“Kiberhücum nəticəsində bir şəxsin adına onun xəbəri olmadan kredit rəsmiləşdirildikdə, komplayens tələblərinin pozulması bankın əleyhinə məhkəmə qərarının çıxarılmasına səbəb ola bilər”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin müavini Azər Abbasov deyib.
Onun sözlərinə görə, nəticədə bank maliyyə itkisi ilə üzləşir və komplayens sistemindəki boşluqların mövcudluğu əsas götürülərək müştərinin hüquqları məhkəmə tərəfindən müdafiə olunur:
“Bu, bank üçün hüquqi risk yaradır. Eyni zamanda, banka qarşı tətbiq olunan inzibati tədbirlər reputasiya riskinə də səbəb olur. Reputasiya riskləri isə bankın müxbir banklarla münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki əvvəldə qeyd etdiyim kimi, söhbət qlobal maliyyə sistemindən gedir.
Məsələn, banka tətbiq olunan inzibati cərimə yalnız birbaşa maliyyə itkisi demək deyil. Bu, gələcəkdə müxbir banklarla münasibətlər zamanı da əlavə suallar yarada bilər. Bankdan əvvəlki cərimələr, onların səbəbləri və komplayens sisteminin effektivliyi barədə məlumat tələb oluna bilər. Bu da bankın beynəlxalq maliyyə əlaqələrində çətinliklərə yol aça bilər”.
“Maliyyə Monitorinqi Xidməti olaraq gözləntilərimizdən biri də budur ki, dünyada sanksiya standartları dəyişir və aşağı məbləğli sanksiyalar artıq bir çox hallarda yetərli hesab olunmur. Müasir şəraitdə komplayens birbaşa gəlir yaratmasa da, potensial maliyyə itkilərinin qarşısını almağa kömək edir. Sanksiyaların məbləğinin əhəmiyyətli dərəcədə artması da komplayens tələblərinə əməl etməməyin maliyyə baxımından nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini göstərir”, – deyə o, əlavə edib.
fed






