Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 May 2025 / 12:23

Kasım Jomart Tokayevin Qazaxıstanın sabahına hesablanmış prezidentliyi  

Mayın 17- si Qazaxıstan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kasım Jomart Tokayevin doğum günüdür.

Qazaxıstanın 2-ci prezidenti Kasım Jomart Tokayev 1953-cü il may ayının 17-də indiki Almatıda – qazax ədəbiyyatının detektiv janrının banilərindən olan, eyni zamanda türk mədəniyyətinin və söz sənətinin inkişafına mühüm töhfələr verən məşhur yazıçı, jurnalist Kemel Tokayevin ailəsində dünyaya gəlib. Böyük Vətən Müharibəsi iştirakçısı olmuş Kemel Tokayev bu günlərdə Sovet İttifaqı Qəhrəmanı adına namizəd olub və mükafat vərəqi Qələbənin 80-ci ildönümündə Vladimir Putin tərəfindən Prezident K.J.Tokayevə təqdim olunub.

Anası Turar Şabarbayeva Alma-Ata Pedaqoji Xarici Dillər İnstitutunda çalışıb.

Tokayevin dosyesi çox zəngindir, lakin biz qısa da olsa, onu təqdim edirik. Diqqətinizə çatdıraq ki, siyasi elmlər doktoru, beynəlxalq münasibətlərə dair 10 ktabın müəllifi olan Kasım Jomart Tokayev 2019-cu ildə prezident kürsüsünə qalxanadək artıq dünyada tanınmış, yüksək reputasiyaya malik diplomat və siyasətçi idi. Yəni o, qazax xalqının lideri olanadək uzun bir yol gəlmiş, böyük təcrübə qazanmışdır.

Tokayev siyasətçi idi… O, bu yola 1975-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirən kimi qədəm qoyub: keçmiş SSRİ-nin Çindəki səfirliyində diplomqabağı təcrübə, Pekin Dilçilik İnstitutunda daha bir təcrübə keçib. 1992-ci ildə RF XİN-nin Diplomatik Akademiyasını bitirib. Əmək fəaliyyətinə isə 1975-ci ildə o zamankı SSRİ XİN-də başlayıb və Sinqapur Respublikasındakı sovet səfirliyinə göndərilib. 1984-1985-ci illərdə SSRİ XİN-də çalışıb, daha sonra SSRİ-nin Çin Xalq Respublikasındakı səfirliyinə təyinat alıb və 1991-ci ilə qədər orada müxtəlif vəzifələr daşıyıb.

1992-ci ildə Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini, 1993-cü ildə nazirin birinci müavini vəzifəsinə təyin olunub. 1994-cü ildə ölkənin xarici işlər naziri olub. 1999-cu ilin martında isə QR Baş nazirinin müavini, eyni ilin oktyabrında isə Parlamentin razılığı və Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Baş nazir postuna təyin edilib.

O, 2002-ci ilin yanvarında xarici işlər nazirinin Dövlət Katibi olub. 2007-ci ilin yanvarınadək Parlament Senatının sədri seçilməklə xarici işlər naziri vəzifəsini də icra edib.

Tokayev ümumilikdə 10 il XİN-ə rəhbərlik edib və bu vəzifədə çalışarkən nüvə silahının yayılmaması üzrə qlobal prosesdə fəal iştirakçı olub.

2008-ci ildə Qazaxıstan Parlamentinin yuxarı palatasının sədri kimi o, ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilib. 2011-ci ilin martında BMT Baş katibinin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru və BMT Baş Katibinin Silahsızlanma üzrə Konfransın şəxsi nümayəndəsi təyin edilib. Eyni zamanda, Silahsızlanma Konfransının Baş katibi vəzifəsini icra edib, MDB və Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sədri olub.

2013-cü il oktyabrın 16-da yenidən Parlament Senatının sədri seçilib. 2019-cu ilin 20 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti kimi and içib. O, 2019-cu il iyunun 9-da keçirilən növbədənkənar prezident seçkilərində 70,96 faiz səs toplayaraq qalib gəlib və Qazaxıstan Respublikasının Prezidenti seçilib. 2022-ci ilin noyabrında keçirilən növbədənkənar prezident seçkilərində isə 81,31% səs toplayaraq yenidən qələbə qazanıb.

