Estoniya Rusiya hərbi kəşfiyyat xidməti QRU tərəfindən təşkil edildiyi bildirilən dron istehsalçısına qarşı təxribat cəhdindən sonra 1 dekabrdan etibarən Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlamaq qərarına gəlib. Hücum cəhdi ilə əlaqədar səkkiz nəfər saxlanılıb.
Tezadlar.az xəbər verir ki, Estoniya müdafiə sənayesində fəaliyyət göstərən dron istehsalçısına qarşı təxribat cəhdindən sonra Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlayacağını açıqlayıb. Qərar 1 dekabrdan qüvvəyə minəcək.
Estoniya Daxili Təhlükəsizlik Xidməti Kapo şənbə günü səhər Threod Systems-ə hücum cəhdi ilə əlaqədar səkkiz nəfərin saxlanıldığını bildirib. Şirkətin təhlükəsizlik qrupunun müdaxiləsi sayəsində heç kim xəsarət almayıb və heç bir ziyan dəyməyib. Hakimiyyət orqanları hücumun binada partlayış və yanğına səbəb olmaq məqsədi daşıdığını bildirib.
Estoniya hakimiyyəti hücumun Rusiya hərbi kəşfiyyat xidməti QRU-nun əmri ilə həyata keçirildiyini iddia edir. Saxlanılan səkkiz nəfərdən beşi həbsdə olarkən məhkəməyə göndərilib. Estoniyanın Baş naziri Kristen Mixal sərhədin bağlanması qərarının gələcək hücumlar riskini azaltmaq və müdafiə sənayesinə edilən hücumların dözülməz olacağı mesajını vermək məqsədi daşıdığını bildirib.
Mixal hücum cəhdini Estoniyanın Ukraynaya dəstəyi ilə əlaqələndirib. O, Rusiyanın məqsədinin ölkəni qorxutmaq və sabitliyi pozmaq, Ukraynaya dəstəyi zəiflətmək olduğunu iddia edib və ölkəsinin təhlükəsizlik tədbirlərini artıracağını və Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Estoniyanın Rusiya ilə üç sərhəd keçid məntəqəsi var: Narva, Koidula və Luhamaa. Bağlanmanın müddəti açıqlanmayıb. Bu arada, Estoniya avqust ayında dron istehsalçısı Milrem Robotics-ə qarşı törədilən yanğında Rusiyanı da günahlandırıb. Moskva əvvəlki hücumla bağlı ittihamları rədd edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yeni sərhəd bağlanması planını Rusiya əleyhinə mövqe kimi xarakterizə edib.
ELBAR







