Millət vəkili Fazil Mustafa ilə Əməkdar jurnalist- politoloq Taleh Şahsuvarlının arasına bərk inciklik düşüb. Səbəb nədir görəsən? T.Şahsuvarlı özünün fb səhifəsində yazır: “İndicə dostlardan biri zəng edib keçirdiyi intellektual böhranı jurnalistikanın ən yüksək standartları çərçivəsində bu gün ifşa etdiyim Fazil Mustafının haqqımda hədyan yazdığını dedi.
Tam səmimi deyim ki, haqqımda söylənən şər və böhtanlara əhəmiyyət vermədiyimdən bir ara ölkə parlamentinin Mədəniyyət komitəsinə də rəhbərlik etmiş Mustafanın tərbiyəsinə, əxlaqına, ədəbinə, leksikonuna qiymət verməyi ictimaiyyətin öz öhdəsinə buraxıram. Ortaya qoyduğumuz fakt və dəlillərə, elmi narrativlərə cavab verməyə sadəcə olaraq səviyyəsi çatmayıb düşüncələrimizi deyil, şəxsiyyətimizi hədəfə alanların, ünvanımıza şər-şəbədə ifraz edənlərin birincisi Fazil Mustafa olmadığı kimi, sonuncusu da o olmayacaq. Odur ki, belələrinin səviyyəsinə enməyə ağlımız, savadımız, mənəviyyatımız, xarakterimiz yol verməz. Cəmil Həsənlinin necə yarımçıq tarixçi olduğunu isbat etdimsə, bu günkü yazımla Fazil Mustafanın da saxta aydın olduğunu eləcə isbatladım. Zatən qəzəb və hikkə partlaması keçirməsi bu üzdəndir.
Fəqət elə buradan bir neçə məsələyə aydınlıq gətirməyi özümə borc bilirəm.
1. Bəli, Babək ilk Azərbaycan dövlətinin qurucusudur! Əvvəla, “Azərbaycan” məhz ərəb istilası dövründə meydana çıxmış toponimdir. Ərəb istilasından əvvəl coğrafiyamızda mövcud olmuş heç bir dövlət “Azərbaycan” toponiminə aid ola bilməyəcəyi kimi, Babəkin yaratdığı dövlət də ərəb istilasından sonra yaranan ilk dövlətimizdir. Babəkin bir dövlət yaratmasını və hökmdar olmasını orta çağ qaynaqlarının çoxu isbat edir. Eləcə də AMEA Tarix institutunda aparılan son tədqiqatlar məhz bu yöndədir. Ət-Təbəri də daxil olmaqla bir çox ərəb qaynaqlarında “Babəkin ölkəsi”, “Babəkin Azərbaycanı” istilahlarına rast gəlinir. Ziya Bünyadov kimi son dərəcə görkəmli tarixçi Babəkin öz dövründə bir hökmdar sayıldığını konkret mənbələrlə ortaya qoyur. Səhl Sumbat Babəkə “ağam”, “padşahım” deyir. Məşhur hədis alimi Cəlaləddin əs-Suyuti Babəki “Azərbaycan məliki” adlandırır. Əgər bütün bunları bilmək mənim savadsızlığım, bilməmək Fazil Mustafanın savadlılığıdırsa, qoy olsun. Çünki məsələnin bundan sonrakı davamı artıq boş qazanın danqıltısı məsələsidir.
2. Fazil Mustafa bizi nəinki parlamentari, hətta normal insani mədəniyyətlə bir araya sığmayan bir şəkildə “XXI əsrdə yaşayıb Orta əsrlərdən həzz almaqda” suçlayır. Mən nəinki orta çağlar, hətta uzaq qalaktikalar barədə elmi kəşflərdən də həzz alan adamam. Bu, bir intellektual zövqdür, duyğudur. Fazil Mustafa məşğul olduğu bütün sahələrdə- siyasətdə, hüquqda, fəlsəfədə yarımçıq olduğundan bu duyğunu nə yaşaya bilər, nə anlaya. Dad yarımçıq əlindən!
3. Həmidə xanım Cavanşir də, Xurşudbanu Natəvan da, Raziyyə bəyim Səfəvi də, Pərixan Sultan da, Aləmşah bəyim də, Sara xatun da, Mömünə xatun da Azərbaycan qadınıdır. Hər biri ilə fəxr edir, qürur duyuruq. Ulu babalarımız Alp Ər Tunqa, Babək, Şah İsmayıl, Nadir şah olduğu kimi ulu nənələrimiz də aralarında Taclı bəyim də olmaqla Azərbaycan etnosunun qurduğu dövlətlərin idarə olunmasında söz sahibi olmuş, bəzən də düşmən üstünə ordu sərkərdəsi kimi getmiş cəsur xanımlardır. Biz bir millət olaraq, Azərbaycan coğrafiyasının övladları olaraq dədələrimizdən utanmadığımız kimi, nənələrimizdən də utanmırıq. Azərbaycana həm ata yurd, həm də ana vətən deyirik.
