Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurulmamasına çağıran professor Gəncliyə Yardım Fondundakı görüşün adi və təbii olduğunu bildirib? Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri zamanı Gəncliyə Yardım Fondunda keçirdiyi görüşlə bağlı Azərbaycan mediasında yayılan yazılara münasibət bildirib.
Tezadlar.az xəbər verir ki, Attar sosial şəbəkədə paylaşdığı fikirlərində görüşün adi xarakter daşıdığını vurğulayaraq, bu hadisə ətrafında şübhələr yaratmağa və müxtəlif fərziyyələr əsasında xəbər hazırlamağa etiraz edib.
“Ay camaat, bu, son dərəcə normal bir görüşdür. Tamamilə təbii bir görüşdür. Əgər həmin tarixdə Bakıda olsaydım, mən də hörmətli xarici işlər nazirimizlə və dövlət rəsmilərinizlə görüşərdim. Üstəlik, dostlarımız bu görüşü öz sosial media səhifələrində də paylaşıblar. Belə məsum bir görüş üzərindən müxtəlif spekulyasiyalar apararaq xəbər hazırlamaq ayıbdır. Bu, qəbuledilməzdir” – professor bildirib. Attar Azərbaycan mediasına müraciət edərək, məsələyə yanaşmada daha təmkinli olmağa çağırıb.
“Kraldan çox kralçı olmayın. İran və Rusiya kəşfiyyatının meydan suladığı bir vaxtda səsiniz çıxmır, Türkiyə məsələsi ortaya çıxandamı həssaslığınız artır?” – o, fikirlərini davam etdirib.
Professor Türkiyədə 50 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını xatırladıb. Onun sözlərinə görə, azərbaycanlı gənclər təkcə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə deyil, Türkiyənin 81 müxtəlif bölgələrində də fəaliyyət göstərirlər. Attar ehtimal edib ki, Türkiyədə həmin tələbələrlə bağlı şübhə yaradan xəbərlər yayılsa, bu, ictimai münasibətlərə mənfi təsir göstərə bilər.
“Empatiya qurun və özünüzü kiməsə xoş göstərmək naminə iki ölkə arasındakı münasibətlərə zərər vurmayın!” – o, vurğulayıb. Aygün Attar Hakan Fidanın şəxsiyyəti və fəaliyyəti ətrafında mübahisələrin aparılmasını da sərt tənqid edib. O, 44 günlük Vətən müharibəsi zamanı Fidanın roluna diqqət çəkərək yazıb:
“Hörmətli Hakan Fidan və sair üzərindən müzakirə aparmaq, ən yumşaq ifadə ilə desək, həddini aşmaqdır. 44 günlük müharibə zamanı bu xəbərləri hazırlayanlar evlərində yatarkən günlərlə yatmayan bir insandır Hakan Fidan”.
Attar paylaşımının sonunda tərəfləri gələcəkdə üz-üzə gələndə peşmanlıq doğuracaq addımlardan çəkinməyə çağırıb: “Elə davranaq ki, sabah qarşı-qarşıya gələndə utanmayaq”.
Hakan Fidanla bağlı ittihamlar nədən qaynaqlanır?
Aygün Attarın açıqlaması Hakan Fidanın Gəncliyə Yardım Fondunda keçirdiyi görüş ətrafında yaranan mübahisələr fonunda səslənib.

Oktyabrın 17-də yayımlanan bir Azərbaycan mediası materialında görüşün məqsədi ilə bağlı suallar qaldırılıb. Həmin yazıda Fidanın görüş zamanı müəyyən təlimatlar verdiyinə dair iddialar irəli sürülüb. Eyni zamanda, Gəncliyə Yardım Fondunun Türkiyə kəşfiyyatı ilə əlaqəli olduğu, “yumşaq güc” formalaşdırmağa, nüfuz agentləri yetişdirməyə və məlumat toplamağa xidmət etdiyi iddia edilib. Materialda bu mülahizələr 2025-ci ildə Fidanın Türkiyə Böyük Millət Məclisinin sədrinə göndərdiyi bildirilən məktubla da əlaqələndirilib.
Aygün Attar kimdir?
Aygün Attar 1962-ci ildə Azərbaycanın Qubadlı rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib, tarix üzrə elmi fəaliyyətini davam etdirərək professor dərəcəsi alıb. O, Türkiyənin Girəsun Universitetində rektor müavini, fakültə dekanı və 2012–2016-cı illərdə rektor vəzifələrində çalışıb.
Attar Türkiyə-Azərbaycan münasibətləri, Qafqaz tarixi, türk-erməni münasibətləri və geosiyasət üzrə araşdırmaları ilə tanınır. O, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəridir. 2021-ci ildə Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib.
Attarın son açıqlaması Türkiyə-Azərbaycan münasibətlərinin həssas olduğu bir dövrdə mediada yayılan iddiaların necə qiymətləndirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Məsələnin mahiyyətini müəyyənləşdirmək üçün həm görüşün real məqsədi, həm də irəli sürülən ittihamların sübut bazası aydınlaşdırılmalıdır.







