Əsas məzmuna keç

Fərhad Bədəlbəyli- plebeylərin hədəfindəki kübarlıq qalası!

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin bir rəyi geniş müzakirələrə səbəb olub. Bədəlbəylinin çıxışının sosial şəbəkələrdə yayılan fraqmentindən də bəlli olur ki, onun məqsədi, əslində, təqdim edildiyi sayaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı aşağılamaq və təhqir etmək yox, Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı düşüncələrini bölüşməkdir. 
Mən anadan olandan cəmi bir il sonra- hələ 1978-ci ildə Azərbaycanın “Xalq artisti” titulunu almış korifey sənətkarımız açıq-aydın bir dillə deyir: “Azərbaycan mədəniyyəti Prezidentin səviyyəsinə qalxmalıdır”.
Bu məsələdə Fərhad müəllimlə tamamilə şərikəm. 
İkinci Qarabağ Savaşındakı möhtəşəm tarixi zəfərimiz və bu zəfər nəticəsində yeni dünya nizamının qurulmasında Azərbaycanın Orta Güc Dövlətinə çevrilməsi mədəniyyət sahəsində də qarşımıza yeni hədəflər qoyur. Ədəbiyyatımız, musiqimiz, teatr və kinomatoqrafiyamız, incəsənətimiz yeni və ciddi əsərlərə möhtacdır.

Cəfər Cabbarlı cəmi 35 il yaşayıb. 
Amma bu qısa ömründə xalqımız üçün, mədəniyyətimiz üçün nə qədər böyük işlər görüb. Azərbaycanın yenidən müstəqillik qazandığı 1991-ci ildə anadan olan soydaşlarımızın 35 yaşı var.

Cəfər Cabbarlımız varmı?
Şəfiqə Axundovamız varmı?
Toğrul Nərimanbəyovumuz varmı?
Nəsibə Zeynalovamız hanı?
Adil İskəndərovumuz hanı?
İlyas Əfəndiyevimiz hanı?

Mən bütün varlığımla imperalizmin və totalitarizmin bütün formalarına nifrət edən bir insanam. Sovet dövrünün nostalgiyasını çəkənlərə də ən kəskin şəkildə qarşıyam. Söhbət ondan gedir ki, xalqımız dünən olduğu kimi, bu gün də istedadlıdır və müstəqil dövlətimizdə həmin istedadları üzə çıxaracaq mühit formalaşmalıdır.
Qarabağ savaşını qalibiyyətlə bitirən Azərbaycan üçün Mədəniyyət Nazirliyi ən azı Müdafiə Nazirliyi qədər strateji qurumdur. Bu gün istər Mədəniyyət Nazirliyi, istərsə də yaradıcı ittifaqlar ilk növbədə öz fəaliyyət fəlsəfəsini dəyişməlidir. Yeni dövrdə yubileylər keçirmək, festivallar təşkil etmək və ayrı-ayrı sənət adamlarını mükafatlandırmaqla Orta Güc dövlətinin tərəqqisinə töhfə vermək mümkün deyil. Azərbaycan dilində rəqəmsal mədəniyyət arxivləri, milli audiovizual fondlar, elektron kitabxanalar yaradılmalı, klassik irsimiz süni intellekt texnologiyaları üçün əlçatan və sistemləşdirilmiş bilik bazasına çevrilməlidir. 
Bütün bu zərurətləri göz önünə gətirəndə Fərhad Bədəlbəylinin əsl ziyalı yanğısı isə diqqətləri yeni mədəni intibah çağırışlarına çəkməsi təqdirlə qarşılanmalıdır. 
Amma bunun əvəzinə gələn ilin dekabrında 80 illik yubileyi qeyd olunacaq görkəmli bir ziyalı küçə söyüşləri ilə təhqir olunur. Hələ partiya başqanı, deputat, parlamentin komitə sədrinin üslubuna bir baxın: “… bir az bunlardan ağıllısı da “mat” olmaqdan danışır”.

Bir az, çox demirəm, azacıq mədəniyyəti olan biri əvvəlcə öz üslubunin səviyyəsinə nəzər yetirər, sonra yaşı 80-i haqlamış o nəhəng insanın intellekti haqqında mühakimə yürüdər.
Fərhad müəllim, yəqin ki, məni heç xatırlamır. Bir neçə dəfə tədbirlərdə qarşılaşmışıq, gedib ehtiramla hal-əhval tutmuşam.

