Jurnalist hadisəni işıqlandırmağa gedir və 225 saylı məktəb direktorunun göstərişi ilə döydürülür… Azərbaycan Cinayət Məcəlləsinin 163-cü maddəsində konkret yazılıb:
“Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə) 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
– Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər”
İnzibati Məsuliyyət isə belədir:
“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olan fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 300 manatdan 500 manatadək cərimə olunur.
XXX
Belə hallar olduqda jurnalist aidiyyəti üzrə şikayət etməlidir:
-Jurnalistin qanuni peşə fəaliyyətinə maneçilik törədildiyi və ya hüquqları pozulduğu hallarda:
1. Baş verən hal ilə bağlı hüquq-mühafizə orqanlarına (prokurorluğa və ya polisə) müraciət edilə bilər.
2. Media haqqında qanunvericilik və peşə hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Mətbuat Şurası işə qarışmalı və ya məhkəmə müstəvisində hüquqi addımlar da atıla bilər!
Konkret halda isə, kadrlardan görünür ki, Real TV əməkdaşı təkcə döyülməyib, həm də döydürülüb. Özü də birbaşa direktorun tapşırıq və göstərişi ilə!
“Təzadlar”







