Əsas məzmuna keç

Yılmaz Özdil: “İsrail Azərbaycanla, Fələstin Ermənistanla müttəfiqdirsə…”

Türkiyənin tanınmış jurnalisti və siyasi şərhçi Yılmaz Özdil Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə dair diqqətçəkən video çıxış paylaşıb. Tezadlar.az həmin video çıxışı hissə-hissə diqqətə çatdırmaqdadır.

Yılmaz Özdil Türkiyə cəmiyyətinə və siyasilərinə müraciət edərək iki qardaş ölkə arasındakı münasibətlərin pisləşmək təhlükəsi ilə üzləşdiyini dilə gətirməklə bunun tamamilə əsassız və yersiz olduğunu diqqətə çatdırır. O, “Azərbaycan dünyada Türkiyəni səmimi-qəlbdən sevən yeganə ölkədir. Amma elə görünür ki, münasibətlərimiz pisləşmək ərəfəsindədir. Digər dövlətlər dünyaya öz paytaxtlarından baxır və xalqlarının maraqlarını əsas götürürlər. Biz isə dünyaya din prizmasından yanaşırıq. Qəzzada həlak olan qadın və uşaqlara rəğbət bəsləmək başqa məsələdir, qardaş ölkəmiz Azərbaycana qarşı mövqe tutmaq isə tamamilə fərqli mövzudur”, – deyərək Fələstin lideri Mahmud Abbasın Kiprin yunanların nəzarətində olan hissəsinə səfərinə də münasibət bildirib. Qeyd edək ki, həmin səfər oktyabrın 29-da, Türkiyənin Cümhuriyyət Günündə baş tutub. Sitat: “Mahmud Abbas Şimali Kipri görməzdən gəldi və adanın yunan tərəfinin mövqeyini dəstəklədi. İndi biz məhz bu Fələstinə görə Azərbaycanla münasibətlərimizə zərər vururuq?”.

***

Özdil Fələstin liderlərinin vaxtilə Türkiyəyə qarşı düşmənçiliyini də danışır, videoçıxışında deyir ki, fələstinli qrupların düşərgələrində PKK terrorçuları təlim keçib, ASALA ilə də əməkdaşlıq əlaqələri olub. Sitat: “Baxın, fələstinlilər bizə arxadan necə zərbə vurublar. Onların düşərgələrində PKK yaraqlıları necə təlim keçib, ASALA ilə necə əməkdaşlıq ediblər. Fələstinin Cənubi Kiprə verdiyi dəstəyi də görməzdən gəlirik. Lakin Azərbaycan özünə qarşı edilənləri heç vaxt unutmur. Çünki Azərbaycan dünyaya Bakıdan baxır”.

Jurnalist Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələsinə də toxunub. O, Qarabağın azad edilməsində İsrail istehsalı olan silahların mühüm rol oynadığını açıqlayaraq araqatan türkiyəli siyasətçilərə səslənərək deyir: “…Azərbaycan Qarabağı İsrail istehsalı olan silahlar sayəsində azad etdi. Reallıq budur. Türkiyənin də, şübhəsiz ki, öz töhfəsi olub. Lakin Azərbaycanın Qarabağın azad edilməsi zamanı istifadə etdiyi silah və sursatların 70–80 faizi İsraildən əldə edilib”.

Nəhayət, “İsrail Azərbaycanla, Fələstin Ermənistanla müttəfiqdir!”- deyən Özdil Azərbaycan Prezidentinin Türkiyəyə və Mustafa Kamal Atatürkün xatirəsinə göstərdiyi hörməti xatırladıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev Atatürkün xatirəsinə hörmətsizlik edilməməsi üçün, hətta Azərbaycanın Zəfər Gününün tarixini dəyişdirdi: “Prezident İlham Əliyev Türkiyəyə hörmət əlaməti olaraq ölkəsinin Zəfər Gününün tarixini dəyişdirib. Mustafa Kamal Atatürkün xatirəsinə hörmətsizlik etməmək üçün bu qərarı şəxsən verib. Söhbət məhz belə bir qardaşdan gedir. Belə bir qardaşla münasibətləri necə korlamaq olar?”.

Həmin videoçıxışa aşağıdakı linkdən baxmaq olar:

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…