Əsas məzmuna keç

Qırmızı yuxu – Racu Şıxlı

(povest)

(əvvəli: https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli/)

Tibb bacısının az öncəki qəmzəli sifəti bir anlıq qırışdı. Qalın qaşlarını çatdı və sərt bir səs tonunda:

–Yoldaş əsgər, siz dincəlməlisiniz!

İri addımlarla otağı tərk etdi. Axı, mənim axırıncı sualımda onu qəzəbləndirəcək nə var idi ki… Ciyərlərim bərk sancmağa başladı. Bu vaxt düşündüm ki, tibb bacısı “Telefonunuz var?” sualımı elə zənn edib ki, mənim ondan xoşum gəlib və telefon nömrəsini istəyəcəm ki, boş vaxtımda zəng edib daha yaxından tanış olaq. Nəfəs almaqda çətinlik çəksəm də az öncə sonuncu sualımdan narahat olaraq, mənə yarı sakit, yarı əsəbi cavab verib palatanı tərk edən tibb bacısının tərs başa düşdüyünü yadıma salıb, güldüm. Palatada məndən başqa digər üç çarpayıda yatan əsgərlərə baxdım. İstədim onlardan öyrənəm xəstəliyimizin adını, baxdım ki, yatıblar. Hərdən bir inilti səsləri gəlirdisə də hərəkət edəni olmadı. Bir azdan başqa bir tibb bacısı palataya daxil olub, öncə təziqimi sonra hərarətimi yoxlayıb, əlindəki dəftərçəyə qeyd etdi. Sonra yan cibindən iki ampula çıxarıb, şpirisə çəkdi qoluma – əzələ altına vurub getdi. İndi başqa tibb bacısının palataya gəldiyini, mənə iynəni başqasının vurduğunu gözəl anlayırdım. Bu xidməti polkovnik Poladzadə bu gün, gün boyunca yanımda olan cılız tibb bacısına tapşırmışdı. Lakin mənim sonuncu sualım onu yaman utandırmışdı deyə başqasını göndərmişdi palataya. İndi anamdan xəbərsiz, hospitalın 47 nömrəli palatasında canımla çəkişirdim. Ciyərlərimin küt ağrısı azacıq sakitləşmişdi. Nəfəsimi ağır da olsa ala bilirdim. Amma sankı sağ tərəfimdən –  böyrəyimin üstündən ağır bir daş asılmışdı. Başımın üstündəki pəncərədən boylanmaq istəsəm də ağrıdan keyiyən bədənimi tərpədə bilmədim. Gözlərimi yuxarı qaldırıb, qaşlarımın altından göyün üzünə baxdım. Ay boz buludların arasında gizlənmişdi. Hərəkət edən buludlar ötdükcə ay üzünü azacıq göstərib yenidən itirdi. Gözlərimi yumub, zümzümə etməyə başladım. Sanki bədahət gəlmişdi mənə.

-“Həyat yollarım daşlı-kəsəkli

Kədərli gözlərim daima nəmli

Körpəcə ürəyim ağrılı-qəmli

Ruhum da bezikib canımdan mənim

 

Sönüb gözümdə işıqlı dünya

Həsrətəm gecələr ulduza, aya

Canım da dərd olub ata, anaya

Ruhum da bezikib canımdan mənim”… (Bir neçə gündən sonra, özümə gəldim və bu şeirimi gündəliyimə qeyd etdim ki, unudulmasın)