4. Fazil Mustafanın öz fikirlərini- yanlış və ya doğru- söyləməsinə, ifadə etməsinə şəxsən mənim bir etirazım yoxdur. Amma bir daha deyirəm: Azərbaycanda bir partiya sədrinin, PA-da şöbə müdiri vəzifəsi tutmuş bir sabiq məmurun, nəhayət Azərbaycan parlamentinin İctimai birliklər və dini qurumlarla iş komitəsi kimi ideoloji ağırlığı yüksək olan bir heyətinin sədrinin milli identifikasiyamızın təməllərinə savaş açmasını mən nə qəbul edir, nə də təsadüf sayıram.
5. Allahın lütfünə baxın ki, Fazil Mustafa məni 4 iyun günü qaralayır. Elçibəy hakimiyyəti dövründə PA-da hüquq-mühafizə orqanları ilə işə rəhbərlik etmiş bəy əfəndinin həddən artıq “yüksək peşəkarlığı”nın nəticəsidir ki, digər komanda yoldaşları Surətin qabağından heç olmazsa bağa, kəndə-kəsəyə qaçdığı halda, bu, Türkiyədə bənd almışdı… Amma bunların üstünə gəlməyəcəm. Sadəcə, Elçibəy hakimiyyəti dövründə Daxili İşlər Nazirinə verdiyi bir təlimatın üstünə İskəndər Həmidovun yazdığı cavabı xatırladacam. O cavab elə mənim də sənə son sözüm olsun, Fazil!!!”.
XXX
Bu isə Fazil Mustafanın bundan əvvəl yazdığı statusu:
“Azərbaycan jurnalistikasında sifarişli yazı müəllifi deyəndə ilk ağla gələn məhz Taleh Şahsuvarlı olur. Bu işi də uğurla yerinə yetirdiyini düşünmürəm. Təkcə Aslan İsmayılovla məhkəmə çəkişməsində “qələt” prosesini necə tamamladığı hamımıza bəllidir. İndi bir sayt redaktoru kimi artıq neçənci dəfədir fikirlərimizə ağıl qoymaq üçün ədəbsiz üslubda bir palaz yazı yazır. Tarix mövzusunda ümumiyyətlə savadsız olan bu şəxs vaxtilə bizimlə televiziya debatında bunu gülüş doğuracaq səviyyədə “Babək Azərbaycan dövlətinin qurucusudur” deyərək isbatlamışdı. Tanıdığım 30 ildə düşüncə tərəqqisindən nəsibini almamış bu xaraktersiz şəxs əlbəttə hər hansı bir tənqidi yazı yaza bilər, tezislərimizi təkzib edə bilər. Hətta bu yazısında belə öz ulu babası olaraq Möminə xatunu və ya Şah İsmayılın zövcəsi Taclı xatunu göstərməsini də eyni bilgisizliklə əlaqələndirsəm də, bu məqam üzərində durmaq istəmirəm. Bunlar XXI əsrdə yaşayıb Orta əsrlərdən həzz alan bir sürü keçmişin mazoxizmini yaşayan məxluqlardır. Hətta Azərbaycan qadını obrazını belə XX əsrin Həmidə xanım Məmmədquluzadə, Məryəm xanım Bayraməlibəyova, Şükriyyə xanım Cavadda deyil, mütərəqqi fəaliyyətləri barədə ciddi elmi bilgilərin olmadığı tarixi personalarda axtarmaqdan aşkar ərdəmsizlik nə ola bilər ki? Onsuz da bu cahillərin toplu cavabını əsərlərimdə tutarlı şəkildə verirəm. Mənim iradım hər dəfə bu cür yazıların “işverənlik” təmayülünədir. Bu tipajlar barəmdə hər yazıda belə bir ifadəyə ehtiyac duyurlar: bu vəzifədə olan şəxs gərək belə yazmasın, deməsin. Eyni professor Saleh Məmmədovun ali rəhbərliyə ünvanladığı müraciətdə olduğu kimi. Bu xəstələr hələ də anlamırlar ki, mən məhz onların səfeh mülahizələrini alt-üst çevirmək vəzifəsindəyəm!!! Mən tutduğum vəzifələrə və statusuma görə fikirlərimi, düşüncələrimi yazmaqdan, söyləməkdən çəkinsəydim bu cür bəsit düşüncəli şəxslərdən fərqim nə olardı?
Üzülərək söyləyirəm ki, biz Azərbaycanın qaranlıq keçmişini qabardanlara aydınlıq tariximizin tutarlı dəlilləri ilə cavab vermədikcə, sağlam mühakiməli insanların bu cəmiyyətə yön verməsini hələ uzun illər görə bilməyəcəyik…”.