…Əcəl aman vermədi ki, Ağdamın işğaldan azad edilməsinin şahidi olsun, canından artıq sevdiyi şəhərin xarabalıqları arasında yanğı ilə, kədər qarışıq sevinclə zümzümə etsin ki, şükür Allaha, indi zəmilərimiz biçilir, torpağımız cana gəlir…
Xarakteri ilə başqalarından yer-göy qədər fərqlənən, bənzərsiz Qədir Rüstəmov. Dünyanın nadir səslər xəritəsinə öz adını yazdıran, bulaq suyu kimi saf səsi ilə ruh dünyamıza çalar qatan , Qarabağın səs abidəsi Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci ilin noyabr ayında Ağdam rayonunda anadan olub. Burada musiqi təhsili alandan sonra Bakı şəhərində ustad xanəndə Hacıbaba Hüseynovun muğam dərslərində iştirak edib.
Qədir Azərbaycanı, doğulub boya başa çatdığı Ağdamı Məcnun kimi sevirdi.Bu məhəbbət onun damarlarında qan yerinə axırdı.Yaxşı yadımdadır, 1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra böyük sənətkar uzaqlara gedə bilmədi. Bir müddət Bərdə də yaşadı. Məcburi köçkünlük qayğıları nə qədər başımızı qatsa da arada bir görüşürdük. Hər dəfə də görüşəndə deyirdi ki, dörd yol tərəfdən gəlirəm, oradan Ağdamın havasını duyuram. Bəlkə də,saatlarla həmin yerdən Ağdama sarı baxırdı, Ağdamsızlıq onu sıxırdı, gen dünyanı başına dar eləyirdi, için için onu yandırırdı. Sonralar Qədir İsmayıllı rayonunda məskən saldı və həmişə də deyirdi ki, buraların təbiəti Ağdamın təbiətinə oxşayır, bir az rahatlıq tapa bilirdi.
Qədir Rüstəmovun sənətinə,onun ifaçılıq məharətinə Ulu Öndər çox yüksək qiymət verirdi,qeyri adiliyi ilə seçilən sənətkar dövlət qayğısı ilə əhatə olunmuşdu.Yüksək fəxri ada layiq görülən Qədir həm də, Azərbaycanın orden və medalları ilə təltif olunub.
Qədir Rüstəmov haqqında mətbuatda çoxlu yazılar yazılıb, haqqında sənədli film çəkilib. Mən də bu böyük sənətkar haqqında bir neçə məqalə yazmışam. Onu da deyim ki, Qədir hər yazını bəyənmirdi, bəyəndiklərini isə qəzetlərdən kəsib saxlayırdı. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları, o cümlədən, “Rast”, “Çahargah” lentə alınaraq milli radionun qızıl fondunda saxlanılır. Qədim xalq mahnısı olan “Sona bülbüllər”ə Qədir Rüstəmov əbədiyaşar bir ömür verib, bu mahnı milyonların qəlbinə həkk olunub, milli musiqi sərvəti kimi qorunur və yaşadılır.Yüz illər keçsə də bu səs yaşayacaq, düşmənlərin yer üzündən sildikləri Ağdam torpağından yenidən zühur edərək göylərə ucalacaq.
44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın qazandığı zəfəri,tarixi qələbəni çox güman ki,ustad sənətkarın ruhu duyub.İşğaldan azad edilən Ağdam şəhərinə səfər edəndə ,qədim İmarətdə olanda Qədir Rüstəmov yadıma düşdü. Ötən əsrin 80-ci illərində İmarətdə keçirilən beynəlxalq “Xarıbülbül” festivalında Qədir elə oxudu ki,elə bil köksündən qopan zəngulələr göy üzündə çaxan şimşəyə bənzəyirdi. Bənzərsiz və ecazkar ifa idi.
Su atdım yara dəydi,
Əlim divara dəydi, ,
Dilim-ağzım qurusun,
Nə dedim yara dəydi
Elə yar- yar deyirlər,
Heç məni demirlər
Ay sona bülbüllər!
Məşhur xanəndə, bənzərsiz muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997)”Şöhrət” ordenli Qədir Rüstəmov 2011-ci il dekabrın 14-də qardaş Türkiyənin İstanbul şəhərində vəfat edib və Bakı şəhərində dəfn olunub.
Ruhun dolaşan Ağdam torpağı işğaldan azad edilib… Ağdama yeni bir həyat qayıdır, perik düşən ruhlar geri qayıdır. Biçilməyən zəmilərimiz biçilir, ağaclarımız çiçək açır, torpaqlarımız dirçəlir, Ağdam küllərindən doğan şəhər kimi yenidən öz yeni tarixinə qovuşur. Qəlbimizdə özünə taxt quran, abidə ucaldan Qədirin adı da Azərbaycanda əbədi yaşayacaq.
Salman Alıoğlu,
Jurnalist