Yuxuya getsəm də yuxu gizlənmişdi məndən. O gecə yuxu görmədim. Hərbin öz sərt qanunları var. İndi mən Vətənə aid idim. Qayğılarımı zabitlər, komandirlər çəkirdi. Belə bir vəziyyətə düşüb, hospitala gəldiyimi valideynlərimə xəbər verməmişdilər. Hərb qaydaları bunu tələb edirdi, mən də həmin qaydaya boyun əyməli idim. Amma o gecə ilk dəfə anladım ki, insanın Vətənə aid olması onun ailəsindən qopması demək deyil. Bədənim hospital çarpayısında uzanmışdı, fikrim isə evimizin qapısında dayanıb anamın səsini gözləyirdi. Bəzən ən ağır növbə səngərdə yox, xəbər verə bilmədiyin bir yataqda başlayır; adam öz ağrısını gizlətməklə doğmalarını qoruduğunu düşünür, halbuki onların nigarançılığını sadəcə gecikdirir… Gözlərimi açanda başımın üstündə anamla, atamı gördüm. Atam birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu. Ağdərə döyüşlərində sağ ayağının dizdən aşağı hissəsini itirmişdi. Qarın nahiyəsindəki qəlpə izləri də o ağır döyüşlərin nişanəsi idi. Dövlətin xüsusi diqqət və qayğısı daima atamla idi. Dövlət sifarişli protez ayaqla gəzirdi Qarabağ qazisi… Gözlərinin qarası qanın içində itmişdi anamın. İçin-için ağlayırdı. Titrəyən əlini ağzına bərk-bərk sıxmışdı ki, hıçqırığının səsini eşitməyim. Gözlərimi tam açdım. Anam kömürtək qaralmış dodaqlarını üzümə toxundurub, davamlı öpməyə başladı məni. Qəhər boğazımda elə düyünlənmişdi ki, danışa bilmədim. Anam təlaşdan soyuyub buza dönmüş üzünü üzümə söykəyib titrək səslə pıçıldadı:

–Qara gözlərinə anan qurban, əsgər balam! Öləydim bu halını görməyəydim. Anamın yuxusuz gözlərində qərar tutmayan yaş yanaqlarımı isladırdı. Hıqqına-hıqqına xırıltılı səslə anama təsəlli verməyə çalışdım:

–Mən yaxşıyam, ay ana! Möhkəm ol!

 Anam təsəllimə məhəl qoymayıb, burnu ilə üzümü, gözlərimi, alnımı, burnumu qoxulaya-qoxulaya hıçqırırdı. Qulaqlarımı dəlib keçən anamın hıçqırıq səsini iki əlini əsasına dayayıb, çarpayımın ayaq ucunda dayanan atamın  titrəyən dodaqlarından qopan mülayim səs kəsdi:

–Ay oğul, nolub sənə?! Sənin yerin bura deyil ey, səngərdir

Heydən yanlarıma düşmüş qollarımı tərpətdim. Sol qolumu yerindən oynadıb, əlimlə anamın əllərini gəzdim. Anam cəld hər iki əllərini uzadıb, əlimi ovcunun içinə aldı. Dodaqlarına aparıb, aramsız öpməyə başladı. Bu dəmdə atama cavab verməli idim. Amma nəfəsim getdikcə ağırlaşırdı. Bu halımı gizlətməyə çalışsam da danışığım büruzə verirdi.

–Ata, narahat olmayın! Hər şey yaxşıdır. Deyəsən bir balaca soyuqlamışam.

–Anan qurban qara gözlərinə, soyuqlamışam nədir. Sən nəfəs ala bilmirsən ey…

Anam alnını alnıma söykəyib hıçqırmağa başladı. Onun ovcunda qızınan əlimi geri çəkib, barmaqlarımı anamın saçlarının arasında gəzdirməyə başladım.

–Ay ana, dedim axı yaxşıyam. Burda həkimlər nə lazımdırsa edirlər…

–Düzdür, bibiqızı. Bəsdir ağlama. Əsgərimiz narahat olur

Atam həmişə anama “bibiqızı” deyə xitab edirdi. Çünki mənim valideynlərim bibi qızı, dayı oğlu idilər. Bu ara palatadakı xəstə əsgərlərdən biri ayaqlarını yerə sürtə-sürtə stulu öz arxasıyca sürütləyərək anama yaxınlaşdı.

–Oturun, anacan!

Palata yoldaşım əsgər stulu anamın yanına buraxıb, eyni qaydada yatağına tərəf ləngərlədi. Anam çaypayımın üstündən dikəlib, arxaya döndü. Stul gətirən əsgərə tərəf asta səslə:

–Allah sizi qorusun, ay bala…

Anam stulu bir az da çarpayıma yaxın çəkib oturdu. Təkrar əlimi əllərinin arasında gizlətdi. Sanki əlimi buraxsa qaçacaydım. Atam da ayaq ucumda yan oturub, əsasını əllərinə dayaq etdi. Son vaxtlar atamın normal hərəkəti məhdudlaşmışdı. Ona görə də əsanı yanında gəzdirirdi. Bir müddət palataya sakitlik çökdü. Anam eləcə çarpayımın sol tərəfində hərəkətsiz qalan qolumu, əlimi ovcalayır, gözlərini bir an belə qolumdan çəkməyirdi. Atam isə çənəsini əsaya birləşdirmiş əllərinin üstünə dayayıb başdan ayağa məni süzürdü.

