”Ağıllı şəhər” layihəsi əsasında yeni və modern bir Ağdam inşa edilir, Qafqazın Xirosiması kimi tanınan Ağdam Prezident İlham Əliyevin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevrilir. Yaşayış məhəllələri ilə yanaşı şəhərin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq və 22,5 hektarlıq bu məkanda Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksi olacaq. Yer üzünə təzədən doğulan şəhərin quruculuq üfüqləri və şəhərsalma cizgiləri onu göstərir ki, elə bir Ağdam qurulur ki,dünyada onun bənzəri olmayacaq.
Ağdam urbisidə məruz qalıb…
Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam bölgədəki ənənəvi çoxmədəniyyətli şəhərlərdən biri kimi tarixin səhifəsindən silinib. Ağdam təbii sərvətlərlə zəngin olan bir bölgədir. Rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Şahbulaq silsiləsində yerləşən Çobandağın zirvəsində balaca bir qədim tikili var. Qarabağ xanlığı dönəmində yadellilərin hücumları zamanı həmin yerdən gözətçi məntəqəsi kimi istifadə edilib. İşğaldan azad edilmiş Ağdam -hər tərəfi tar-mar edilmiş, heç bir həyat əlaməti olmayan, yerlə-yeksan olmuş bir şəhər. Bütün binalar yox edilib. Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşüb. Düşmənin viran qoyduğu,altını üstünə çevirdiyi Ağdam Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən ekosidə məruz qalıb,bu qədim şəhər etnik nifrət zəminində və məqsədli şəkildə xarabalığa çevrilib, təbiətinə, tarixi abidələrinə amansız və qəddar münasibət göstərilib. Dünyada mövcud olan 10 ruhlar şəhərindən biridir.Vaxtilə bu şəhərdə 40 min nəfərə yaxın insan-rus, erməni, gürcü, ukrayna, belarus və digər xalqların nümayəndələri azərbaycanlılarla birlikdə mehriban şəraitdə yaşayıblar.
İşğalçılar böyük və qədim bir şəhəri xarabalığa çeviriblər. Nə qədər canlı qüvvəsi,hərbi texnikaları olsa da işğalçı Ermənistan ötən əsrin 80-ci illərində Qarabağın ən abad və ən varlı şəhərini ələ keçirə bilmirdi. Bu istiqamətdə şiddətli döyüşlər gedirdi, haylar nə qədər çalışsalar da qədim türk dilində kiçik qala mənasını daşıyan Ağdamı sarsıda və qorxuda bilmirdilər. Ağdamın düşmən tərəfindən bomardman edilməsinin statistikası çox faciəlidir. Tək bir gecədə düşmən Ağdam şəhərinə 200-dən çox mərmi atmışdı,dinc insanlar həlak olsalar da, şəhər dağılsa da, heç kəs öz evini tərk etmirdi. Ağdam bir ildən artıq bombalar altında yaşayan şəhərə çevrilmişdi.Ağdam Qarabağın açarı idi,ona görə də düşmən havadarları ilə birlikdə böyük bir xəyanətə əl atdılr.
Ağdam özünümüdafiə dəstələrinin komandirləri terror nəticəsində bir-bir aradan götürüldü, buna baxmayaraq şəhərin müdafiəçiləri sonadək döyüşdülər. Birinci və İkinci Qarabağ müharibəsində Ağdam camaatı dəhşətli günlər və ağrılar yaşayıb.Şəhid xəbəri iki-üç evdən birinin qapısını döyüb,bir ailədən iki nəfər Vətən müharibəsində iştirak edib,torpaqların azad edilməsi üçün şəhidliyi seçib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdamda iki Şəhidlər Xiyabanı salınmışdı. Biri şəhərin yuxarı başında, digəri isə Uzun dərə adlanan ərazidə idi. Xocalı faciəsi qurbanlarının çoxu da burada dəfn edilmişdi. Ermənilər həmin xiyabanları qəddarlıq və vəhşiliklə dağıdıblar. Belə vandallıq və etnik nifrət dünyanın heç bir yerində görünməyib. Ağdam ötən əsrin 80-ci illərində Qarabağda baş verən hadisələrin episentrinə çevrilmişdi. 1988-ci ilin sonlarında Ermənistandan və keçmiş Dağlıq Qarabağdan didərgin salınan on minlərlə azərbaycanlı Ağdam rayonuna pənah gətirmişdilər, ağdamlılar qışın sazağında ermənilərin təcavüzü nəticəsində isti evlərindən didərgin salınan qardaş və bacılarımıza qucaq açdılar, son tikələrini onlarla bölüşdülər. Ağdamda ermənilərin müharibə cinayətləri ölçüyə gəlməzdir,bu dağıntılar ermənilərin qorxulu və təhlükəli mahiyyətindən xəbər verir,azğın düşmən Ağdamda Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçirib.
