Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyun 2025 / 14:30

Şəhid Teymur Osmanlının 30 yaşı doğulduğu İsmayıllıda qeyd edildi – FOTOLAR

…2020-ci il may ayının 31-i… Teymur ailəsi ilə doğum gününü qeyd edirdi – həmin gün onun 25 yaşı tamam olurdu.

Hər kəs sevinc içində idi: xoş sözlər deyilir, arzular dilə gətirilirdi. Kimsənin ağlına gəlməzdi ki, bu, Teymurun özünün də iştirak etdiyi sonuncu ad günü şənliyidir və cəmi 4 ay sonra isə…

***

Həmişə yaxın çevrəsi, ailəsi ilə qeyd edərdi bu özəl gününü. Bu gün isə – 2025-ci il may ayının 31-də onun 30 yaşını qeyd etməyə bütün el-oba yığışıb… Həm də dərin minnətdarlıqla, qürurla, fəxrlə! Nə qədər ağrılı-acılı olsa da…

***

Azərbaycanın elə bir rayonu, qəsəbəsi, kəndi yoxdur ki, orada şəhid məzarı olmasın. İsmayıllı rayonunun Cülyan kəndində də şəhid məzarı var: Teymur Saday oğlu Osmanlının. Minlərlə gənc şəhiddən biridir o! Yaşadığı evin bütün divarlarından Teymur boylanır – fotolarının hər biri hansısa xoş anının yadigarıdır. Valideynləri  – atası Saday bəy, anası Rəmziyyə xanım, qardaşı Samir  Teymurun əllərini toxundurduğu – iz qoyduğu və ona məxsus əşyaları, ətri hopmuş geyimləri,  şəkillərini toplayaraq çox zəngin ev-muzeyi yaradıblar. Bu evdə bir Şəhid Teymur Osmanlı yaşayır! Şəkillərdəki baxışları belə, sanki onu ziyarətə gələnlərlə danışır… O baxışlara baxmaq çox ağırdır…

***

Qeyd: 1995-ci il may ayının 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olan Teymur Osmanlı İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan Dillər Universitetində (ADU) Fransız dili ixtisası üzrə ali təhsil alıb. Təhsil aldığı dövrdə müəllimlərinin, tələbə yoldaşlarının hörmətini qazanır, sevimlisi olur. Universitetdə keçiriliən tədbirlərdə fəal iştirak edir. Təhsilini başa vurduqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır və Tərtərdə yerləşən N saylı hərbi hissədə qulluq edir. Hərbi xidmətdən döndükdən sonra ikinci ali təhsil almaq qərarına gəlir və bu dəfə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur. Qiyabi təhsil almaqla yanaşı, Bakı şəhərində fəaliyyət göstərən 50 saylı notariat ofisində baş mütəxəssis kimi çalışmağa başlayır.

***

…2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 30 ilə yaxın  işğal altında saxladğı ərazilərimizin düşməndən azad edilməsi uğrunda Vətən savaşına başlayanda Teymur Osmanlı vətənpərvər bir gənc kimi kənarda qalmağı özünə rəva bilmir və o, könüllü olaraq ordu sıralarına yazılır.

Torpaqlarımızın düşmən tapdağı altında qalmasına dözməyən Teymur  Azərbaycan torpaqlarının işğaldan azad edənlərdən biri olmaq – tarix yazmaq istədi!  Və bu istəyinə nail oldu – qanı ilə, canı ilə. Bu amalı uğrunda gedən döyüşlərdə düşmənlə savaşa atılaraq Şəhidlik zirvəsinə yüksəldi.

Teymur Osmanlı 2020-ci il oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olaraq şəhadətə ucaldı!

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsi uğrunda” və  “Xocavəndin azad edilməsi uğrunda” medalları ilə təltif edilib. Vaxtilə yaşadığı küçəyə onun adı verilib.

***

Bu gün Teymur Osmanlının doğum günü – 30 yaşı torpağa tapşırıldığı Cülyan kənd qəbiristanlığında qeyd edildi. Əllərində bayraqlar tutmuş məktəb şagirdləri Vətən, torpaq, şəhidlər haqqında şüarlar səsləndirərək məzarlığa doğru irəliləyirlər. Böyük bir izdiham yaşanır. Teymurun görüşünə şəhid anaları, təhsil aldığı  1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirov, həmçinin şagird və müəllimlər, İsmayıllı rayon İH, QHT və media nümayəndələri, kənd sakinləri, yaxınları gəlmişdilər. Məzarına gül-çiçək dəstələri düzüldü, məktəblilər Teymur Osmanlıya  həsr edilmiş “Salam, Teymur” şeirini söylədilər, ruhuna dualar oxundu. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti və igid oğullarımızın şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsindən fəxrlə bəhs etdilər.