O günü ilk dəfə olaraq məni əlil arabasında hospitalın həyətindəki digər iki mərtəbəli binaya – fizoterapiyaya apardılar. Düşünürdüm ki, məni fizoya ilk dəfə hospitala gələndə ensiz dəhlizlə rentgen otağına tez-tez təkərləri fırlanaraq istiqamətini dəyişən xərəkdə güc-bəla ilə sürən o arıq, nazik bığ, çalsaçlı tibb qardaşı aparacaq, amma o deyildi. Balacaboy, dolubədən, qıvrım saçları qırmızı boyalı gizir xanım apardı. Artıq xəstəliyimin də adını öyrənmişdim. Özü də ilk dəfə suallarıma qısa və tam olmayan cavablar verən, sonuncu sualımdan utanaraq qızaran, palatadan çıxıb həmin gecəni mənə sakitləşdirici vurmaq üçün 47 nömrəli palataya başqa tibb bacısını göndərən – o sısqa, arıq uzun sifətində qara böyük gözləri enli qaşlarının altında mənalı baxan – tibb bacısı özü demişdi. “Pnevmoniya” diaqnozu ilə gətirilmişdim xəstəxanaya. Bu xəstəlik  ağciyərin iltihabi xəstəliyi olub, əsasən bakteriya, göbələk və viruslar vasitəsilə yaranır. Onu hava ilə ağciyərə düşmüş kimyəvi maddələr də törədə bilər. Sadə dildə izah etsək, ağ ciyərimin sağ payına bir miqdar su yığılmışdı. Bütün bu məlumatları da elə həmin o sısqa tibb bacısı danışmışdı mənə. Atam ilk o qızı görəndə onu “Şəfqət bacısı” – deyə çağırmışdı. Şəfqət bacısının adını da anam öyrənmişdi. Gümüş… Gümüş xanım valideynlərimi yanımda görəndə başa düşmüşdü o gecə niyə “Telefonunuz var?” – sualını vermişdim ona. Həmin gecəni anamı buraxmaq istəmədim yanımdan. Amma hərbinin qaçılmaz qanunları var. Valideyin hərbi hospitalda, hazırda vətənin ixtiyarında olan əsgələ birlikdə xəstə palatasında gecələyə bilməz. Görüş vaxtı bitdi vəssalam. Heç yadımdan çıxmaz o gecə. Anam atama elə yalvarırdı ki…  Atama bizim polkovnik Poladzadə də hörmət edirdi. Həmin gecəni yalnız anamın yanımda qalmasına icazə vermişdi. Təsəvvür etdirdim atam necə söhbət edib, icazə almışdı heybətli polkovnikdən o gecəni. Nəfəsalmam amma hələ də yüngülləşməmişdir. O gecə anamla palatada bərabər qaldıq. Otaq yoldaşlarımın demək olar ki, səhhətləri normallaşmışdır. Bir necə həftəyə hərəsi öz xidmət etdiyi hərbi hissəsinə dönəcəkdir. Görünür məndə bu dönüş bir balaca gecikəcək. Ağrılar gündüz, gecə tanımır. Artıq üç günü boylamışdı ağrıkəsicilər. Elə ki, təsir gücü itirdi yenidən ağrılarım sürətlənirdi. Mənimlə eyni xəstəliyi paylaşan digər üç əsgər yoldaşlarım növbəli şəkildə anama yaxınlaşıb, gecəni yatmaq üçün öz çarpayıllarını təklif etsələr də anam çarpayıma bitişdirdiyi stuldan qımzanmayaraq: “Bura çox rahatdır. Siz rahatınızı pozmayın” – cümləsini təkrarlayıb durudu. Adəti üzrə müalicə aldığım “Pulmonologiya” şöbəsində hər gecə bir növbətçi həkim qalırdı. Bu gecə də şöbəyə Cəbirə adlı baş gizir cavabdehlik edirdi. Onun haqqında şöbədə yatdığım iki gecədə çox söz eşitmişdim. Yan çarpayıllarda yatan yoldaşlarım