Mayın 21-də Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə sonuncu məhkəmə iclası keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
***
…Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sabiq maliyyə xidmət rəisi barəsində DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında ötən ilin iyununda həbs qətimkan tədbiri seçilib.
İttihamda qeyd olumub ki, təqsirləndirilən şəxs xidmət dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib:
“Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına pul köçürərək mənimsəyib”.
Vahid Novruzlu özünü qismən təqsirli bilib: “Cinayət işi üzrə özümü qismən təqsirli bilirəm. Çünki mən özümdən yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm”.
Bəli, hökmə əsasən, Vahid Novruzlu 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, məhkəmədə açıq şəkildə deyib ki, mən yuxarıdakı yüksək vəzifəli şəxsin tapşırığını yerinə yetirmişəm… Bəs o yüksək vəzifəli kimdir? Yəqinki istintaqda bu şəxsin adı çəkilib. Bəs o istintaqa cəlb edilibmi? Niyə cəlb edilməyib???
A.Məmmədli