Balakən qatarının vaqonlarının Bakı–Tbilisi qatarına veriləcəyi ilə bağlı səslənən fikirlər nə dərəcədə doğrudur?..
Şimal-qərb bölgəsində Bakı–Balakən qatarının ləğv ediləcəyi, vaqonlarının isə Bakı–Tbilisi marşrutuna veriləcəyi barədə söhbətlər dolaşır. Bu söhbətlərin yaranmasına səbəb isə dəmiryolunun Qax–Balakən hissəsində bir neçə ay öncə başlayan təmir işlərinin həddindən çox uzanmasıdır.
Tezadlar.az xəbər verir ki, bu barədə Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
“Xatırladıram ki, iyul ayının əvvəlində baş verən seldən sonra bəzi ərazilərdə dəmiryol infrastrukturuna ziyan dəymişdi. O zaman Qax–Balakən hissəsində hərəkət məhdudlaşdırılmışdı. Sonradan isə 1 avqust 2026-cı il tarixindən Bakı–Balakən reysləri tam dayandırılıb.
Məhdud bir ərazidə baş verən zədələnmənin uzun müddət aradan qaldırıla bilməməsi ciddi suallar doğurur.
Xüsusilə də nəzərə alsaq ki, uzun müddət işləməyən infrastruktur ADY tərəfindən əsaslı təmir olunaraq yenicə istifadəyə verilib.
Belə olan halda məhdud bir ərazidə aparılan təmir prosesinin aylarla uzanması haqlı suallar doğurur.
Məsələni bir ADY rəsmisi ilə dəqiqləşdirəndə bildirmişdi ki, marşrut ləğv olunmayacaq, təmir başa çatdıqdan sonra qatarın fəaliyyəti bərpa ediləcək.
Lakin sərnişinlərin artıq konkret tarix eşitməyə ehtiyacı var.
Həm də artıq Bakı–Tbilisi qatarının yeni reysinin məhz Bakı–Balakən qatarının vaqonları ilə həyata keçirilə biləcəyi ilə bağlı iddialar səslənməyə başlayıb. Hətta vaqonlarda belə adların dəyişdirildiyi vurğulanır.
Yaxşı olar ki, ADY rəsmi aydınlıq gətirsin. Balakən–Bakı xəttində hansı işlər görülüb, nə qədər iş qalıb, bərpa niyə uzanır və qatar nə vaxt fəaliyyətə başlayacaq? Vaqonların başqa marşruta verilməsi barədə yayılan söhbətlərə də münasibət bildirilsə faydalı olardı.
Xatırlayıram ki, Bakı–Balakən xəttini bərpa etmək üçün xeyli işlər görülmüşdü. Xeyli investisiya yatırılmışdı bu layihəyə. Yeri gəlmişkən, hökumətin qərarı ilə Balakəndə “Filizçay” yatağının da işlənməsinə start verilib, bölgəyə böyük investisiyaların yatırılacağı gözlənilir.
Belə bir zamanda fəaliyyəti bərpa edilmiş, bölgə sakinlərinin gediş-gəlişi və turizmin inkişafı üçün ciddi əhəmiyyət daşıyan bir marşrutun bağlanması nəinki yanlış, hətta absurd bir qərar olardı”, – deyə o qeyd edib.
Y.Məmmədli