Ağdam şəhid vermədən,bir güllə atılmadan azad olundu
Otuz ilə yaxın Ermənistanın işğalı və hərbi təcavüzü altında qalan, erməni faşistləri tərəfindən talan edilən,yağmalanan,dağıdılan qədim yurd yerimiz Ağdam azad edildikdən sonra bu torpaqlara həyat qayıdır, quruculuq, dirçəliş, bərpa sürətlə aparılır.İşğaldan azad olunmasından altı il keçməsinə baxmayaraq, düşmənin Ağdamda törətdiyi xarabalıqların yerində yeni və müasir binaların ucalması firavan və xoşbəxt gələcəkdən xəbər verir və Ağdama uzanan rahat yollar keçmiş məcburi köçkünlərin Böyük Qayıdışında müstəsna əhəmiyyət daşıyır. Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu, şəhərsalmanın yeni modelinin tətbiq edildiyi qədim yurd yerimiz regionun ən gözəl şəhərlərindən birinə çevrilir. Bu amal uğrunda Ağdamda çox böyük, yeni və müasir infrastruktur qurulur, yaşayış binaları inşa olunur, məktəblər,xəstəxanalar və digər xidmət sahələri yaradır.Ağdam demək olar ki,hər gün dəyişir,modern bir şəhərə çevrilir, ağıllı şəhər konsepsiyası əsasında qurulur və yaxın gələcəkdə burada yüz min nəfər sakinin yaşayacağı nəzərdə tutulur. Qalib Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti və silahlı qüvvələrimizin qəhrəmanlığı sayəsində döyüş meydanında qazanılan parlaq qələbə vasitəçilərin xahişi ilə aparılan danışıqlarda həlledici rol oynadı və Ağdam bir güllə atılmadan əsarətdən azad edildi. Tarix və müasirlik. Bünövrədən və yenidən tikilən şəhərin əsas cizgiləri belə olacaq.

Ağdam təbiətin yaratdığı canlı muzeyi xatırladırdı, çünki,bu qədim diyarın hər daşının altında bir tarix yatır, burada zəngin yataqlar var,ərazisindən üç çay keçir, ecazkar meşələri,soyuq bulaqları ilə məşhur olub. Məni qınamayın,düşmənin viran qoyduğu Ağdamın xarabalıqları da əzəmətli görünür. Qəhrəman ordumuzun bölmələri Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında elə böyük şücaət, misilsiz döyüş peşəkarlığı göstərdilər ki, nəinki Ermənistan, onun havadarları da təşvişə düşdülər, anladılar ki, Azərbaycan ordusu XXI əsrin ordusudur, cəsur, qorxmaz, fədakar,qəhrəman, yenilməz ordudur. Ermənistan bütün havadarlarının köməyinə baxmayaraq döyüş meydanında məğlub edildi, işğalçının ideoloji və hərbi dayaqları dağıdıldı, düşmən diz çökərək məğlub oldu. Üçtərəfli bəyanatın şərtlərinə görə 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusunun bölmələri tərəfindən boşaldıldı. Ordumuzun bölmələri heç bir itki, şəhid vermədən,bir güllə atılmadan, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. İşğaldan azad ediləndən üç gün sonra,2020-ci il noyabrın 23-də Prezidentimiz, Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və indi bayrağımız orada qürurla dalğalanır. Qalib Ali Baş Komandan Ağdam cümə məscidinin qarşısında çıxış etdi, Hələ tarixi qələbədən əvvəl, 2020-ci il oktyabrın 26-da Prezidentimiz İlham Əliyev xalqa müraciətində ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliyi,döyüş meydanında uduzan ermənilərin dinc yaşayış məntəqələrimizi atəşə tutmasını,mülki əhalinin həlak olmasını dünyanın diqqətinə çatdıraraq sarsılmaz mövqeyini təki torpağımız azad olsun sözləri ilə ifadə etdi. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Modern şəhərin cizgiləri
