Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli otən buraxılışda)
3 oktyabr – Bazar günü səhər tezdən bir qrup adamla Şamaxıya yola düşdük. Əsl payız günü idi. Yol boyu yaşıl, sarı, qırmızı yarpaqlarla “bəzənmiş” ağaclara baxırıq. Nəhayət, Pirqulu rəsədxanasına çatdıq. Əvvəl rəsədxanaya baxmaq istədik. Rəsədxananın müdiri Mikayılov Xıdırı çağırdılar. Xıdır bizimlə görüşdü:
– Gecə müşahidələr apardığımıza görə yatmamışıq. Deyəndə ki, Məmməd Araz gəlib yuxudan dik atıldım. Tez geyinib gəldim.
– Vəziyyət necədir? – sual verdi Məmməd, sonra gülümsündü – görünən kəndə nə bələdçi – dedi.
Xıdır cavab verdi:
– Rəsədxana 7 il idi ki, işləmirdi. Dəfələrlə hökümətə müraciət etmişdik, heç bir xeyri olmadı. İki ildi direktorumuz dəyişib. Təzə rəhbərliklə əl-ələ verib rəsədxananı əvvəlki hala gətirdik. Heç yerdə görünməyib ki, rəsədxananın ətrafında tikinti getsin, görürsünüz ki, nə qədər tikinti var. Başçılara desək də bir nəticə olmadı. Axı rəsədxananın ətrafında hava titrəyişi olmamalıdır. Bu tikililərin axırı nə olacaq, bilmirik…
Sonra Xıdır əlində bir daş gətirdi:
– Bax, Məmməd müəllim, bu daş dünyamıza qonaq gələn daşdır. İşçilərimiz görüblər ki, çaya şimşək düşdü, tapıb gətirdilər, meteordur, böyük daşı tapmadılar, kiçiyi tapıldı. Maddi imkanımız olsa çox işlər görmək olar. Məsələn, ilk dəfə bizim rəsədxanada görüblər ki, Yupiterin peyki İO-dan buxar qalxır. Bizim alimimiz İbrahimov Nadirin ayda kəşf etdiyi kraterə onun adı verilmişdir.
Xıdırın ürəyi dolu idi. O danışır, Məmməd də mat-mat ona baxırdı.
Bir əhvalatı da danışım. Səhər Şamaxıya çatana yaxın bir kafedə oturduq. Xidmət çox aşağı səviyyədə idi. Bizimlə gedənlər zarafata başladılar. Nemət dedi:
– Bir kəndə toya getmişdik. Oynamaq istəyənlərin hamısı “Ləzginka” havasını sifariş verirdilər. Yanımda oturandan soruşdum ki, bunlar ləzgidirlər?
– İçəndən sonra hamısı ləzgiləşirlər – cavabını verdi. İndi bu xidmətçilər də gərək içsinlər ki, yaxşı xidmət etsinlər.
Bir aşıq da məclisimizə təşrif gətirdi və Məmmədin sözlərini aşıq havasında oxumağa başladı. Xeyli şəkil çəkildi və çəkiliş də edildi.
8 oktyabr – Dünən çıxmış “Yeni Müsavat” qəzetinə baxdım. Birinci səhifəsində “Şəmkirin icra başçısı tutulacaqmı?” sərlövhəli yazını gördüm. Məmmədə oxudum. O əsəbiləşdi:
– Təəssüf ki, danışmağa dilim, getməyə ayaqlarım yoxdur. Aslan olmasaydı Gürcüstanda azərbaycanlı qalmazdı. Tovuz, Qazax, Şəmkir də Laçına dönərdi. Nə isə…
Mənə verdiyin misraları işlədim, şeir alındı, köçürərsən. Adını “Dan yerinə boylanım” qoydum. 3 variant yazmışam, hansında son sözünü yazmışamsa onu köçürərərsən.
12 oktyabr – Ağayar müəllim Məmmədi xəbər aldı:
– Gülxanım müəllimə, Məmmədin əhvalını və sizi həmişə İsadan xəbər alıram. Bu yayın istisində Bakıda qalmalı oldum. İstini götürə bilmirəm. Amma Şimali Qafqazı görürsünüzmü nə günə qoydular. Ruslar bütün kiçik xalqları bir-birinə qarşı qoyub qırırlar, qırdırırlar. Allah axırını xeyir eləsin. Məmmədin poeziyasını sevənlərə, onu soruşanlara cavab verirəm.
14 oktyabr – Aslan Aslanov Naxçıvandan Məmmədin ad gününü təbrik etdi:
– Şairi şairin yurdundan təbrik edirəm. Allah bizə onun kimi ağsaqqalları çox görməsin. Kişinin bizim yerimizə üzündən öp. Bizim canlı klassikimizə, dahimizə yaxşı bax, Gülxanım bacı.
Sonra Əmlak Komitəsindən Nadir Nəsibov və bir nəfər başqa adam Məmmədi təbrikə gəldi və bir ağızdan dedilər:
– Çox xoşbəxtik ki, belə bir dahini yaxından gördük.
Təbrikə çox adam gəldi.
