….Son günlər “hicab məsələsi” ilə bağlı gedən kəskin və qızğın mübahisələrə bir daha münasibət bildirmək istəmirdim. Bir neçə gün əvvəl bu mövzuda bir-iki cümlə yazmışdım, cavabında təqdir edənlərlə yanaşı təhqir edənlər, hətta söyüş söyənlər də oldu. Bilənlər bilir, ağır əməliyyat keçirmişəm və konfliktlərdən uzaq durmaq istəyirəm. Amma, ancaq və lakin…
Parodoksdur. Cənub qonşularımız hicaba qarşı çıxanları cəzalandırır. Bizdə isə müəyyən qism adamlar az qala hicabsızları cəzalandırmaq istəyirlər. Hətta qızların oğlanlardan ayrı təhsil almasını istəyənlər də var…
Əzizlərim, biz dünyəvi cəmiyyətdə yaşayırıq… Uzun-uzadı danışıb vaxt almaq istəmirəm. Konkret bir misala müraciət etmək istəyirəm.
Yaddaşım məni aldatmırsa, dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının oğlan və qız qəhrəmanları eyni bir sinifdə oxuyublar. Bəli, bəli, Qeys ilə Leylini deyirəm. Özü də Leyli hicabsız, çadrasızdır… Xatırladınızmı? Görün bir aradan neçə il, neçə yüz il keçib? Yəni bu son altı əsrdə biz bu qədər “irəliləmişik”?
p.s. Hicaba və təbii ki, vicdan azadlığına qarşı deyiləm. Amma qoy qızlarımız təhsili başa vurduqdan sonra bu barədə müstəqil qərar versinlər.
Elə deyilmi?
Firuz MUSTAFA,
yazıçı







