Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İndiyədək Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin 47 əməkdaşı korrupsiya ittihamı ilə saxlanılıb. Tezadlar,az xəbər verir ki, bu barədə Reuters agentliyi yerli KİV-ə istinadən məlumat yayıb. Məlumata əsasən, saxlanılanlar arasında bələdiyyənin baş katibi, meriya aparatının rəhbəri, bələdiyyənin su idarəsinin sədri və onun müavini də var. Həbs edilənlər arasında İstanbulun həbsdə olan bələdiyyə sədrinin köməkçisinin həyat yoldaşının da yer aldığı bildirilir. Xatırladaq ki, mart ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu korrupsiya və terror təşkilatına dəstək vermək ittihamı ilə həbs olunub. İmamoğlu irəli sürülən ittihamları rədd edir və bu addımları siyasi motivli hesab edir. Onun həbsi isə ölkə miqyasında genişmiqyaslı etirazlara səbəb olub. Son həbslərlə birlikdə ümumi saxlanılanların sayı 150 nəfəri ötüb. Cümhuriyyət Xalq Partiyası (CHP) bu həbsləri qarşıdan gələn seçkilər öncəsi müxalifəti neytrallaşdırmaq məqsədi daşıyan kampaniyanın bir hissəsi kimi qiymətləndirir. Hökumət isə bu iddiaları rədd edir və ədliyyə sisteminin müstəqil olduğunu bildirir.