1 noyabr – Səhər Elmira xəbər verdi ki, çəkdiyi verilişin vaxtını dəyişdirib gecəyə salıblar.
– Ondansa heç verməsinlər. Saat ikidə ona kim baxacaq, ay Elmira?
– Elədir, onlardan hər şey gözləmək olar.
Səhər yanımda oturdu Məmməd:
– Veriliş çox xoşuma gəldi. Keçən dəfə belə xoşuma gəlməmişdi. Səmimi danışıqlar, gözəl kadrlar var verilişdə. Mənim yerimə Elmiraya təşəkkürümü bildirərsən. Sənə onu da bildirim ki, cildləri necə gəldi çap etdirməyək. Orada xatirə də, məktublardan da verək.
4 noyabr – Məmmədin tərcüməsində Lermontovun “Dəniz qulduru” poemasını yazıram. Televizorda “Araz” bədii təqvimi Məmmədlə açdılar.
– Məmməd, bu qız da səni canlı klassik adlandırdı. Amma onu da deyim, deyəsən, yavaş-yavaş unudulursan.
– Təbiidir, xəstəyəm, insanlarla ünsiyyətdə deyiləm.
Çeçenlər haqqında veriliş gedirdi.
– Rusları ancaq rus şovinistləri və şovinizm məhv edəcək – dedi Məmməd.
Yaqub Zurufçu da Məmməddən çeçenlərə aid mahnı üçün söz istədi. Fikrinə yaxşı musiqi gəldiyini söylədi:
– Yaqub, Məmmədin sənə verdiyim kitabında “Çeçen faciəsi” şeri var. Onu oxu, gör mahnıya yatırmı?
– Məmməd, bilirsən yadıma nə düşdü? Könlümə düşdü ki, səninlə yenə də Kəlbəcərdə olam, dağ başında şəlalənin, bir də sazın səsini dinləyəm.
– Bir az aşağı düş, yıxılarsan, gəl bu qoca vaxtı tək qal, olmaz – zarafatla cavab verdi, Məmməd.
15 noyabr – Məmməd işdən gələndə xəbər verdi ki, Şəhriyarın oğlu Təbrizdən gəlib, mənimlə görüşmək istəyir. Şahmara tapşırdım ki, onları evimizə gətirsin.
Qərarlaşdığı kimi Şahmar Ələkbərzadə, Şəhriyarın oğlu Hadi, bir də Həsən Umudoğlu qonağımız oldu. Həsən Umudoğlu oturmadan birnəfəsə bu sözləri söylədi:
– Bizim ümidimiz bu taya qalıb. Məmməd Arazın şeirlərini maraqla izləyirik. Axırıncı kitabını Naxçıvandan aldıq.
Cənubla bağlı xeyli söhbət etdilər.
4 dekabr – Yarımçıq misralar:
Qayalara, daşlara söykəncək olun,
Qıvraq qalın, oynaq qalın son günəcən.
Özünüzü saxlayın, səsinizi axlayın,
Qılıncınızı saxlayın…
– İnsan payız ölə, yazda dirilə; Zimistanda boran, qarı çəkməyə – insanda arzuya bax, – dilləndi Məmməd.
– Nə olub, Ələsgər hardan yadına düşdü?
– Nə bilim. Hüseyn Arif həmişə mənə deyirdi ki, sənin şeirlərin kəşfdir, məsələn, “Sən kimə gərəksən, mən kimə gərək”. Bunu heç kim deyə bilməyib, ancaq sən demisən. Rəhmətlik şeirlərini gəzə-gəzə beyninə yazardı. Musa Yaqub da elədi. O da gəzərkən yazır.
Özünə həsr olunmuş şeiri mənə verdi. Başlıq belə idi: Xalq şairimiz Məmməd Arazın “Bəlkə bu yerlərə bir də gəlmədim” şerinə cavab:
Daha gəl-gəl demir güllər, çiçəklər,
Nidamı yarımçıq kəsir küləklər.
Yaman nisgillidir indi ürəklər,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Qıy vuran qartallar yoxdur, köçübdür,
Əliklər, ceyranlar, bizdən hürkübdür,
Kimsəsiz bənövşə boynun bükübdür,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Buludlar su səpmir, quruyub gözü,
Ocaq tüstülənmir sovrulub közü,
Aşıq oxumur tükənib sözü,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Düşmənlər toxtayıb bizim oylağa,
Aranı, elatı qalxır yaylağa.
Alagöz pəri də düşüb girova,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Yarpızın, nanənin dəyişib təmi,
El köçüb yurdunda yoxdur həmdəmi.
Gəlsən çox olacaq, artacaq qəmin,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Ay elin nəhəngi, ay Məmməd Araz,
Ay şeir çələngi, ay Məmməd Araz.
“Özü yıxılanın özü ağlamaz”
Dağlar yetim qalıb, dağlara gəlmə.
Xeyrulla Culfa rayonu, Qazançı kəndi, müəllim.”
Səmimi şeirdir, sənin sözlərini tərsinə çeviriblər.
– Hə, işə göndərmişdi…
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ







