Tanınmış tarixşi alim Solmaz Rustamova-Togidi xanım yazır:
– Son günlər hicab və digər məsələlər üzündən Türkiyə və Azərbaycan arasında baş qaldıran, xüsusilə türklərin Azərbaycanın çətin vaxtlarında ona dəstək olması ətrafında qalmaqal doğuran müzakirələr deyəsən artıq tarix müstəvisinə də keçib. 1918-ci ilin mayında İrəvanın ermənilərə güzəştə gedilməsi mövzusu bu dəfə artıq Cümhuriyyət liderlərinin deyil, Osmanlı Türkiyəsinin “qardaş xəyanəti” ibarəsi ilə təqdim olunur. Bu yazının çox hörmətli müəllifini yaxşı tanıyıram, peşəkar kartoqrafdır, birgə layihələr üzərində işləmişik, düzü məhz onun bu mövzuya müraciət etməsinə təəccübləndim, yazısını bölüşən saytlara sözüm yox…
Oxucularım İrəvanın güzəşti, xüsusilə bu güzəştin “satqınlıq, xəyanət” adlandırılması və birmənalı şəkildə Cümhuriyyət xadimlərimizin günahlandırılması məsələsinə mənim nə qədər prinsipial, həssas yanaşdığımı yaxşı bilirlər. Bu hadisənin bilərəkdənmı ya yox, istənilən halda təhrif edilməsi, ayrı-ayrı tərəflərinin tarixi kontekstdən çıxarılaraq konyunkturaya uyğun işıqlandırılmasına qarşı həmişə çıxış etmişəm. İndi, sanki “sakit” olmalıyam, çünki ilk baxışda haqq öz yerini tapıb, bu güzəştin əsil “sifarişçiləri” adları ilə göstərilib. Amma yenə narahatam. Ən əvvəl bu yazının məhz indi, Türkiyə və Azərbaycan arasında münasibətlərin son dərəcə gərginləşdiyi bir zamanda ortaya gəlməsi elmi-tarixi həqiqətin aydınlaşması deyil, əksinə, ortada qalanan alova odun atmaq təsiri bağışlayır. Həm də məsələnin bir qütbündən o biri qütbünə varmaq, yenə də “günahkarlara” və onların “günahına” birtərəfli baxmaq təşəbbüsü edilir. Bu zaman həmin “güzəştdən” əvvəl və sonra baş verən hadisələr göz ardına vurulur, onu doğuran “səbəbin” əsas yekununun tarixi əhəmiyyəti isə gözdən salınır.
“BAKININ AZADLIĞI İRƏVANDAN KEÇİR”
Elə isə həmin tarixə qayıdaq. Bəli, 1918-ci ilin mayında Osmanlı dövlətinin nümayəndə heyəti ilə Batumda danışıqlar aparan Azərbaycan Nümayəndə heyətinə “bölgədə sülh” yaradılması məqsədilə ermənilərə paytaxt olaraq məhz İrəvanın güzəştə gedilməsi təklif olunmuş, həmin danışıqları aparan M.Ə.Rəsulzadə və M.H.Hacinskinin razılaşmayaraq İrəvan əvəzinə Gümrünün güzəşti təklifi də qəbul edilməmişdir. Azərbaycan heyəti çox ağır seçim qarşısında qalmışdır. Çünki həmin vaxt yeni yaranan Azərbaycan Cümhuriyyətinin paytaxtı kimi nəzərdə tutulmuş Bakı şəhəri və qəzası, həmçinin Şamaxı, Göyçay, Quba, Ərəş, Cavad və Lənkəran qəzalarının daxil olduğu bütün Bakı quberniyası, eləcə də Yelizavetpol (Gəncə) quberniyasının bir hissəsi artıq erməni daşnak-bolşevik nizami qüvvələri tərəfindən işğal edilmiş, əksər bölgələrin əhalisi qaçqın halına düşmüş, ermənilərin artıq ağalıq etdikləri İrəvan və Zəngəzur torpaqlarından da on minlərlə müsəlman əhali Qarabağ-Gəncə qəzalarına pənah gətirmişdi. Ölkəni qarət və talanlar, aclıq və epidemiya dalğası bürümüşdü. Bu son dərəcə çıxılmaz vəziyyətdə ölkə ərazisinin bütövlüyü və xalqın varlığı üçün məsuliyyəti öz üzərinə götürmüş Azərbaycan milli qüvvələrinin yeganə ümidi Osmanlı dövlətinə idi (xüsusilə Bakı quberniyasındakı kütləvi qırğınlardan və Zaqafqaziya Seyminin fəaliyyətsizliyindən sonra). Bu dönəmdə Azərbaycanın nicatı məhz Osmanlı qoşunlarından asılı idi. Bu qoşunların baş komandanı isə Rəsulzadəni barmağı ilə təhdid edərək “Bakının azadlığı İrəvandan keçir” – deyə qarşıya bir şərt-ultimatum qoymuşdu.
