Əsas məzmuna keç

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-42-сi HİSSƏ

(Əvvəli ötən buraxılışlarda)

https://tezadlar.az/memmed-araz-xatirelerde-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-41-si-hisse/

12 mart – Gecə yağış şiddətləndi. Yaman pərt olmuşdum. Deməli, səhər pirə gedə bilməyəcəyik. Əksinə, səhər bütün naxçıvanlıların üzündə təbbəssüm gördüm. Sevinirdilər ki, yağış yağır və yağışı şair gətirib.  yağış bərəkətdir. Artıq yağış qara çevrilmişdi. Çoxdan sakit yağan quşbaşı qara həsrət idik. Əshabi-Kəfə getmək planımız yəqin pozulacaq, fikirləşdim. Yox, deyəsən, getməli olduq. Səhər saat 11-ə yaxın dörd maşın adamla yola düşdük. Naxçıvanın içindən keçəndə yoldakılar maşında Məmmədi görüb sevinir, ə, qağa burdadır ki, deyirdilər. Mən bir dəfə də Pirdə olmuşdum. İndi yollar tamam fərqlənir. Yol asfaltlanıb, ətraf təmizlənib. Qar aramla yağırdı. Gözümü qarşımızda açılan mənzərədən çəkə bilmirdim. İstəyirdim ki, mənzilə bir az da gec çataq. Sən demə qar yağanda dağlar daha əzəmətli görünür. Məmmədin titrəməsi dayanmışdı. Pirin ayağında qurban kəsdilər. Biz dağa tərəf addımladıq. Zirvəyə qədər pillələr düzəldilib. Məmmədi şəkil çəkənlər və videolentə alanlar müxtəlif yerlərə aparır, şəkil çəkdirmək istəyənlər biri digərini əvəz edirdilər. Mən və Elmira yuxarı qalxdıq. Lap yuxarı çıxmağa ürək etmədim, çünki qar yerə oturmuşdu. Gəncənin keçmiş icra başçısı Elsevərlə də rastlaşdıq. Çox gözəl bir səfər alındı, Allah ziyarətimizi qəbul eləsin. Naxçıvana qayıtdıq.

Axşam saat 6-da görüş başlandı. Dram teatrının salonu dolmuş, harada dayanmaq mümkünsə orada ayaq üstə duran adamlarla, çöldə də içəri keçmək həsrətində olanlarla dolu idi. İçəriyə doluşmaq üçün fürsət axtarırdılar. Həsən Zeynalov deyirdi ki, çöldə qalan adamlar tələb edirlər ki, görüş çöldə keçirilsin, qoy hamı şairi görsün və şeirlərini eşitsin. Çöldəkilər az qala yumruq davasına çıxırmışlar.

Görüşü Naxçıvan televiziyasının sədri Elman Həbib açdı. Onun çıxışından bəzi qeydlər:

– Məmməd əmi elə nəhəng sənətkardır ki, onun qarşısında məsuliyyət daşımadan danışmaq olmaz. Məmməd əmiyə 700-dən çox şeir həsr olunub, heç bir şairə bu qismət olmayıb. Məmməd əmi, sizin gəlişinizlə təbiət də dəyişdi, sizi yağışla, bərəkətlə qarşıladı. Canlı heykəlsiniz. Məmməd Araz sözlə yox, səslə yaşayan şairdir. Söz adamın başına bəla gətirə bilər, səs isə yox. Məmməd əmi ünvanına atılan daşları geri qaytarmadı, onlardan gözəl bir abidə hördü, dedi,  görün, sizin mənə “atdığınız” daşlardan necə abidə yaratmışam.

Elman danışdı, danışdı ta ürəyi boşalana qədər.

