik Agentliyinə (“Azərkosmos”) istinadən xəbər verir.

“Bu saziş türk dövlətləri arasında kosmik sənaye sahəsində tərəfdaşlığın daha sistemli və praktiki səviyyəyə yüksəldilməsinə, ortaq təşəbbüslərin reallaşdırılması məqsədilə vahid əməkdaşlıq platformasının yaradılmasına yönəlib”, – məlumatda bildirilir.

Sənədin imzalanması TDT ölkələrinin kosmik sahədəki mövcud potensial və təcrübələrinin birləşdirilməsi, ortaq layihələrin icra edilməsi, həmçinin yeni əməkdaşlıq sahələrinin genişləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli addımdır. Əməkdaşlığın başlıca praktiki istiqamətlərindən birini TDT ölkələrinin iştirakı ilə reallaşdırılması planlaşdırılan birgə “CubeSat” layihəsi təşkil edir. Bu layihə çərçivəsində tərəflərin texniki imkanlarının, mütəxəssis biliklərinin və resurslarının ortaq layihə ətrafında cəmləşdirilməsi nəzərdə tutulub.

Saziş isə həmin və digər təşəbbüslərin gerçəkləşdirilməsi üçün tərəflərin öhdəliklərini, eləcə də əməkdaşlığın texniki, maliyyə, hüquqi və əməliyyat tərəflərini tənzimləyən çərçivə formalaşdıracaq. Sazişə əsasən, gələcəkdə əməkdaşlığın peyklərin istehsalı, Yerin uzaqdan müşahidəsi, kosmik elm, elmi-tədqiqat və inkişaf, insan resurslarının gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər sahələri əhatə etməsi planlaşdırılır. Sazişin imzalanması vasitəsilə Türk Dövlətləri Təşkilatı çərçivəsində kosmik sənaye üzrə tərəfdaşlığın daha geniş və davamlı platformaya çevrilməsi, üzv ölkələrin kosmik potensialının artırılması və regional kosmik ekosistemin möhkəmləndirilməsinə dəstək verilməsi məqsəd kimi müəyyənləşdirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…