Böyük bir izdiham yaşanan tədbiri seyr etdikcə, sabahın əsgəri olacaq vətənpərvər məktəblilərin çıxışlarını dinlədikcə qədirbilən xalqımızın həyatı bahasına bizlərə Zəfər sevinci yaşadan şəhidlərimizi heç zaman unutmayacaqlarını və unutdurmayacaqlarını əminliklə söyləmək olar.

Qeyd edək ki, tədbirdə Xan qızı Natəvan Dünya Azərbaycan Qadınları İB-nin Bakı nümayəndəliyinin rəhbəri Elmira Məmmədova, İB-in üzvləri – BDU-nun Hüquq  fakültəsinin professoru, hüquq elmləri doktoru, Vəkillər Kollegiyasının üzvü Məhəbbət Dəmirçiyeva, Teymur Osmanlının təhsil aldığı Azərbaycan Dillər Universitetinin Baş müəllimi Tahirə Gözəlova, dosent Gülənbər Pirnəzərova, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, bədii qiraət ustası Xalidə Şərifzadə,  keçə rəssamı Maya Babayeva da iştirak edirdilər. Professor Məhəbbət Dəmirçiyeva İB-in adından Şəhidin anası Rəmziyyə xanıma Fəxri diplom təqdim etdi. Xalidə Şərifzadə isə şəhidlərə həsr olunmuş şeir parçası söylədi.

Sonda Şəhidin atası – Bakıda fəaliyyət göstərən 15 saylı notariat kontorunun rəhbəri Saday Osmanlı tədbirə gələn hər kəsə təşəkkürünü bildirdi və oğlu ilə qürur duyduğunu vurğuladı!

***

…Çox idi arzuları Teymurun. Hələ nə qədər həyata keçirəcəyi planları vardı. Bəlkə də hər kəsdən gizlədiyi gözaltısı da vardı… Cəmi 25 yaşındaydı – gəncliyin ən gözəl, qaynar çağlarıydı… Aldığı təhsil, əzmkarlığı, biliyi sayəsində qarşıda onu uğurlu karyera gözləyirdi. Valideynləri onunla fəxr edirdi, hər ata-ana kimi gələcəyini düşünür, xəyallar qururdular: Teymur qızların ən ağıllısını, özünə yaraşanı sevib – seçəcək, toy edəcəklər, gəlin gətirəcəklər, ilk nəvələrini qucaqlarına alacaqlar…. Amma…

Çox şəhid valideynləri kimi onların da arzuları yarım qaldı, ürəkdə, dildə qaldı… Göz yaşı olub yanaqlarından süzüldü… Təsəlliləri Teymurun Vətən uğrunda şəhadətə ucalması oldu!

Bəli, bu Vətən hər zaman Teymur kimi igidləri ilə var olub. Vətən darda olanda onun kimi cəsur, qorxmaz oğullar sinəsini yağı düşmənə sipər edib, qolunun gücünü göstərib, dəmir yumruq olub başlarını zəhərli ilan başı kimi əziblər.

Biz sizlər sayəsində min olduq, milyon olduq, milyonlar olduq, həm də Böyük Xalq olduq, ayaqda qaldıq! Müstəqilliyimiz, suverenliyimiz sizlərin sayəsində qorunub. Torpaqlarımızın bütövlüyü sizlərlə bərpa olunub. Dövlət hər zaman sizin kimi oğullarına güvənərək güclü olub. Bayrağımız ən uca məqamlarda dalğalandı – xəyal etdiyimiz Xankəndidən, Şuşadan salamladı bizləri. Sinəsinə dağ çəkilərək el-obasından pərən-pərən salınmış anaların, bacıların ürəyinə su səpdiniz. Hər gün minnətdarlıq hissi ilə xatırlanırsınız. O torpaqları ziyarət edən hər kəs sizlərin ölməz ruhuna dualar oxuyur, hər məclisdə rəhmətlə anılırsınız. Qəhrəmanlığınız şeirlərə, romanlara köçürüldü. Şəninizə neçə-neçə musiqi əsərləri bəstələndi, sənədli filmlər çəkildi. Sizlərin borcu heç zaman ödənməz…

***

…Bu gün sənin doğum günündür. Doğum günün mübarək qanı ilə bayrağımızı bayraq edən Şəhidim! Doğum günün mübarək milyonların qəlbində taxt quran, daim yaşayan qəhrəman Teymur Osmanlımız! 

“Bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa, Vətəndir!

Ruhuna ehtiramla: Yasəmən Məmmədli

(Bakı-İsmayıllı-Bakı)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!