Çox adamlar danışdı, amma hamıdan təbii çıxanı “Apardı sellər Saranı” mahnısının dəyişdirilib oxunması idi. Elman müğənnini belə təqdim etdi:

– Bu oğlanın adı Hünərdir, özü də hünərdir. Mahnı isə belə oxundu:

Gedin deyin xan çobana

Məmməd gəlib Naxçıvana

Yurdun dönüb gülüstana

Saranı sellər aparmaz

Aparsa da Araz qoymaz…

 

Arpaçayı dərin olmaz

Xoş gəlibdi Məmməd Araz

Saranı sellər aparmaz

Aparsa da Məmməd qoymaz.

Təzəlik idi.

Xalqın alqışı, deyimləri Məmmədi kövrəldir, ona dirək olur, dayaq olur, yaşamağa, yazmağa, yaratmağa həvəsləndirir.

Görüşdən sonra Həsən Zeynalov və iki nəfər vəzifəli şəxs gecə saat 2-ə qədər Məmmədlə söhbət etdilər.

13 mart – Türkiyə səfərindən imtina edib birinci reyslə Bakıya qayıtmalı olduq. Qonaq evindən çıxanda sürücü dedi:

– Möcüzə idi

– Nə, – soruşdum.

– Elə bu qar, yağışın yağması.

Elmira əlavə etdi:

– Məmməd müəllimin bir ayağı qar, bir ayağı yağış gətirdi. Görürsünüz, yola düşəndə də gün çıxdı, isti oldu.

– Çünki o özü də günəşdir! – dilləndi sürücü.

Öz böyük oğlunu yola salan İlanlıdağ yenə də fikirli idi. Pıçıldadım:

Bəlkə bu yerlərə bir də gəlmədim

Salamat qal, İlanlıdağ, salamat…

28 mart – Əlimə iki misra düşdü:

Dirənəsi yoxuşu yarımçıq qalar

Ölənəcən yaşamağı bacarmasaq.

Və əlavə bir misra:

Var ol səni, öz torpağım.

Bazar günüdür, Məmmədin danışığı bir az yaxşılaşıb, fürsətdən istifadə etdim:

– Məmməd, “Sevgi nəğməsi” kitabını vərəqləyəndə gördüm ki, İsmayıl Soltan kitabın redaktorudur, nə əcəb?

– O, mənimlə çox fikirlərdə razılaşırdı. Sülhlə, davasız, bir-birimizə təzyiqsiz işlədik. Ancaq kitabım çıxanda İsmayıl artıq ölmüşdü. Kitabın əlyazmasını oxudu və mənə qaytaranda dedi:

– Vallah, sənin şeirlərindən qan iyi gəlir. Siz cavanlar heç bir qorxu bilmirsiniz. Biz şeir yazanda elə bilirdik ki, insanın çiynində əyləşən mələklərdən biri senzurdu, nə yazdığımız haqqında həmin saat Mircəfər Bağırova xəbər verir.

– Mərhum Əhməd Cəmillə də bir yerdə işləmişik. Sənə demişəm, mən şöbə müdiri olanda o da baş redaktor idi. Bir dəfə ondan soruşdum:

– Əhməd müəllim, nədən qorxursunuz? İndi olsa da cəsarətli şeirlər niyə yazmırsınız? Ta Stalin, Mircəfər yoxdur. Axı siz belə şeirlər yazmağa qadirsiniz.

Sualımdan o, tutuldu, sonra cavab verdi:

– Məmməd, axı biz hər şeydən əvvəl kommunistik, MK bizə nə deyər? Elə partiyalı şeirlər cəsarətli şeirlər deyilmi? Siz  cavanlar cəsarətli şeir nəyə deyirsiniz?

29 mart – Dünənki danışığını davam etdirə bilərsənmi?

– Əl çəkmirsən, nə danışım, o qədər xatirələrim var ki… Görünür onlar mənimlə qəbirə gedəcək.

– Niyə danışmırsan? Mən ki sənin gizli xatirələrinə toxunmuram. O xatirələrə aid deyirəm ki, can sənin, cəhənnəm Tanrının.