Bir aydınlıq obrazıdır Fərhad Bədəlbəyli!
Bir kübarlıq qalasıdır Fərhad Bədəlbəyli!
Bir fəxarət mənbəyidir Fərhad Bədəlbəyli!

Fərhad Bədəlbəyli ilə nədəsə razılaşmamaq olar, mövqeyini müzakirə etmək olar, baxışlarını sorğulamaq, fəaliyyətini tənqid etmək də olar. Amma nəzakətlə, ehtiramla, məsuliyyətlə, əlbəttə.
Fərhad Bədəlbəylini “türk düşməni” çıxarmaq cəhdi əbəsdir. 
Əvvəla, görkəmli pianoçu elə dünən TÜRKSOY tərəfindən Qızıl Medalla təltif olunub. 
İkincisi, hələ 10 dekabr 2020-ci ildə Türkiyə Prezidenti Ərdoğanın iştirakı ilə keçirilən Qələbə Paradı ilə bağlı onun mediada yayılmış müsahibəsini oxuyanlar, belə bir cəhdin nə qədər mənasız olduğunu başa düşərlər.
Üçüncüsü, işğaldan azad edilən Şuşa qalasının önündə diz çökmüş və dədə yurdundan üzr istəmiş bir Şuşa əsilzadəsinə Şuşanın önəmini xırdalamaq, yumşaq desək, nadanlıq, hədsizlik və plebeylikdir! 
Həmin plebeylərin adını çəkməyəcəm.

O sırada görmədiyim və şəxsinə sayğı duyduğum Telman Nüsrətoğluna isə bir neçə kəlimə sözüm var.
Hörmətli Telman müəllim, Azərbaycanın “İstiqlal” medalına layiq görülmüş bir ziyalını “sovet düşüncəsindən çıxa bilməməkdə” ittiham edirsiniz. 
Çox pakizə, amma gəlin görək “sovet düşüncəsi” nədir?
Sovet dünyagörüşü düşüncə və söz azadlığına, plüralizmə yer olmayan, metaforalarda belə qəsd və düşmənçilik axtaran, fərqli fikri “ideoloji təxribat” kimi qarşılayan, ziyalıları süngü ilə susduran təfəkkür tərzidir. 
SSRİ-nin totalitar sisteminin ən səciyyəvi xüsusiyyəti isə öz həqiqətlərini mütləq hesab etməsi və fərqli qənaətləri “düşmən mövqeyi” sayması idi.
İndi, Allah xatirinə, əlinizi vicdanınıza qoyun və Fərhad Bədəlbəylinin əleyhinə verdiyiniz açıqlamanı soyuq başla bir daha nəzərdən keçirin.

Sadaladığım bu əlamətlərin hamısı məhz sizin açıqlamanızda göz deşir! 
İndi məcburam sual edim: Türkiyədə təhsil almış, Türkiyəni müdafiə edən bir insan nədən özünü “sovet qəlibi”nə salsın beləcə?
Səbəbini deyirəm, yazın bir qırağa. 
Sovet azərbaycanlısı özünü “böyük rus qardaşa” sədaqətli göstərmək istəyirdi. Üstəlik, sadəcə bununla da kifayətlənmirdi, daima başqalarından “daha sədaqətli” görünməyə can atırdı.
Bu gün “Türkiyəçilər” eyni şəkildə davranır və eyni ehtiyacı hiss edir. 
“Böyük qardaş”ın qəlbinə girmək üçün qəlib həmişə eynidir…

Diqqət edin, Nüsrətoğlu yazır: “Türkiyə iqtisadi qüdrəti, ordusu, əhalisi və beynəlxalq nüfuzu ilə Türk dünyasının lokomotividir”.
“Lokomotiv” texnika kimi vaqonları dartıb arxasınca aparır, məcazi mənada təkanverici amil mənasında işlədilir.
Azərbaycan olaraq niyə özümüzü hansısa lokomotivə qoşulmuş vaqon kimi təsəvvür etməliyik? 
Arzumuz budur ki, Türkiyə iqtisadiyyatı daha da çiçəklənsin, xalqı daha firəvan yaşasın, ordusu daha da qüdrətli olsun, beynəlxalq nüfuzu daha da artsın.
Amma Azərbaycan heç kimin arxasınca düşməyəcək, ancaq və ancaq öz yolu ilə irəliləyəcək. 
Bu dünyada başqasının paravozunun arxasına bağlanmış heç bir vaqon müstəqil dövlət ola bilməyib.
Dövlətlər öz qatarını özü çəkər!
Taleh ŞAHSUVARLI 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…