Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Mətbuat Federasiyasının üzvü, “Təzadlar” qəzetinin və eyni adlı tezadlar.az portalının rəhbəri, jurnalist Asif Mərzili Azərbaycan Respublikasının daxili işlər naziri, General-polkovnik Vilayət Eyvazova müraciət edib. Jurnalist müraciətində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Rəşid Piriyevə etdiyi şikayətə bu günədək cavab verilməməsi və ona yazılmış əsassız və qanunsuz cərimələrin silinməməsindən yazıb. Aşağıda həmin müraciəti ixtisarla təqdim edirik:
“Çox hörmətli Vilayət müəllim! 02.04.2025 tarixdə, səhər saatlarında yaşadığım Xətai rayonu, F.Bayramov küçəsindən(köhnə ünvan: Tağızadə-11-15) çıxaraq iş yerimə-«Azərbaycan» nəşriyyatına (Mətbuat prospekti) gedərkən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mənə əsassız olaraq İXM-nin 327.1-1. 5.9, 5.10.1 – 5.10.3 maddəsi ilə 100 manat cərimə tətbiq edildiyinin şahidi oldum. Həmin maddədə deyilir: «327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir».
Bildirirəm ki, adı çəkilən küçə 5 zolaqlı Afiyəddin Cəlilov küçəsidir. Hər səhər peşə fəaliyyətimlə əlaqədar bu küçəyə daxil olaraq iş yerimə-«Azərbaycan» nəşriyyatına gedirəm. Həmin gün də adəti üzrə səhər saatlarında evdən çıxaraq köməkçi yol olan F.Bayramov küçəsindən A.Cəlilov küçəsinə çıxmaq istəmişəm.
Xatırladım ki, 5 zolaqlı A.Cəlilov küçəsi bir müddətdir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 40 faiz daraldılaraq sağdan (mənim çıxmaq istədiyim tərəfdən) 1-ci zolaq velosipedə, ikinci sol zolaq isə BUS üçün ayrılmışdır. Beləliklə, bütün sürücülər kimi mən də hər səhər bu iki küçənin kəsişməsindəki tıxacdan can qurtarıb işə getmək üçün ciddi səy göstərirəm ki, qaydalara əməl edərək əsas yola çıxa bilim. Bu ərazilərdə isə alternativ yol yoxdur, səhər və axşam saatlarında ərazi tıxacla yüklü olur.
Hər səhər A.Cəlilov küçəsi ilə Yusif Səfərov küçələrində inanılmaz tıxac yaşanır. DİN hər gün bu barədə məlumat yayır. A.Cəlilov küçəsinə isə 8 Noyabr, Babək və H.Əliyev prospektlərindən güclü nəqliyyat axını olduğu üçün bəzən tıxac Ağ Şəhərədək uzanır. Ona görə də köməkçi yollardan A.Cəlilov küçəsinə çıxmaq istəyən sürücülər böyük bir çətinliklə üzləşirlər. Çünki nəqliyyat sıxlığına görə avtomobillər arasında məsafə bəzən 20-30 sm olur(fotoşəkillər və videogörüntülər təqdim edilir). Mən də cərimə yazılan həmin gün F.Bayramov küçəsindən sağa-mərkəz istiqamətinə getmək istəyərkən tıxacı nəzərə alıb əvvəlcə kənarda ən azı 10 dəqiqə gözləmişəm. Çünki sağa dönmək üçün velosiped və BUS zolaqlarını keçib soldakı birinci cərgənin (sağdan 3-cü) boşalmasını gözə almalıyam. Soldan 3-cü zolaqdakı avtomobillər isə qeyd etdiyim kimi, o qədər sıx dayanırlar ki, onların nə vaxtsa F.Bayramov küçəsindən və ya digər köməkçi yollardan gələn avtomobillərə yol verəcəyi ehtimalı çox az olur. Mən digər sürücülər kimi, bəzən sola dönmə və ya uzaqvuran işıqla əvvəlcədən işarə verərək donəcəyim nöqtədə yol vermələrini xahiş edirik. Və məcbur olub bəzən velosiped və BUS zolaqlarını da keçərək 3-cü zolağın tinində dayanmalı oluruq ki, soldakı avtomobil ötəndən sonra arxadan gələnlər bizə yol versinlər. Tıxacdan bezən və əsas yoldakı zolaqda olan sürücülər isə bəzən bunu mümkünsüz edirlər.
