Əsas məzmuna keç

Emin Əmrullayev: Tədrisin məzmunu dəyişən dünyanın tələblərinə uyğunlaşdırılmalıdır

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşüb.

Bu barədə Tezadlar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birgə Naxçıvan şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Görüşdə son illərdə ölkənin təhsil sistemində həyata keçirilən islahatlar, təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması, müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub. Nazir Emin Əmrullayev Naxçıvanda təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün bərabər imkanların yaradılması, müasir dövrün təhsil sisteminin qarşısında qoyduğu tələblər barədə fikirlərini bölüşüb. Nazir təhsilin əsas məqsədlərindən birinin şagirdlərin şəxsiyyət kimi formalaşması olduğunu vurğulayıb. Bildirib ki, uşağın hansı ailədə və hansı bölgədə dünyaya gəlməsindən asılı olmayaraq təhsil ona gələcəkdə uğur qazanmaq üçün bərabər imkanlar yaratmalıdır.

Təhsilin keyfiyyətinə toxunan Emin Əmrullayev müasir dövrdə şagirdlərə yalnız mövcud biliklərin ötürülməsinin kifayət etmədiyini, tədrisin məzmununun dəyişən dünyanın tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Süni intellektin inkişafının təhsilin qarşısında yeni çağırışlar yaratdığını bildirən nazir şagirdlərdə müstəqil düşünmə, problemləri təhlil etmə və onların həlli yollarını tapmaq bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Emin Əmrullayev müəllim fəaliyyətinin qiymətləndirilməsində əsas meyarın şagirdlərin öyrənmə nəticələri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təhsil sistemində qəbul edilən qərarların başlıca məqsədi şagirdlərin daha keyfiyyətli təhsil almalarına xidmət etməkdir.

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov muxtar respublikada təhsil sahəsində mövcud vəziyyət, təhsil müəssisələrinin infrastrukturu və maddi-texniki təminatı, eləcə də müəllimlərin peşəkar inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Daha sonra 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunmuş Naxçıvan təhsil işçilərinə mükafatlar təqdim edilib.

Çıxış edən müəllimlər öz növbələrində onlara göstərilən diqqətə və əməyə verilən qiymətə görə minnətdarlıqlarını bildirərək bu cür görüşlərin mövcud məsələlərin müzakirəsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…