– Yaxşı danışım… Yadındamı bir neçə il bundan əvvəl, hələ sovet höküməti dağılmamışdan Nəbatət institutunda mənimlə görüş keçirirdilər. Xəlil də bütün görüşlərdə çağrılmasa da iştirak edərdi. O gecədə də Xəlil kəskin çıxış elədi. Rus şovinizmini biabır elədi. Həmişəki kimi yenə də dedi ki, qardaşlar, cərgələrinizi sıxlaşdırın, sarıları aramızdan qovmaq lazımdır. Gördüm ki, yanımda oturanlar qorxuya düşüblər, rəngləri dəyişib. Qulağıma pıçıldadılar, Məmməd, xataya düşəcəyik,  dedilər. Cavab verdim ki, qorxmayın, Xəlil bu sözləri 30 ildən artıqdır ki, deyir...

2 aprel – Mürsəl adlı bir adam peyda oldu və Məmmədi masajla nisbətən yaxşılaşdıracağını söylədi. Özümüzü onun vədlərinə inandırmağa çalışdıq. Kəlbəcərlilər haqqında veriliş idi. Bir nəfər dedi ki, Məmməd Araz yoldaşı ilə 1968-69-cu illərdə Kəlbəcərdə istirahət edirdi və şeirlərinin çoxunu da Kəlbəcərdə yazıb.

8 aprel –  Məmməd həvəslə danışmağa başladı:

– Mənim “Səba yeli” şeirim “Azərbaycan” jurnalında təzəcə çap olunmuşdu. Yazıçılar İttifaqının qarşısına yenə də qeybətə yığışmışdılar. İsmayıl Şıxlı da gəldi və mənə yanaşıb dedi, səni təbrik edirəm, Məmməd və   jurnalı açıb oxudu:

Gözlərindən  çıxan qığılcımı,

Göylər ulduz edib kəhkəşanında.

Və əlavə etdi, bax bədii təfəkkür budur.

11 aprel – Axşam bir neçə nəfər qonağımız oldu. Aralarında Araz Elsəs də vardı. Rövşən söhbətə başladı:

– Məmməd müəllim, mənim yaxşı dostlarım vardı. Abbas Zamanov, Mirəli Seyidov və s. Abbas müəllimdən, necəsən, soruşanda həmişə cavabı bu olardı – dəmir kimi. Həmin söz məni tutdu. Haqqında sənədli film çəkirəm. Abbas müəllim kiçik yaşlarından kənddən çıxıb. Ata-anası o, kənddən çıxanda qoltuğuna bir xoruz veriblər, deyiblər, bala, olanımız budur, istəyirsən ac olanda kəs, ye, ya da sat. Başqa kömək edə bilmərik. Abbas müəllim belə oxuyub, özü də cəsarətli adam olub. Sonra dedi ki, Turan Cavidlə də bir yerdə Cavidin “İblis”ini işləyirik. Çox ağır çəkilir, elə Cavidin taleyi kimi gedir. Sizin haqqınızda da fikirləşmişəm. Sizinlə tez-tez görüşməliyəm ki, mövzunu tapa biləm.

Sonra gətirdikləri “Bəsdir, ağlama” filminə baxdıq. Dəhşətli filmdir. Elman, hətta, filmi gürcülərin “Otes soldata” filminə oxşatdı.

15 aprel – Araz Elsəs səhər verilişlərində oxuyurdu. O belə dedi:

– İndi Norveçdə yaşayıram. Bakıya gələn kimi böyük şairimiz Məmməd Arazın görüşünə getdim. Yaman həyəcanlı idim. O kişini yaxından görə bilərmişəm.

Verilişin aparıcısı Zöhrə xanım soruşdu:

– İki Araz görüşdünüz, eləmi?

– Bəli, şairin əlindən öpmək şərəfi mənə qismət oldu.

Axşam Zərifə xanım Əliyevaya  həsr olunmuş veriliş gedirdi.  Biri şeirini rusca oxudu. Məmməd dedi:

– Respublikalarda yaşayan rus şairləri şair ola bilmədilər. Zaytsev yadına gəlirmi, rus şairi?