Az sonra Fətəli xan Xoyskinin “acı tarixi zərurət” adlandıracağı bu danışıqların sonluğu məlumdur. Onsuz da əldə olmayan İrəvan, yaxud əldə olunacağına ümid edilən Bakı seçimi qarşısında, təbii ki, paytaxt Bakı və Azərbaycan!
Bəs niyə İrəvan? Türk komandanlığı niyə güzəşt üçün məhz bu şəhəri təklif edirdi? Burada tarixçilərimiz çox vaxt görməzdən gələrək Türk Komandanlığının bu seçimini əsaslandıran faktların üstündən keçirlər. Hərçənd məlumdur ki, Rusiyanın I dünya müharibəsindən çıxması və Qafqaz cəbhəsindən də çəkilməsi nəticəsində yaramış fürsətdən istifadə edən Osmanlı qoşunları vaxtilə itirdikləri əraziləri geri qaytarmaq üçün bu istiqamətlərdə hücuma keçmiş, müqavimət göstərən erməni hərbi və könüllü qüvvələrini məğlubiyyətə uğratmış, Ərzincan, Ərzurum, Sarıqamış, Qars və Gümrünü azad etmiş, lakin Sərdarabad (İrəvan ətrafı) uğrunda döyüşləri uduzmuşdular. Gümrünü aldıqdan sonra iki – Qarakilsə və Sərdərabad istiqamətlərində hərəkət edən və əsas hədəfi məhz İrəvan şəhərini almaq olan Osmanlı qoşunları burada güclü müdafiə mövqelərinə malik, 4 il I dünya müharibəsi cəbhələrində vuruşmuş, təcrübəli generalların başçılıq etdiyi nizami erməni korpusunun güclü müqaviməti ilə qarşılaşmış və 1918-ci il 1-26 may tarixlərində baş verən ağır döyüşlərdən sonra geri çəkilməli olmuşdular. Tarixlərə fikir verin. İrəvana hakim olmaq ermənilər üçün heç olmasa bu ərazilərdə öz dövlətlərini qurmaq yolunda ölüm-dirim məsələsi idi və Sərdarabad döyüşünü udmaqla onlar hərbi baxımdan da buna nail oldular. Belə ki, ermənilərə güzəştə gediləcək ərazilərdə demoqrafik baxımdan artıq əhalinin nisbətini çoxdan öz xeyirlərinə dəyişmişdilər: 320 min əhalinin 230 mini – erməni, 80 – mini azərbaycanlı, qalanı digər millətlər! Şəhərdə və bölgədə hakimiyyət erməni hərbçilərinin və erməni milli qüvvələrinin əlində! Qeyd olunmalıdır ki, ermənilər bu “güzəşt” söhbətini qəbul etmir və bütün bu bölgəni öz tarixi əraziləri sayırdı.
