Xırdalan şəhərində nəqliyyat sıxlığını azaltmaq və əsas magistrallara çıxış imkanlarını genişləndirmək məqsədilə iki yol layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Tezadlar.az -a verilən məlumata görə, layihələr “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.
Bildirilib ki, birinci layihə çərçivəsində yeni tunel və əlaqələndirici yolların inşası, mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bununla şəhərin M-1 və M-4 magistral avtomobil yolları ilə əlaqələri genişləndiriləcək, Xırdalanın müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.
İkinci layihə M-4 magistralından Xırdalanın mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Bu istiqamətdə yeni tunel və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.
Agentliyin məlumatına görə, şəhərdən keçən dəmir yolu xətti Xırdalanı iki hissəyə ayırır. Mövcud keçidlərin məhdudluğu sürücülərin daha uzun məsafə qət etməsinə, bəzi küçələrdə sıxlığın yaranmasına və magistrallara çıxışın çətinləşməsinə səbəb olur.
Qeyd edilib ki, layihələrin əsas məqsədi Xırdalan sakinlərinin gündəlik gediş-gəlişini asanlaşdırmaq, hərəkətin rahatlığını və təhlükəsizliyini artırmaq, şəhərin nəqliyyat infrastrukturunu müasir tələblərə uyğun inkişaf etdirməkdir.







