Cəlilabadda payızlıq kartof yığımı zamanı bəzi sahələrdə məhsuldarlığın aşağı olması bazarda qiymət dəyişiklikləri ilə bağlı narahatlıqları artırır. Əgər məhsul həcmi gözləniləndən az olarsa, bu, daxili bazarda kartofun təklifinə və qiymətinə təsir göstərə bilər.
Xüsusilə qış aylarında kartofun bahalaşması istehlakçıların tez-tez qarşılaşdığı problemlərdəndir. Bəs kartofun qiymətinin mövsümi artımına hansı amillər təsir edir? Yerli istehsal bazarın tələbatını ödəməyə kifayət edirmi və məhsuldarlığın azalması qiymətlərə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Tezadlar.az-a açıqlama verən iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib:
“Daxili bazarda qiymətin yüksəlməsi üçün ümumi məhsuldarlığın aşağı olması və ya ərzaq infylasiya ilə əlaqədardır.
Cəlilabad rayonu ölkənin ən böyük kartof tədarükçülərindən ola bilər, lakin bu bölgədə məhsuldarlığın az olması ümumi qiymətləri yüksəltməyə əsas vermir. Yuxarıda qeyd etdiyim ümumi istehsal həcmi ötən il ilə müqayisə olunmalıdır.
Tələb və təklif faktoru da qiymətə təsir edənlər sırasındadır”.
İqtisadçının sözlərinə görə, kartof ölkədə ikinci çörək sayılır. Hər bir Azərbaycanlı ailəsi üçün zəruri, gündəlik tələbat məhsulu da demək olar. Əvvəlki illərdə kasıb qidası, hətta vətəndaşların 20-30 kioqramla alıb stokladığı məhsul günümüzdə kilo, hətta ədədlə alınırsa, demək tələbat və qiymət yüksəlib.
G. Hüseynova əlavə edib ki, bazarı tənzimləmək məqsədi ilə idxal məhsul bazara daxil olsa da, vətəndaş idxal məhsulu alternativ seçim olaraq alır.
Dadı, tez bişən olması, təbii, gübrəsiz və ya az gübrəli olması baxımdan vətəndaş daha çox yerli məhsula yönəlir. Yerli məhsul Azərbaycan alıcısının maraqlarına, ağız dadına uyğun hesab olunur.
Təkcə kartof məhsulu yox, digər məhsullar da elə bu dəyərləndirmə çərçivəsindədir.
Dəniz Pənahova