deyirdilər ki, çox aqressiv, küfür danışan, xəstələrlə sanki hərbi hissədən qanun pozuntusu ilə intizam batalyonuna göndərilmiş əsgərlərə olan münasibət kimi davranırdı. Anamın yanımda yalnız bir gecəlik çox yalvarışdan sonra razılıq verilib qalması mənə bütün illərin gecələrinə bərabər idi. Cigərlərimdə kəskin sancılar, nəfəs daralmaları olsa da anam yanımda idi deyə, sanki ağrılarım mənimlə uşaqlıq dostlarım kimi davranırdı. Leytinant Cabbarlı yenicə məni müainə edib otaqdan çıxmışdı ki, birdən palatanın qapısı döyülmədən sərt açıldı və bayaqdan haqqında düşündüyüm Cəbirə xanım içəriyə daxil oldu. Cəbirə xanım – kök, balacaboy, seyrək saçlı, sarı boyalı tüklərini yumurlayaraq başının ortasında toppuz etmiş, ağzındakı otuz iki dişindən iyirmi səkkizi titan olan, gözündə sifətindən böyük yanları qırmızı çərçivəli, müsbət ölçülü eynək taxan, sağ qaşının altında düymə boyda ət xalı olan, qaşının altından kirpikinə sallanan həmin ət xala yaraşıq vermək üçün xalı əməllicə qara karandaşla boyamış, köklükdən şişmiş göbəyi budlarına sallanan və bu eybəcər fiquranı itirmək üçün əyninə dar, diz bərabəri, çernel rəngli yubka, sinəsindən şişib yanları basan döşlərini isə dar, qara balaca düyməli ağ rəngli köynəklə gizlətməyə çalışmış bir zabitə  idi. Görkəmini cavanlaşdırıb, eyblərini daraldılmış paltarlarda gizlətsə də davranış və danışığından hiss olunurdu ki, bir neçə aydan sonra təqaüdə çıxacaq. Özünə əməllicə çəki düzən verib palataya ədayla daxil olan Cəbirə xanım deyəsən ayaqqabılarına düzən verməyi unutmuşdu. Ayağında əynindəki rənglərlə uyuşmayan sadə sabo var idi. Düşünürdüm ki, belə bir dar çernel yubkaya, dar, qara düyməli ağ köynəyə, sarı boyalı toppuzlu saça, yalnız qırmızı dikdaban yaraşardı, amma baş gizir nədənsə seçimini sadə, antik bürünc rəngli saboyla tamamlamışdı. Anam hörmət əlaməti olaraq stuldan cəld qalxdı. Lakin gizir Cəbirə hələ də anamı görmürmüş kimi yan tərəfdəki çarpayıllara yaxınlaşdı.

–Dünən yatmamışdan əvvəl hərarətin neçə olub?

Verdiyi sualın cavabını əsgərdən almadan digər çarpayıya döndü.

–Bu gün sənə ağrıkəsici vurulub?

Bunun da cavabını gözləmədi, üçüncü çarpayıya yaxınlaşdı və əsgərin masasının üstündəki meyvə qabındakı bananlara əlindəki qələmin dalı ilə döyəclədi.

–Min dəfə demişəm palataya banan gətirmək olmaz!

Heç o əsgərin də buna münasibətini öyrənməyib, üzünü döndərdi mənim çarpayıma. Anam çarpayımın baş ucuna qısılmışdır. Elə ki, baş gizirin bizə tərəf çöndüyünü görüb dərhal asta səslə “Axşamınız xeyir” – dedi. Cəbirə xanım dayandı, ət sallağından biləyinə vurduğu saatın kəmərləri itmiş qollarını yöndəmsiz belinə qoydu və qırmızı çərçivəli eynəyinin üstündən özbək gözlərini qıydı.

–Sizi içəri kim buraxıb?

(Davamı var)

19.11.2026

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…