…Cəbrayılın yetirməsi, ancaq faktik olaraq öz yüksək insani keyfiyyətləri və ömrü boyu Vətəni və xalqı üçün çox böyük işlər görməsi ilə bütöv Azərbaycanın oğlu olan Adil Minbaşının 77 yaşı tamam oldu…
Dəyərli, ləyaqətli, dürüst, alicənab, ədalətli, təmiz qəlbli, sözünə və daxili xarakterinə uyğun olaraq insaniyyətə, xeyirxahlığa, dostluğa sadiq, səxavətli… insandan gedir söhbət.
İxtisasca hüquqşünas olan Adil Minbaşı ölkənin ədliyyə sistemində rəhbər vəzifələrdə çalışmış və ölkə ədliyyəsində mütərəqqi yeniliklərin həyata keçirilməsinə nail olmuşdur. Hüquqşünaslıq fəaliyyətinin ilk dövrlərində – hələ Sovet rejiminin sərt qadağalarının mövcud olduğu vaxtlarda o, öz prinsipiallığı, vətən, millət təəssübkeşliyi, ədalətlilik, ziyalı mövqeyi ilə seçilib.
Baş dövlət müaviri rütbəli Adil Minbaşı Ədliyyə Nazirliyinin mühüm əhəmiyyətli idarəsinin rəisi, Azərbaycan Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini və başqa vəzifələrdə işləmiş, lakin sistemdə məyyən xoşagəlməzliklərə etiraz əlaməti olaraq istefa vermiş, bir sıra yüksək vəzifələrə təyinat barədəki təkliflərdən imtina etmişdi.
Adil Minbaşı bir çox başqa həmkarından fərqli olaraq öz gələcək karyerasını düşünmədən o dövrlərdə yenicə təşəkkül tapan və hər an təhlükəli fəsadlarla üzləşə biləcək Milli Azadlıq Hərəkatının fəallarından olub.
***
Adil Minbaşı ədliyyə sistemində fəaliyyət göstərməklə parallel olaraq jurnalistika ilə də fəal məşğul olmuşdur. O, ölkədə ilk müstəqil şəxsi mətbuat orqanını – “Ədalət” qəzetini, bir qədər sonra isə “Femida” ictimai-siyasi hüquq qəzetini təsis etmişdir və respublikada iciimai-siyasi, iqtisadi vəziyyətin olduqca çətin olduğu bir vaxtda hər iki qəzetin fəaliyyətini təşkil edə bildi.
Adil müəllim iki müstəqil qəzeti təsis etməklə jurnalistika fəaliyyətini bitmiş hesab etmədi. Kəsərli, savadlı, məntiqli qələmiylə yalnız ölkədə deyil, daha geniş miqyasda dünyada baş verən ədalətsizliklərə qarşı mübarizə aparmışdır. Onun jurnalistikada qoyduğu ədalətlilik, qorxmazlıq, mübarizlik ruhu təsisçisi olduğu qəzetlərin yaradıcı kollektivlərinə də sirayət etmişdi və bu cəhətlər ölkədə hər iki qəzetə rəğbət və hörmət qazandırmışdır.
Ölkəmizin hüquqşünaslığında və jurnalistikasında öz fəaliyyəti və yaradıcılığı, fəal ictimai-siyasi fəaliyyətilə dərin və silinməz izlər qoymuş, hüquqşünaslar, jurnalistlər, ümumiyyətlə bütün ölkə ictimaiyyəti arasında dərin hörmət və nüfuz sahibidir Adil Minbaşı.
77-ci ad günün mübarək, qardaş! Allahdan sənə sağlıqlı uzun ömür diləyirəm! Tanrı səni ailənin, ictimaiyyətimizin və dostlarının başı üstündən əskik eləməsin!
Dərin hörmət və sayğıyla:
Qədir Nəsirov







