Dünyaca məşhur müğənni Rihanna və reper Eysap Roki şou-biznesin ən çox diqqət çəkən cütlüklərindən biridir. Uzun illər dostluq edən sənətçilərin münasibəti zamanla sevgiyə çevrilib. Hazırda üç övlad böyüdən cütlüyün tanışlıq və sevgi hekayəsi maraqlı məqamlarla yadda qalıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Rihanna və əsl adı Rakim Mayers olan Eysap Rokinin yolları ilk dəfə 2012-ci ildə “MTV Video Music Awards” mərasimində kəsişib.
Həmin gecə onlar Rihannanın “Cockiness (Love it)” mahnısını birlikdə ifa ediblər. Çıxış zamanı reper gözlənilmədən müğənnini qucaqlayaraq yanağından öpüb. Rihanna sonradan verdiyi müsahibədə bildirib ki, meneceri onun bu hərəkətə əsəbiləşəcəyini düşünüb. Lakin müğənninin reaksiyasını görən menecer onların arasında xüsusi rəğbət olduğunu hiss edib.
Bir il sonra Roki Rihannanın “Diamonds” adlı konsertinə qatılıb. Müğənni isə reperin “Fashion Killa” mahnısının klipində rol alıb. Ekranda sevgililəri canlandıran sənətçilərin münasibəti həmin dövrdə də müzakirələrə səbəb olub. Buna baxmayaraq, hər ikisi aralarında yalnız dostluq münasibətlərinin olduğunu bildirib.
Sonrakı illərdə onların hər birinin şəxsi həyatı fərqli istiqamətdə davam edib. Rihanna iş adamı Hasan Cəmillə, Roki isə model Şanel İmanla münasibətdə olub.
Cütlüyün həyatında əsas dönüş 2020-ci ildə baş verib. Həmin ilin yayında Rihanna və Roki Los-Ancelesdən Nyu-Yorka qədər avtobusla səyahət ediblər. Yolboyu adi insanların həyatına yaxın bir mühitdə vaxt keçiriblər. Müğənninin sözlərinə görə, bu səyahət zamanı onlar bir-birilərini daha yaxından tanıyıblar. Rihanna Rokinin yanında özünü rahat və xoşbəxt hiss etdiyini etiraf edib.
Elə həmin il müğənni sevgilisini doğulduğu Barbados adasına apararaq ailəsi ilə tanış edib. Rihanna bildirib ki, anası adətən yeni tanış olduğu insanlara qarşı ehtiyatlı davranır. Lakin Roki ilk görüşdən onun rəğbətini qazanıb.
2021-ci ildə reper “GQ” jurnalına müsahibəsində Rihannanı həyatının sevgisi adlandırıb. Bununla da cütlük münasibətlərini ictimaiyyət qarşısında təsdiqləyib.
2022-ci ilin yanvarında Rihannanın hamilə olduğu məlum olub. Həmin ilin mayında onların ilk oğlu Riza dünyaya gəlib. 2023-cü ilin fevralında Rihanna ikinci dəfə ana olacağını açıqlayıb. Avqustun 1-də cütlüyün ikinci oğlu Rayot Rouz Mayers doğulub. 2025-ci ilin mayında keçirilən “Met Gala” mərasimində isə Rihanna üçüncü övladını gözlədiyini bildirib. Sentyabrın 13-də cütlüyün qızı Roki Ayriş Mayers dünyaya gəlib.
Üç övlad sahibi olmalarına baxmayaraq, Rihanna və Roki rəsmi nikah bağladıqlarını indiyədək ictimaiyyətə açıqlamayıblar. Reper müxtəlif müsahibələrində müğənnini həyatının ən vacib insanı adlandırsa da, cütlük toy və nişan barədə yayılan məlumatları təsdiqləməyib.
Roki müsahibələrinin birində bildirib ki, üç uşaq böyütmələrinə baxmayaraq, Rihanna ilə romantik görüşlərə vaxt ayırmağa çalışırlar. Onun sözlərinə görə, bəzən xoş axşam keçirmək üçün sadəcə birlikdə kart oynamaq kifayət edir.
Beləliklə, səhnədə başlayan və illərlə dostluq kimi davam edən münasibət zamanla şou-biznesin ən çox maraq doğuran sevgi hekayələrindən birinə çevrilib.












