Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Parlamenti bu gün Gürcüstanda media azadlığı və siyasi təzyiqlərlə bağlı sərt ifadələrlə dolu qətnaməni səsverməyə çıxaracaq. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, “Gürcüstanda media azadlığı, xüsusilə Mzia Amaqlobelinin işi” adlı sənəd beş əsas siyasi qrupdan olan 63 deputatın təşəbbüsü ilə irəli sürülüb. Qətnamədə Gürcüstandakı hazırkı hakimiyyətin – “Gürcü Arzusu”nun demokratik institutlara, müstəqil mediaya, vətəndaş cəmiyyətinə və siyasi müxalifətə qarşı sistemli hücumları sərt şəkildə qınanır. Avropa Parlamenti jurnalist Mzia Amaqlobelinin dərhal və qeyd-şərtsiz azad olunmasını, ona qarşı bütün ittihamların ləğvini tələb edir. Deputatlar onun həbsi və cinayət təqibini siyasi motivli hesab edirlər. Sənəddə Gürcüstanda jurnalistlərə qarşı artan təzyiqlər, özbaşına həbslər, fiziki və psixoloji zorakılıq, böhtan kampaniyaları və gender əsaslı zorakılıq halları da xüsusi narahatlıq doğuran məsələ kimi qeyd olunur. Avropa Parlamenti bu halların dərhal araşdırılmasını və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasını tələb edir. Qətnamədə həmçinin siyasi məhbusların – o cümlədən fəal Mate Devizde, müxalifət liderləri Zurab Japaridze, Nika Melia və Nika Gvaramia, eləcə də keçmiş prezident Mixeil Saakaşvilinin – dərhal azadlığa buraxılması çağırışı yer alır. “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuchavanın ailəsinə qarşı təhdidlər və həyat yoldaşının oğurlanması iddiaları da kəskin şəkildə qınanır. Avropa Parlamenti Gürcüstanda qəbul edilən repressiv qanunların, xüsusilə “xarici təsirin şəffaflığı haqqında” (FARA) qanunun ləğvini və ölkədə demokratiya ilə azadlıqların bərpasını tələb edir. Qurum Avropa İttifaqını Gürcüstandakı müstəqil media və QHT-lərə dəstəyini artırmağa çağırır. Sonda Avropa Parlamenti Avropa İttifaqı ölkələrini “Gürcü Arzusu” partiyasının liderləri və digər məsul şəxslərə qarşı sanksiyalar tətbiq etməyə səsləyib. Qətnamənin nüsxəsinin Avropa İttifaqının bütün əsas strukturlarına, Gürcüstanın hazırkı rəhbərliyinə və beynəlxalq təşkilatlara göndəriləcəyi bildirilib.