– Hə, cavanlıqda tez-tez səndən adını eşidirdim.

– Mənim də şeirlərimi tərcümə edib. Deyirdi, küçəyə çıxıram qulağım rus səsi eşitmir, yazdıqlarım da olur sətri tərcümə.

Rusca yazan başqa xalqların şairlərindən Tvardovskinin zəhləsi gedərdi. Deyərdi ki, rus şairi mənəm, onlar öz dilində yazıb, öz xalqının şairi olsun. Mixail Svetlovu tərcümə etmişəm. Şeirləri neytraldır, şeirlərində rus şovinizmi də yoxdur, torpağına hədsiz məhəbbət də. Çünki yevreydir, yevreylər rusca yazsa da hiss etdirirlər ki, onun qanı yevrey qanıdır. Rusca yazan  bir yevrey öldü, əsərləri də onunla ölür.

17 aprel – Kitabın arasından Naxçıvanla bağlı iki məktub çıxdı. Bu məktubları naxçıvanlı Vaqif bəylə (şair), ayrı bir qız Naxçıvanda mənə vermişdilər. 12 mart Naxçıvandakı görüşdə Vaqif belə çıxış etmişdi: Lap cavan yaşlarda Məmmədə Məmməd əmi deyirdik. Məmməd əmi, bu gecə sizin 68-ci ildə mənə yazdığınız məktubunun surətini indi sizə təqdim edirəm.

Məktubun məzmunu belə idi:

“Hörmətli Vaqif!

Səmimi salamlar, zəhmət çəkib mənə məktub yazdığınıza görə təşəkkür edirəm, ancaq gec cavab yazdığım üçün üzr istəyirəm, çünki burada yox idim. İndi də bir qədər xəstəyəm və müalicə ilə məşğulam. Sizə dediyiniz şeirləri göndərə bilmirəm. Onu deyim ki, həmin şeirlər və başqa yazılarım “Ömür karvanı” adlı kitabımda bu yaxınlarda çapdan çıxıb. Yəqin ki, Naxçıvana gəlib çıxar. Sonra qismət olsa həmin kitabı avtoqrafla sizə verərəm. Hələlik: Məmməd İbrahim

                     Bakı. 7. 2. 68”

O biri oxucunun Məmmədə verdiyi məktub isə şeirlə başlanmışdı:

      Baş əyirik Məmməd Araz böyüklüyü önündə biz,

      Zəhmətindir, qürurundur, bu müstəqil dövlətimiz.

Yaşa xalqım, Azərbaycan

   Vətən oğlu Məmməd Araz.

 Zaman səndən ötüb keçdi

 Sən zamanla qocalmadın.

  Dərdlər əydi vaxtsız səni-

                  ürəyinlə bacarmadın.

                 Min taleyə boyun əydik, Araz boyu

                    Kədər səpdin öz ömrünə ömrün boyu.

 Ulu torpaq!

  Doğma diyar, ayağa qalx!

                                  Azərbaycan, Ana Vətən! – ayağa qalx!

                                                 Bəşəriyyət elim-obam,

                                  Qızım-oğlum, anam-bacım, ayağa qalx!

                                                 Vətən oğlu – vətəndədir

          Məmməd Araz – vətəndədir

     Məmməd Araz varlığı ilə

                                                 Nəfəsimdə, səsimdədir.

                                                 Sevinc yaşı gözlərimdə,

      Sevgim bitməz ürəyimdə.

        Məmməd Araz görüşündə,

      Bütün dünya mənimlədir!

    Azərbaycan mənimlədir!

Dahi şəxsiyyət! – ulu nəsldən bəşəriyyətə bir varlıq gətirən Vətən oğlu!

Doğma torpağımızın müqəddəs, unudulmaz, yenilməz qürurlu şair oğlu, Məmməd Araz! Bu ad sənətsevərlərin, vətənsevərlərin ürəyində daim var olan, düşünən, qürur duyan, fərəh hissi ilə yaşanan bir addır.