***

Əslində, Tokayev prezident kimi fəaliyyət göstərməyə başlayan gündən etibarən Qazaxıstanda yeni era – yeni Qazaxıstan dövrü başladı. “Bizim dövlət hakimiyyətinin düsturu: güclü – səlahiyyətli prezident, nüfuzlu, bacarıqlı parlament və xalq qarşısında hesabat verməli olan  hökumətdir”, – vurğulayan Prezident Tokayev çıxışlarında hər zaman deyib ki, onun üçün həm də əsas prioritet məsələ Qazaxıstanın iqtisadi potensialını, suverenliyini və beynəlxalq mövqelərini gücləndirməkdir.

…Təqribən 20 gündən sonra – iyunun 9-da Kasım Jomart Tokayevin Qazaxıstan Respublikasının prezidenti kimi fəaliyyətinin 6 ili tamam olacaq. Tokayevin arzuladığı və görmək istədiyi Qazaxıstanda nələrə nail olduğu isə göz önündədir və bunu statistik göstəricilər də sübut edir.

İlk olaraq qeyd edək ki, Azərbaycanla Qazaxıstan türk xalqları – türk dövlətləri olaraq əsrlərə dayanan dərin köklərə malikdir və tarixi əlaqələr mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılıb. 2008-ci ildə Aktau şəhərində Azərbaycanın Baş konsulluğu açılıb. Azərbaycan Prezidenti İlham Əliyev də regionun Türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsinə, bu qardaşlığın, birliyin qırılmaz tellərlə bağlanmasına hər zaman önəm verib və bu mənada qarşılıqlı olaraq müntəzəm səfərlər edilir.

İndiyədək ölkələrimiz arasında ikitərəfli çoxlu sayda mühüm sənədlər imzalanıb. Onlardan biri də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”dir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının qurucusudır. Prezident Kasım Jomart Tokayev 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Onu da qeyd edək ki, ölkələrimiz arasında birliyin, qardaşlığın rəmzi olaraq Qazaxıstan hökuməti Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikdirib.

Xatırladaq ki, “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında “Rəqəmsal İpək Yolu” (Digital Silk Way ) layihəsinin əsas hissəsi olan  – Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

2023-cü ildən “SOCAR Midstream Operations” MMC Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlini həyata keçirir. 2025-ci ilin yanvarından SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb.

Ölkələrimiz arasında mədəni, siyasi-iqtisadi əlaqələr günbəgün güclənir. Hazırda Azərbaycanda Qazaxıstan investisiyalı 180-dən çox kommersiya qurumu qeydiyyatdadır. Azərbaycandan Qazaxıstana 205,2 milyon dollar, Qazaxıstandan Azərbaycana isə 102,2 milyon dollar investisiya yatırılıb.

Statistikaya nəzər saldıqda 2018-ci ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 258,3 milyon dollar təşkil edirdisə, artıq ötən il bu rəqəm 533 milyon dolları ötüb. Mütəxəssislər iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına yüksəldilməsinin heç də əlçatmaz olmadığını bildirirlər. 2024-cü ildə aqrar əməkdaşlıq nəticəsində ticarət dövriyyəsi 5,6% artıb. Qazaxıstan tərəfi Azərbaycana 130 növ qeyri-xammal mallarının tədarükünü 340 milyon dollardan çox artırmağa hazır olduğunu bildirib və ötən il Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yükdaşımaların həcmi 62% artaraq 4,5 milyon tona çatıb. İki ölkənin dəmir yolları arasında Rəqəmsal Ticarət Dəhlizi platformasının inteqrasiyası başa çatıb. Bu siyahını uzatmaq da olar…

***

…20 milyondan bir qədər çox əhalisi olan Qazaxıstan ərazisinə görə dünyanın doqquzuncu ən böyük ölkəsidir. Avrasiya İnkişaf Bankının (AİB) məlumatına görə, Qazaxıstan hazırda yuxarı orta gəlirli ölkə hesab olunur. 2023-cü ilin sonunda Qazaxıstanın adambaşına düşən ÜDM-i 10,7 min dollar, 2024-cü ilin sonunda  – AİB-in hesablamalarına görə, 11,5 min dollar təşkil edib. AİB Qazaxıstanın artıq  2028-2029-cu illərdə yüksək gəlirli ölkələr sırasına daxil olacağını açıqlayıb. Bu qrupa adambaşına düşən ümumi milli gəliri (ÜMG) 4500-14000 min ABŞ dolları diapazonunda olan iqtisadiyyatlar daxildir, lakin inflyasiyanın hesablanması üçün qrupun sərhədləri hər il yenidən nəzərdən keçirilir.