Vəziyyətdən tam hali olan Azərbaycan tərəfi İrəvan uğrunda döyüşləri uduzmuş və azərbaycanlılardan da “İrəvana iddialardan əl çəkməyi” tələb edən türklərin qarşısında hansı əsasla “İrəvan davası” qaldıra bilərdi? Azərbaycanlı nümayəndələrin ermənilərə “Gümrünün güzəşti” təklifi də öz dövlət maraqlarını daha üstün tutan Osmanlı üçün heç bir baxımdan qəbuledilən deyildi. Artıq İrəvanı qəsb etmiş və üstəlik xüsusi strateji əhəmiyyətə malik Gümrünü paytaxt kimi tələb edən ermənilərə türk əsgərinin qanı bahasına əldə edilmiş bir şəhəri güzəştə getmək? Hansı məntiqlə ?
Türklər yalnız bir neçə aydan sonra, I dünya müharibəsində məğlubiyyətlərinin etirafı və Mudros sazişi əsasında tutduqları əraziləri, o cümlədən Gümrünü tərk edəcəklər və bu şəhər Ermənistanın tərkibində qalacaq. Digər keçmiş türk ərazilərinin taleyini isə daha bir neçə ildən sonra Mustafa Kamal paşanın qoşunları həll edəcək.
Amma bütün bu hadisələrə tarixi kontekstdə baxılarsa Azərbaycan dövlət xadimlərinin həmin dövr mövcud obyektiv şərtlər qarşısında “acı zərurətdən” çıxış edərək yeganə düzgün qərar qəbul etdikləri danılmazdır. Osmanlı ordusu da öz vədinə əməl etdi. 1918-ci il iyul-sentyabr aylarında Azərbaycanın işğal altında olan torpaqları, paytaxt Bakı da daxil, azad olundu. Nuru paşanın dəstəsi az sonra Qarabağda erməni separatçılarının da dərsini verdi, qiyamlarını yatırtdı və bölgədə Azərbaycan hakimiyyətini bərqərar etdi.
Bəlkə də ilkin nəticələri almaq və mövzunu burada bitirmək olardı. İlkin nəticə birmənalıdır: Qafqaz İslam Ordusu olmasa idi, Azərbaycanın İstiqlal Bəyannaməsi çox yəqin ki, elə kağız üzərində tarixi bir səhifə olaraq qalacaqdı. Azərbaycan torpaqlarının Rusiya, Ermənistan və Gürcüstan dövlətləri arasında bölünməsi, xalqının isə qismən qırılaraq, qalanıarının bu dövlətlər tərkibində milli azlığa çevrilməsi planları məlumdur və bu planlar əməli şəkildə artıq həyata keçirilirdi. Bu baxımdan Bakının alınmasında Qafqaz İslam Ordusunun həlledici əhəmiyyətini danmaq, həmin döyüşlərdə qan tökmüş, can vermiş türk zabitinin, türk əsgərinin rolunu kiçiltmək ən azı ədalətsizlikdir. Hadisələrin kökünü yaxşı bilər, lakin faktlarla manipulyasiya edən tarixçiyə isə heç bağışlanmaz.
RƏSULZADƏ: “BAKI AZƏRBAYCAN ADINA ALINMALIDIR”
Burada mənə oluna biləcək etirazları görürəm. Osmanlı qoşunlarının Bakını və işğal altında olan torpaqlarımızı heç də Azərbaycana görə deyil, sonradan Osmanlı dövlətinə birləşdirmək və hələ xəyallarda qurulan Turan birliyini yaratmaq niyyəti ilə azad edildiyi elə sözü gedən yazıda da iddia olunur. Bu söhbətlərin əsası varmı? Var! Cümhuriyyət xadimlərinin Osmanlı rəhbərlərinin bu niyyətlərindən xəbərləri vardımı ? Vardı! Amma… Əgər sənin ölkənin, torpağının və xalqının taleyi bu gün çıxaracağın qərardan asılıdırsa ağıllı, uzaqgörən, çevik düşüncəli siyasi xadim, dövlət başçısı nə edir? Yenə də ən düzgün qərarlar çıxarır. 1918-ci ilin yayında İstanbulda Sultan VI Mehmet, Əhməd Paşa və d. Osmanlı rəhbərləri ilə mütəmadi görüşən, Azərbaycana hərbi yardım göstərilməsi üçün hər cür lütf və təşəkkürlərdən çəkinməyən M.Ə.Rəsulzadə eyni zamanda Bakıya, Fətəli xan Xoyskiyə yazdığı məktublarda: “Bakı alınmasa, əlvida Azərbaycan!” kimi nalə ilə yanaşı, “Bakı Azərbaycan adına alınmalıdır!”, “Hamı fakt qarşısında qoyulmalıdır”, “Bakıya birinci Azərbaycan ordusu, Azərbaycan hökuməti girməlidir” – kimi xəbərdarlıqlar edirdi.
