“Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır”. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. “Məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoydu”, məlumatda deyilir.
O da qeyd olunub ki, statistikaya görə, ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.







