2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb.
Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması məqsədilə növbəti il üçün ümumilikdə 68,4 milyon manat vəsait nəzərdə tutulub. Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb”, – o deyib.
Nazir qeyd edib ki, bununla yanaşı növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb.