Məqsədə nail olundu və Bakı Azərbaycan dövlətinin paytaxtı oldu.
Bununla belə Azərbaycan, öz dövlət adamından başlamış xalqın sıravi nümayəndəsinə qədər dar ayaqda onun köməyinə gəlmiş və əlindən tutaraq yerdən qaldırmış bir dövlətə, onun sərkərdəsinə və əsgərinə minnətdar, şükürlü olmağı bacarmışdı. Bakının azad olunduğu günlər, daha sonra türk qoşunları Azərbaycanı tərk edərkən Nuru paşanın şərəfinə verilən təntənəli ziyafətlərdə səslənən səmimi çıxışları dönə-dönə oxuyun. Nuru paşa Batumda həbs edilərkən Gəncə oğullarının öz həyatlarını təhlükəyə qoyaraq onu həbsdən qaçırması da bu sıradandır. Qafqaz İslam ordusuna, onun komandanına guya qızılla pul ödənilməsi kimi yalanların qarşısında Osmanlı dövlətinin və ordusunun ehtiyacları üçün göndərilən neft də Cümhuriyyət dövlətinin varlığı və yaşaması müqabilində heç bir hesaba gəlməzdi.
Osmanlıya birləşmək “təhlükəsindən” danışarkən bunu da unutmayaq ki, İstiqlalçı cümhuriyyətçilər “İrəvan” acısından sonra, yeni qurulan Azərbaycan dövlətçiliyi üçün daha bir ağır “acı, zərurət” yaşamışdılar. 17-18 iyun 1918-ci il Gəncə böhranı! İstiqlaldan İmtina, Osmanlı dövlətinə İlhaq (birləşmək) tələbi!

Bu şərtlər artıq Gəncədə oturmuş Nuru Paşa tərəfindən deyil, onun mülki işlər üzrə müşaviri, görkəmli azərbaycanlı xadim, mütəfəkkir, siyasi türkçülüyün banilərindən biri və artıq o vaxtlar taleyini Türkiyə ilə bağlamış Əhməd bəy Ağayev və onu dəstəkləyən onlarla tanınmış şəxslər (ki, aralarında İstiqlal bəyannaməsini imzalayanlar da vardı) tərəfdən səslənmişdi. Ən müxtəlif səbəblərdən Azərbaycanın müstəqil yaşaya biləcəyinə inanmayan bu çoxsaylı kütlə hələ 1918-ci il mart ayında Zaqafqaziya Seymi ilə Osmanlı dövləti arasında gedən Trabzon danışıqlarının gedişində Osmanlıya birləşmək haqda minlərlə imzalar toplayaraq öz elçilərini Trabzona göndərmişdi. İndi bizim bəzi üzdəniraq tarixçilərin Cümhuriyyət xadimlərinə şər, böhran kampaniyası gedişində – “İrəvanın verilməsi ilə bağlı referendum keçirilmədiyi” kimi sərsəm iddialarına cavab olaraq həmin imzalı “xahişləri” və ilhaqçıların mövqeyini cavab kimi irəli sürmək mümkündür.
