Əsas məzmuna keç

Bəzi universitetlərdə müəllimlər orta məktəb müəllimlərindən iki dəfə az maaş alırlar – DEPUTAT

Bəzi universitetlərdə müəllimlərin əməkhaqqı orta məktəb müəllimlərinin məvacibindən aşağıdır və bu fərq bəzən iki dəfəyə çatır. Bu məsələyə yenidən baxılmasına ehtiyac var.

Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təhsil sahəsində həllini gözləyən əsas məsələlərdən biri ali təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı ilə bağlıdır.

O qeyd edib ki, bəzi universitetlərdə müəllimlərin maaşı orta məktəb müəllimlərinin məvacibindən iki dəfəyədək aşağıdır və bu fərqin aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır.

C.Məmmədov müəllimlərin sertifikasiyası və əməkhaqlarının artırılması məsələsinə də toxunub. O bildirib ki, sertifikasiyadan keçən müəllimlərin maaşlarının artırılması mühüm addımdır.

Bununla belə, deputat sertifikasiya nəticələrinə əsasən tətbiq olunan 10 və 35 nisbətinə yenidən baxılmasını təklif edib.

“Bu nisbətin ən azı 10, 25, 35 olmasını təklif edirəm”, – deyə o bildirib.

Deputat sertifikasiya prosesindən hələ keçməyən müəllimlərin əməkhaqqı məsələsinin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, sertifikasiya ümumilikdə uzunmüddətli prosesdir və hazırda bu mərhələdən keçməyən kifayət qədər müəllim var.

C.Məmmədov hesab edir ki, həmin müəllimlərin əməkhaqlarının az da olsa artırılması onlara böyük dəstək olardı.

Deputat elm sahəsində çalışanların, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının maaşlarının artırılması məsələsinə də diqqət çəkib.

O, bu sahədə çalışanların əməkhaqlarının az da olsa artırılmasına ehtiyac olduğunu bildirib və ən azı elmi dərəcələrə görə ödənilən məbləğlərin yüksəldilməsini təklif edib.

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…