Beləliklə, 02 aprel 2025-ci il tarixdə qeyd etdiyim qaydada sola-3-cü zolağa çıxıb cərgələnmiş avtomobillərin yol verməsini gözləmişəm. Həmin anda avtobus və ya velosiped zolağında heç bir nəqliyyat vasitəsi olmamışdır. Lakin 3-cü cərgədəki sürücülərin mənə və ya digər sürücülərə yol verməsi, həmin zolağa daxil olmağımız üçün sağda-A.Cəlilov küçəsinin Y.Səfərov küçəsi ilə kəsişməsindəki işıqfor açılmalıdır ki, cərgədəki avtomobillər hərəkət etsin, biz sürücülər də əolağa daxil ola bilək. Həmin işıqfor isə 20 saniyəlik olduğundan bəzən bu mümkünsüz olur. Nəticədə, işıqfor yanana və 3-cü zolaqdakı nəqliyyat vasitələrinin yol verməsinədək, əgər təsadüfən avtobus və ya təcili yardım və s. zolağa daxil olursa, sürücülər süni kamera tələsinə salınırlar. Həmin gün də qısa vaxtda yol açılıb və ardınca zolaqdakı avtobus hərəkətinə başlayıb, ona heç bir maneçiliyim olmayıb. Yəni, mən avtobus zolağına daxil olmamışam. Məntiqlə də, əgər yol açıqdırsa və mən bir jurnalist olaraq hər gün DYP-nin müsbət işlərini təbliğ edirəmsə, niyə qayda pozub avtobus yolunda hərəkət etməliyəm??? Bilə-bilə ki, cəriməsi aldığım təqaüdün 30 faizi qədərindədir! İXM-nin 327.1-1. maddəsinin sanksiyasında da deyilir ki, sürücü «…ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda…» hərəkət edərsə 100 (yüz) manat məbləğində cərimə edilir. Mən isə BUS və ya velosiped yolunda hərəkətimi davam etdirməmişəm, iş yerinə getmək üçün A.Cəlilov küçəsinin əsassız olaraq 40 faiz daraldılmış zolaqlarını keçərək 3-cü zolağa keçmişəm.
Cənab nazir! Diqqətinizə çatdırıram ki, bu cərimə 02 aprel 2025-ci ildə tətbiq edilib, mənə isə heç bir foto və ya videogörüntü təqdim edilməyib. Halbuki cərimə tətbiq edən Baş DYPİ-nin birbaşa vəzifəsidir və qanunvericilikdə də belə yazılır ki, sürücüyə müvafiq qaydada məlumat verilməlidir. Mən yanlız bu cərimədən 17 aprel 2025-ci ildə təsadüfən xəbər tutmuşam və dərhal Daxili İşlər Nazirliyinin rəsmi saytına və e-polis portalına daxil olaraq şikayət vermişəm. Həmin bölmədə mənə yazılmış, lakin mənə heç bir məlumat verilməmiş daha 4 qayda pozuntusu görmüşəm və bu barədə cərimələrin hər birindən şikayət yazıb göndərmişəm. Bu günədək mənə qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməyib, tədbir görülmür. Üstəlik, bu əsassız cərimələr barədə DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyevə də bildirmişəm, araşdırılacağını demişdir, amma hələ də nəticə yoxdur.
Polis kapitanı Xəlil Cəfərov: «Görürsüz ki, Bakıda tıxacdır, həlli mümkünsüzdür, siz də çalışın maşın sürməyin!».
Cənab nazir, heç bir tədbir görülmədiyini və yazılı şikayətimə rəsmi mövqe bildirilmədiyini nəzərə alaraq 08 may 2025-ci ildə T-2025-05-04-08 saylı rəsmi məktubla Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevə rəsmi ərizə ilə müraciət etmişəm. May ayının 14-də İdarənin 104-cü kabinetində xidməti vəzifə aparan təhqiqatçı, polis kapitanı Xəlil Cəfərov mənə zəng etdi, idarəyə dəvət etdi, saat 15:00 radələrində onunla iş yerində görüşdüm. Kəmər taxılmaması və avtobus əolağında hərəkətlə bağlı tətbiq edilmiş əsassız cərimələrlə əlaqədar ərizəmi müzakirə etdi. Onun kömpüterində olan fotoşəkillərə birlikdə baxdıq. Qısa olaraq deyim ki, hər iki cərimə protokolunun tətbiqinin əsassız olduğu ortaya çıxdı, o da dolayısı ilə etiraf etdi. Bu barədə izahatımda ətraflı yazmışam. Sonda cənab X.Səfərovdan xahiş etdim ki, rəhbərliyə məruzəsindən çox şey asılıdır, ədalətli qərar qəbul edilsin. Üstündən təxminən on gün keçsə də, cənab X.Səfərov qəbul etdiyi qərarı barədə mənə heç bir məlumat vermədiyindən dəfələrlə ona zəng etməli oldum, məlum oldu ki, telefonumu bloka atıb. Nəhayət, sonuncu dəfə may ayının 21-də, gündüz saatlarında onunla telefon əlaqəsi yaratdım, bu dəfə onun şəxsi mobil telefonuna cavab verən «şəxs» (amma özünün səsi idi) əvvəlcə bildirdi ki, vacib işi var, yarım saat sonra zəng edim. Deyilən vaxtda bir də yığdım, yenə də cavab verən «şəxs» bu dəfə təhqiqatçı X.Cəfərovun nahardan sonra olacağını (mən 12:35 radələrində zəng etmişəm, nahar vaxtına hələ xeyli vaxt var idi) bildirdi. Bundan sonra sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım, nazirliyin əməkdaşı Nurlan Əliyevə problemi söylədim. Sonradan Bakı şəhər DYP-nin mətbuat xidmətinin rəhbəri olan Rüfət adlı şəxs mənə zəng vurub bildirdi ki, araşdırdıq, təhqiqatçının qərarı verilib, cərimələr ödənilməlidir. Dedim, bəs mənə niyə rəsmi cavab verilmir? Bəlkə həmin qərardan aidiyyəti üzrə şikayət verəcəyəm!