Əksəriyyəti işğal altında girov, yaxud qaçqın halında yaşayan Bakı quberniyası əhalisindən fərqli olaraq, əsasən Gəncə və nisbətən Qarabağ əhalisinin siyasi-ictimai fəal qisminin Osmanlı dövlətinə ilhaq olunmaq arzusu “ictimai rəyin” təzahürü sayılarsa, cəmi 4 aydan sonra müharibədə məğlub tərəf kimi tutduğu əraziləri tərk etməyə məcbur olan türk ordusu Azərbaycandan çıxandan sonra bu torpaqların və nə Mili Şurası, nə Hökuməti olmayan azərbaycanlıların taleyini təsəvvür etməyi bir daha həmin tarixçilərin və 1918-ci il olaylarını “türk oyunları” adlandıranların insafına buraxıram.
Bu deyilənlərdə bir həqiqət danılmazdır ki, Azərbaycan Cümhuriyyəti timsalında dövlətçiliyimiz birmənalı olaraq M.Ə.Rəsulzadə, F.x.Xoyski, N.b. Yusifbəyli, H.b. Ağayev, Ə.M.Topçubaşov, M.Y.Cəfərov, Ş.b.Rüstəmbəyov və onların istiqlalçı həmməsləklərinin xidmətidir!!! Dövlətçiliyimiz – ən ağır şərait və şərtlər daxilində düzgün qərarlar verən, müəyyən güzəştlər hesabına perspektiv nəticələri hədəfləyən və onlara nail olan bu Böyük Kişilərin nailiyyətidir. Amma bütün bu tarixi yolda onların ümid etdiyi və sığındığı bir ölkə də olmuşdur. Osmanlı dövləti və Türkiyə Cümhuriyyəti! İlk dövlətimizin işğalından sonra milli xadimlərimizin əsasən hansı ölkədə sığınacaq tapdıqlarını, onların məzarlarının da hansı torpaqda olduqlarını da unutmayaq!
Unutqanlıq, keçmiş şərəfli və ya mübahisəli tariximizi günün siyasi gedişatları fonunda təftiş etmək, kimin kimə hansı yaxşılıqları etdiyini bazar söhbətləri kimi ortaya gətirmək, bir-birindən hesab çəkmək bizim xalqlara, xüsusilə – minnətdar olmağı bacaran biz azərbaycanlılara heç yaraşmaz. Tarixçilər, alimlər üçün isə bu səviyyədə söhbətləri peşəkarlıq sınağı, vicdan və şərəf məsələsi hesab edirəm.
Bir tarixçi kimi mən əlbəttə ki, azərbaycanlıların da müxtəlif zaman kəsiklərində türk xalqının yanında olduduğunu bilirəm. Elə yaxın keçmişimizdə, hələ Qafqaz İslam Ordusundan daha əvvəl – 1912-1918-ci illərdə Osmanlı dövlətinin İtaliya, Balkan müharibələri və I Dünya savaşı illərində işğal zonalarında rus-erməni əsarətinə məhkum edilmiş türk əhalisinə “Qardaş köməyi” adı ilə verdiyi dəstəkdən yaxşı xəbərdaram. Amma bu tarixi mən bütün təfərrüatlarına qədər öz türk həmkarımın – Bətul xanım Aslanın çox mükəmməl tədqiqatından öyrənmişəm. Azərbaycan əhalisinin həmin illər hansı cəfalar və zəhmətlər bahasına öz türk qardaşlarına etdiyi təmənnasız maddi və mənəvi köməyin miqyasından qürur duymuşam, bu hadisələrin şahidi olmuş türkiyəli insanlardan tutmuş türkiyəli müəllifin azərbaycanlılara minnətdarlıq dolu sətirlərindən qəlbim riqqətə gəlib.
Nə gözəl ki, bu kitabı məhz Türkiyə tarixçisi yazıb!
P.S. Bətul Aslanın bu kitabı AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən Azərbaycan dilinə tərcümə edilib və nəşrə hazırlanır. Düşünürəm ki, kitab geniş ictimaiyyət tərəfindən Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasında tarixən mövcud olmuş sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin daha bir təsdiqi kimi qarşılanacaq…