Ən gözəl nəğmələrin səsində dinləyirik bu adı, ən şirin laylaların mürgüsündə duyuruq bu əziz, bu doğma Vətən oğlumuzun adını!

Yazı burada bitir. Çalışıram həmin məktub verilən anı yadıma salam. Bu bizə ramkada özünün çəkdiyi şəkli verən qız idimi. Yadıma sala bilmədim. Bu yadıma düşdü:

Bir qadın görüş qurtarandan sonra mənə yaxınlaşdı və ucadan dedi: – Xoşbəxt qadınsan!

Hansı mənada, bilmədim. Nə isə… keçmişə qayıtdım.

19-20 aprel – Yenə də yarımçıq misralar əlimə keçdi:

Çoxdandır qaralmır ağ varaqlarım

Söz ilə üz-üzə oturmaq çətin.

– Yarımçıq misralar deyib dad qılırsan. Söz hər qələmin çağrışına  səs verib, hər varağa ayaq qoymur. Söz qolu qatlanmaz gücdür, ilahi bir varlıqdır. Söz Füzuli sözüdür, Sabir sözüdür. Sabir baba hansı mövzuya əl atıbsa, onu əlçatmaz edib. Yurdumuzda nə qədər söz abidələr yaranıb. Onlardan sonra təzə söz demək çox çətindir.  Füzuli gör nə deyib, necə deyib:

              “Kimi kim bivəfa dünyada gördüm – bivəfa gördüm”…

Allah, Allah, sözün tutumuna, fikrin yükünə bax. Adi görünən bu deyiliş nə qədər qeyri adidir.

Bədii söz bəşərin ixtirasıdır. Məncə, sözdən uca zirvə yoxdur.

Mən demişəm: “Azərbaycan deyiləndə ayağa dur ki!”

– Sənətin ayağa durğuzmaq vəzifəsi çox mürəkkəbdi, çətindi. Bu, o zaman olur ki, sənət dili qeyri-adi danışıq dilini elə cilalayır, elə yöndəmə salır – daş yerindən tərpənir, çay nəğməsini kəsib sənə qulaq asır, ürək eşidir, beyin görür, göz danışır...

Bütün ağrıları, dəhşətləri gərək düz yazasan. Poeziya yalan sevmir, ən yüksək “bədii” yalan belə çılpaq həqiqət önündə duruşunu itirir.

Həyat heç vaxt istedadın yoluna xalça, kilim döşəmir. Çox vaxt mərmərlə üz-üzə gətirib “yar – keç” deyir. Əsil ədəbiyyat həmişə öz zamanında da müasir olmuş, dövrünü sənətin süzgəcindən keçirib dövrünə  göstərmişdir.

Ədəbiyyat tarix olandan sonra onu varaqlayan əsrin adamı birinci növbədə öz zamanını necə əks etdirdiyini həmin ədəbiyyatdan soruşacaqdır. Poeziyanı yalanın köləsinə döndərmək istəyən müəllifdən  səmimi və təbii şer hürküb qaçır, ilham didərgin düşür…

Bu günün poeziyasında bu gün olur.

Nə yaxşı, Məmməd, axır vaxtlar mənimlə söhbətlərin yaman tutur…

A.Blok demiş: “…Şairə hər şeyi bağışlamaq olar, zamanın ruhunu təhrifdən başqa…”

Rejissor Rövşən Almuradlı Naxçıvanda çəkilən kadrlara baxıb oradan heç nə götürə bilməyəcəyini söylədi:

– Gülxanım bacı, mənim beynimdə çox şey hazırdır. At üstündə, yarıçılpaq, gözləri işıldayan bir uşaq götürmək istəyirəm. Dağdan qırmızı almalar üzü aşağı töküləcək. Qəribə bir şey olacaq və mayın 15-dən çəkməyə başlayacağam. Əlimdə Abbas Zamanovun filmi var.

Ürəyimdə yalan olmasın, dedim…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…