ABŞ Prezidenti Donald Tramp İranla müharibənin respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinə böyük ehtimalla təsir göstərdiyini bildirib. Bununla belə, o, hərbi əməliyyata başlamaq qərarını yenidən qəbul edəcəyini vurğulayıb. Tezadlar.az xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Tramp ABŞ-ın vitse-prezidenti Cey Di Vensin respublikaçıların məğlubiyyətinin səbəblərindən birinin İranla müharibə olması barədə açıqlamasına münasibət bildirib. “Düşünürəm ki, bu, böyük ölçüdə doğrudur. Çünki qısamüddətli perspektivdə yanacağın qiymətini bir qədər artırdı və yəqin ki, bunun təsiri olub”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, İran əleyhinə hərbi əməliyyata başlamaq qərarını yenidən vermək imkanı olsaydı, yenə də eyni addımı atardı: “Yenidən qərar vermək imkanım olsaydı, yenə də eyni addımı atardım. Çünki uzunmüddətli perspektivdə bu, yeganə çıxış yoludur. İrana nüvə silahına sahib olmağa icazə verməməliyik”, – deyə Tramp qeyd edib. Onun sözlərinə görə, İranla müharibəyə başlamaq düzgün qərar olub. Tramp neftin qiymətinin daha çox artacağını gözlədiyini, lakin buna baxmayaraq, hərbi əməliyyat qərarını verdiyini bildirib: “İrana nüvə silahına sahib olmağa icazə vermək olmaz. Əks halda, bir gün burada gördüyünüz hər şey artıq mövcud olmaya bilər”, – deyə ABŞ Prezidenti vurğulayıb. Tramp, həmçinin demokratların Nümayəndələr Palatası və Senat üzərində nəzarəti ələ keçirməsi məsələsinə də toxunub. O bildirib ki, demokratlar konstruktiv mövqe tutacaqları təqdirdə onlarla əməkdaşlıq etməyə çalışacaq: “Əgər onlar dağıdıcı mövqe tutmasalar, yəqin ki, onlarla işləyə biləcəyəm”, – deyə Tramp bildirib. Prezident əlavə edib ki, onun veto hüququ da var. Onun sözlərinə görə, demokratlar artıq onunla əlaqə saxlayaraq müxtəlif məsələləri müzakirə etmək istədiklərini bildiriblər. Jurnalistin demokratların Konqresdə nəzarəti ələ keçirməsindən sonra ona qarşı impiçment prosesinin başlana biləcəyi ehtimalının narahatlıq doğurub-doğurmadığı barədə sualına Tramp mənfi cavab verib. “Xeyr, bu, məni zərrə qədər də narahat etmir”, – deyə o bildirib.
Trampın fikrincə, əsassız impiçment təşəbbüsü Demokratlar Partiyasına zərər vuracaq: “Düşünürəm ki, bunu etsələr, Demokratlar Partiyasını məhv edəcəklər. Heç bir əsası olmayan impiçment. Nəyə görə? Ölkəni uğurla idarə etdiyimə görə? Ölkəmiz tarixinin istənilən dövründəkindən daha uğurludur”, – deyə ABŞ Prezidenti bildirib. Tramp, həmçinin öz adının seçki bülletenində olması halında respublikaçıların aralıq seçkilərdə qalib gələcəyini iddia edib: Seçki kampaniyasının son mərhələsində fərqli addımlar atmadığına görə peşman olub-olmadığı barədə suala cavabında o deyib: “Mənim adım da bülletendə olsaydı, qalib gələrdik”.
ABŞ Prezidenti respublikaçıların onun seçkiqabağı görüşlərdə hiss etdiyi dəstəyi və coşqunu seçicilərə çatdıra bilmədiyini də bildirib: “Bu, böyük sevgi idi, həqiqətən də heyrətamiz idi”, – deyə Tramp əlavə edib.