Avropa Yenidənqurma və İnkişaf Bankının cari ilin may ayının 13-də yaydığı hesabatında qeyd edilir ki, Qazaxıstan 2025-ci ilə güclü iqtisadi göstəricilərlə qədəm qoyub: birinci rübdə real ÜDM illik müqayisədə 8,3% artıb.

Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosunun (MSB) məlumatına görə, 2024-cü ildə qazaxıstanlıların adambaşına düşən orta pul gəlirləri 1,3 milyon təngəni ötüb. Bu, 2019-cu ilə nisbətən (692 min təngə) təxminən iki dəfə çoxdur.

MSB-nin məlumatına görə, 2025-ci ilin birinci rübündə orta əmək haqqı 423 min 133 təngə olub. Ölkədə 2025-ci il yanvarın 1-dən baza pensiyası proqnozlaşdırılan inflyasiyaya uyğun olaraq 6,5 faiz, həmrəylik pensiyası isə 8,5 faiz artırılıb ki, bu da inflyasiya səviyyəsindən 2 faiz çoxdur.

Statistikaya səsasən, deyə bilərik ki, Tokayevin rəhbərlik etdiyi bu dövrdə Qazaxıstanın xarici ticarət dövriyyəsi təxminən 45 faiz artmış və ölkəyə 140 milyard dollar həcmində xarici investisiya cəlb edilib. 2019-cu ildən 2024-cü ilə qədər Qazaxıstan iqtisadiyyatının həcmi dollar ifadəsində 1,6 dəfə artaraq 181,7 milyard dollardan 288 milyard dollara yüksəlib. Həmin dövrdə adambaşına düşən ümumi milli gəlir (ÜMG) əhəmiyyətli dərəcədə artıb – 9,8 min dollardan 14,3 min dollaradək (nominal ifadədə). Ötən il əsas kapitala qoyulan investisiyaların həcmi bir yarım dəfə artaraq 19 trilyon təngədən çox olub. 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 1,3% artaraq 141,4 milyard dollara çatıb: ixrac  3,1% artaraq 81,6 milyard dollara yüksəlib, idxal, əksinə 1% azalaraq 59,8 milyard dollar təşkil edib.

Eyni zamanda, 2024-cü ildə Qazaxıstan (son 10 ildə) taxıl istehaslına görə də rekorda imza atıb. Belə ki, ölkədə 26,7 milyon ton taxıl istehsal olunub və Qazaxıstanın taxıl ixracının ümumi həcmi 8,1 milyon ton təşkil edib. Azərbaycan da Qazaxıstanın taxıl ixrac etdiyi ölkələrdəndir. Qazaxıstan KTN-nin məlumatına görə, 2024-cü ilin sentyabrından 2025-ci il aprelin 27-dək Qazaxıstandan Azərbaycana taxıl tədarükünün həcmi 2023-2024-cü ilin müvafiq dövrü ilə müqayisədə nə az, nə çox 111 dəfə artaraq 5 min tondan 557 min tona çatıb.

Qazaxıstan turizmin inkişafında da dinamika nümayiş etdirir: həm daxili, həm də ölkəyə gələn turist axını artmaqdadır. QR Turizm və İdman Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkəyə 15 milyondan çox xarici qonaq gəlib. Bu da 2023-cü illə müqayisədə demək olar ki, 60 faiz çoxdur. Bu rəqəmlər hökumətin turizm infrastrukturunun təkmilləşdirilməsi sahəsində də səmərəli fəaliyyətini nümayiş etdirir.

***

…Tokayev bu illər ərzində çoxlu sayda mühüm qanunlar imzalayıb. Onlardan biri də uşaqların gələcəyinə hesablanmış – 2023-cü ildə imzaladığı “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına Qazaxıstan Respublikasının Milli Fondundan uşaqlara pul vəsaitinin hesablanması, onların ödənilməsi və istifadəsi məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanundur. Qanuna əsasən, ölkənin Milli Fondunun illik investisiya gəlirinin 50 faizinin uşaqlar 18 yaşına çatanadək xüsusi əmanət hesablarına ayrılması nəzərdə tutulur. Eyni zamanda, uşaqlar və onların qəyyumları bu vəsaiti vaxtından əvvəl çıxara bilməyəcəklər, lakin sonradan həmin vəsaiti yaşayış şəraitini yaxşılaşdırmaq və ya təhsil almaq üçün istifadə etmək hüququna malik olacaqlar.

