Ötən gün Prezident Sərəncamı ilə bir qrup məhkum əfv siyahısına düşdü, azadlığa çıxan da oldu, cəzası azaldılan da… Əfv olunanlar arasında Xalidə İsgəndərova adlı qadın barədə jurnalist Aytən Məmmədova maraqlı şərh yazıb. Sitat: “…Xalidə İsgəndərova Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini Füzuli İsgəndərovun həyat yoldaşıdır. O, ərinin qətlinə görə 18 il azadlıqdan məhrum edilib. 2015-ci ildən həbsdə olan qadının cəzasının qalan hissəsi yarıbayarı azaldıldı.
Onun məhkəməsini əvvəldən sona qədər izləmişdim. Gördüm ki, kifayət qədər yüksək vəzifədə işləyən, neçə-neçə evləri, obyektləri olan bir məmurun evində rahatlıq yox imiş. Rahatlıq nədir, əsl dərəbəylik… Hələ mən ən yumşaq ifadələri yazıram. Xalidə İsgəndərova abırlı qadın idi. Hiss olunurdu ki, o evdə nə ərə, nə də iki qıza söz deyə biləcək ixtiyara sahib idi. Bir dəfə məhkəmədə dedi ki, anamgilə getmək üçün taksipulu tapa bilmirdim… Füzuli İsgəndərova evinə bitişik qarajda isə ona 56-57 bıçaq zərbəsi vurulmuşdu. Xalidə sona qədər deyirdi ki, bu cinayəti mən eləməmişəm. Amma məhkəmə onu təqsirli hesab elədi və 18 il həbs cəzası verdi, 10 ildir həbsdədir…”.
Bəli, bəzən belə bir taleni yaşamaq məcburiyyəti yaranır. Həyat səni imtahana çəkir. Amma haqsansa, o nazilsə də, heç vaxt üzülmür…
A.Məmmədli