II Qarabağ savaşı nəticəsində ağır məğlubiyyətə uğrayıb ağ bayraq qaldıran və kapitulyasiya aktına qol çəkən Ermənistan rəhbərliyi 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun Azərbaycana qaytarılması barədə öhdəlik götürdü. Və elə həmin tarixdən də Ağdam öz azadlığına qovuşdu. Düşmənin viran qoyduğu, altını üstünə çevirdiyi Ağdam dünyaya yenidən doğulur. Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam şəhəri müasir şəhərsalmanın ən son modeli əsasında yenidən dirçəlir, düşmənin vurduğu ağır yaralar aradan qaldırılır, bu qədim yurd yeri yenidən qurulur. Şəhərin simvollarından biri hesab edilən Ağdam Dram Teatrının binasının qalıqları açıq səma altında muzeydə saxlanılacaq. Binanın qarşısındakı Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı Fərhadın heykəli zamanı gələndə öz yerinə qaytarılacaq. Şəhərin mərkəzində xarabalıqlar arasında Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. “İşğal” muzeyi Ağdam cümə məscidinin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya olunacaq və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və acı işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən sönbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər. Şəhərdə yenidənqurma işləri elə bir səviyyədə həyata keçirilir ki, həm dayanıqlı, həm də düşmənə gözdağı olsun.Yeni Ağdamın qurulması və modern şəhərsalma dövlətimizin başçısı İlham Əliyevin diplomatiyasının uğur, müvəfəqiyyət formulunun,qalibiyyət təntənəsinin tərkib hissəsidir.
Ağdam şəhər günün mübarək!
Böyük qayıdış Proqramı çərçivəsində 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub. Ağdam şəhəri yenidən qurulur,tarixi abidələr bərpa edilir,modern infrastruktur yaradılır.Bura yolu düşənlər şəhər ərazisində təzadlı bir mənzərənin şahid olurlar. Ağdam böyük bir tikinti meydançasına çevrilib və burada inşa edilən binalarda Şahbulaq daş karxanasında istehsal edilən ağ mişar daşlarından istifadə edilir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni və müasir,dünyada bənzəri olmayan Ağdam şəhəri tikilir.Şəhərin Baş Planına əsasən Ağdam Qarabağın ən böyük sənaye mərkəzi,mədəniyyət ocağı, elm məbədi, musiqi beşiyi, dünyada bənzəri olmayan, ən gözəl və ecazkar bir yaşayış məntəqəsi olur. Ağdam həm də yaşıl bir şəhərə çevrilir. Prezidentin sərəncamı ilə hər il noyabrın 20-də Ağdam şəhər günü təntənə ilə qeyd olunur. Qalib Ali Baş Komandan İlham Əliyevin Ağdam rayonunun erməni işğalından azad edilməsi xəbərini verən andan bu günə qədər qəlbimiz qürurla,ürəyimiz həyəcanla,sevinclə çırpınır. İnsanların, şəhərlərin, kəndlərin taleyində çox bayramlar, çox əziz günlər olur. 20 noyabr günü Ağdam camaatının, Ağdamın ən əziz günlərindən biri, bəlkə də birincisidir. Bəli, bu gün biz çox qürurluyuq, alnıaçıq, üzüağıq. Bu gün biz torpaqları 30 il düşmən işğalında qalıb, onu cəmi 44 gün, 23 saat 43 dəqiqəyə tam azad edən və öz gücü, qəhrəmanlığı sayəsində suverenliyini tam bərpa edən bir xalqın övladı, cəsur ölkənin vətəndaşlarıyıq. Fəxarət hissi keçiririk ki, bizim belə mərd xalqımız, Müzəffər Ali Baş Komandanımız, yenilməz Ordumuz, güclü dövlətimiz, qüdrətli ölkəmiz -Azərbaycanımız var!
Salman Alıoğlu