Ölkədə qazax dilini dəstəkləyən «QAZAQ TILI Endowment Qory» Fondu yaradılıb. Hansı ki, bu Fondun vəzifəsi dövlət dilinin dəstəklənməsi və inkişafı ilə məşğul olan ən böyük ictimai təşkilat olan “Qazax dili” cəmiyyətinin davamlı və uzunmüddətli inkişafını təmin etməkdir. Yeni yaradılmış Fonda ilk olaraq dövlət başçısı K.J.Tokayev öz şəxsi vəsaitindən 7 milyon təngə köçürüb.

Bu, istər dil, istər din, istərsə də milli zəmində sıxışdırmanın, ayrı-seçkiliyin olmadığı, tolerant bir ölkənin başçısı olan Tokayevin Fonda olan diqqəti,  şəxsən iştirakı dövlət dilinin inkişafına və statusunun möhkəmləndirilməsi məsələsinə xüsusi münasibətinin göstəricisidir. Bu, onun qazax dilinə dərin hörmətinin, sevgisinin təzahürüdür.

***

Gəlin, indi də Qazaxıstan Prezidentinin Mətbuat xidmətinin məlumatına əsasən, Tokayevin 2024-cü il ərzindəki fəaliyyət nəticələrinə nəzər salaq:

Beləliklə, 364 gün ərzində K.J.Tokayev 23 dəfə xarici ölkələrə səfər edib – havada 245 saat 18 dəqiqə vaxt keçirib ki, bu da ekvator boyunca planetin ətrafında dörd dəfə uçuşa bərabərdir.

O, 19 çoxtərəfli forum və sammitin iştirakçısı olub, xarici dövlətlərin 22 səfirinin etimadnamələrini qəbul edib və xarici dövlətlərin rəhbərləri ilə 49 telefon danışığı həyata keçirib.

Ölkə daxilində 60-dan çox sənaye və sosial-mədəni obyektə baş çəkib, əhali ilə görüşlər keçirmək üçün respublikanın 11 bölgəsinə işgüzar səfər edib, 41 tədbirdə iştirak edib, ölkəsinin siyasi və ictimai xadimləri ilə 137 görüş keçirib. Həmçinin 3979 sənədə, o cümlədən 95 qanuna, 319 fərmana, 81 sərəncama, 28 iclas protokoluna, 3456 rəsmi sənədə baxıb və imzalayıb.

Bəli, Tokayev daha ədalətli, daha qüdrətli Qazaxıstan qurmaq istəyir. “Mən həmişə və hər yerdə Qazaxıstanın milli maraqlarını müdafiə edəcəyəm”, – deyə bəyan edən Tokayev bunu bacarıb. Bunu bu illər ərzində Qazaxıstanın uğurlu xarici və daxili siyasətindən, güclənən iqtisadi statistikasından görmək olur. Hələ 2022-ci ilin yanvarında dinc aksiyalar qanlı iğtişaşlara çevriləndə o, qazax xalqını demək olar ki, ən kritik məqamdan qurtardı: vətəndaşların təhlükəsizliyi, dövlət birliyi, ölkənin gələcəyi sual altında qalan bir zamanda güclü lider, dünyagörmüş siyasətçi, xalqı qarşısında məsuliyyət, cavabdehlik daşıyan rəhbər olaraq yollar aradı və bu sınaqdan çıxmağı bacardı! Tokayev xalqa məxsus, lakin qeyri-qanuni yollarla Qazaxıstandan daşınmış milyardlarla dollar vəsaiti ölkəsinə qayrtardı. Hesablamalara görə, 2022-ci ildən bəri təxminən bir trilyon təngə dəyərində aktivlər dövlət xəzinəsinə qaytarılıb.

***

Azərbaycanın özünə qardaş hesab etdiyi Qazaxıstan dövləti bu gün inamlı addımlarla irəliləyir. Qardaş ölkənin uğurlarına, günbəgün artan gücünə-qüdrətinə sevinməmək olmur. Güclü dövlətlər isə hər zaman güclü və ağıllı liderlərlə güclü olur!

 

Yasəmən MƏMMƏDLİ

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!