Cənab nazir, mən təhqiqatçı Xəlil Cəfərovla görüşümdə əsassız qayda pozuntuları cərimələrinin mahiyyətini izah edəndə, o mənə açıq şəkildə belə bir inanılmaz mövqeyini bildirdi: «Görürsüz ki, Bakıda tıxacdır, həlli mümkünsüzdür, siz də çalışın maşın sürməyin!». İdarədə məsul vəzifə daşıyan kapitan X.Cəfərovun diqqətinə çatdırdım ki, onda bizə bu avtomobilləri xaricdən gətirib niyə satırlar???
Beləliklə, məcbur olub təkrarən T-2025-05-04-22, 22.05.2025 –ci il tarixli məktubla yenidən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevə rəsmi ərizə ilə müraciət etdim və idarədə birbaşa olaraq həmin məktubu mətbuat xidmətinin rəhbəri Rüfət adlı polis leytenantı ilə görüşərək ona təqdim etdim. Lakin sonuncu ərizəm də bu günədək cavabsız qalıb.
Cənab nazir, ona görə də məcbur olaraq Sizə müraciət etməli oldum. Yuxarıda qeyd edilənlərdən belə başa düşmək olar ki, əgər sürücülərə hansısa cərimə yazılırsa, o, şikayət versə belə, tədbir görüləcəyinə əmin olmadığından həmin cəriməni mütləq ödəməlidir? Amma inanıram ki, Siz belə ədalətsiz davranışı qəbul etmirsiniz və adı çəkilən qurumlarda vətəndaş şikayətinə həssas yanaşılmanın tərəfdarısınız.
Mən 40 ilə yaxındır rəsmi və müstəqil mətbuatda çalışmışam, indi də fəaliyyətimi davam etdirirəm, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında əlimdən gələni etmişəm və bu istiqamətdə fəaliyyətimi davam etdirirəm. Bu fəaliyyətim rəsmi dövlət qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Bu yaxınlarda isə yaşımla əlaqədar təqaüdə çıxmışam və 320 manat pensiya alıram (jurnalist fəaliyyətimi davam etdirməklə). Hazırda mənə əsassız olaraq tətbiq edilmiş cərimələri isə bu təqaüdlə ödəmək imkanında deyiləm. Halbuki mən əsaslı cərimə olardısa, onu borc alaraq belə ödəməyə hazıram. Amma mən haqqın və ədalətin tərəfdarıyam. Ən maraqlısı budur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev bir aydan çoxdur mənə qəsdən rəsmi cavab vermir ki, narazı qaldığım təqdirdə məhkəməyə müraciət edim.
Odur ki, bunları nəzərə alaraq xahiş edirəm:
-Mənə məxsus 90DL707 dövlət nömrə nişanlı, 2006-cı il buraxılışlı, dizel mühərrikli, “”Mersedes-Benz” markalı avtomobilə əsassız olaraq yazılmış cərimənin silinməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz.
Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm. Səmimiyyətlə qeyd edirəm ki, burada söhbət o cərimənin məbləğindən deyil, ədalətin və haqqın bərpasından, vətəndaş məmuniyyətinin tanınmasından gedir.
Hörmətlə:
Asif Mərzili (Məmmədov),
Baş redaktor
Zəruri qeyd: bütün maddi sübutlar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim edilmişdir”.
REDAKSİYADAN: inanırıq ki, jurnalistin müraciəti cavabsız qalmayacaq…