Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dahilərdən birinin sözüdür, deyib ki, insan o zaman unudulur ki, onun xatirələrini yaşadan sonuncu insan bu dünyadan köçür. Yəqin ki, dahi Xudu Məmmədov da “Tanrı insanı yaşada bilmir, el yaşadır” deyəndə əməlləri ilə ürəklərə yol tapan, xoş xatirələrdə yaşadılan insanları nəzərdə tuturdu.
Bu gün daha xatirələrdə yaşayan dostlarımızdan birinin də anım günü ərəfəsindəyik – Qələndər Əkbər oğlu Xıdırovun (30.06.1955-29.06.2023).
Bir zamanlar dərs dediyi minlərlə şagirdinin, sonuncu iş yeri olan ali məktəbdəki tələbələrinin, dostlarının, müəllim həmkarlarının hər an yada saldıqları, xatirəsini əziz tutduqları ağır atletika üzrə SSRİ idman ustası, “Qabaqçıl idman ustası” fəxri adına layiq görülmüş, Birinci Qarabağ müharibəsi qazisi Qələndər Xıdırovun iyun ayının 29-da anım günüdür – ad gününə bir gün qalmış bizi tərk edib haqq dünyasına qovuşmasının ikinci ildönümüdür.
Hələ sağlığında “Qələndər Xıdırov: Bilinməyən həqiqətlər” kitabını, son iki ildə isə haqqında bir neçə məqalə və “Səninlə sənziz” adlı kitab yazsam da, vəfatının ikinci ildönümündə də ürəyimdəki dost itkisinin ağrısına “su səpmək” üçün qələm götürdüm. Amma…

Qərara gəldim ki, Qələndər müəllimin sadiq dostlarından Qələndər Məmmədovun, Qərib İsmayılın, Allahverdi Nəsiboğlunun, Ərşad Bayramovun, Fikrət Əliyevin… adından “Səninlə sənsiz”in aşağıdakı “Son söz”ünü elegiya olaraq paylaşım.
***
“Son söz!” Əslində hər hansı bir kitab haqqında “son söz” oxuçuların olmalıdır. Onların oxuduqları və söyləyəcəkləri rəy və təklifləri “son söz” adlandırmalıyıq… Ancaq “Səninlə sənsiz”in sonunda müəllif olaraq bir neçə fikrimi oxucularla bölüşmək istəyirəm.
Bir avropalının sözüdür, deyib ki, bədbinlik əhval-ruhiyyədir, nikbinlik – iradə. Bu müdrik kəlama istinad edərək deyə bilərəm ki, mərhum Qələndər Xıdırov ruhən nikbin insan idi. Seçdiyi peşəsi də iradə, dözüm, səbr tələb edirdi. Görünür, Tanrı o nikbinliyi verməklə onu erkən yaşlarından idmanı, özü də idmanın ən ağır növünü seçməyə yönəltmişdi…
Hörmətli oxucu! Yəqin ki, “Səninlə sənsiz”in son səhifəsini qatlayandan sonra kitabda Qələndər müəllim haqqında yazılanları xəyalınızdan keçirəcəksiniz. Əgər oxuduqlarınız tanınmış idmançı, hörmətli müəllim, dəyərli insan, fəal vətəndaş mövqeyini həmişə hər yerdə sərgiləməyi bacaran Qələndər Əkbər oğlu Xıdırov haqqında dolğun, eyni zamanda onun fiziki yoxluğuna ürəyinizdə təsəlli olan təəssürat yarada bilibsə, deməli, mən istəyimə çatmış oluram. Əgər oxucularda “Həyat göstərir ki, insanın dəyəri əxlaqının saflığı və əməllərinin faydalılığı ilə ölçülür” fikri formalaşacaqsa, istəyimə çatmış oluram. Əgər gələcək nəsllərə bu kitabla Qələndər müəllimi tanıda bilmək baxımından, bir fikir çatdırmaq gücü varsa, istəyimə çatmış oluram…

Dinimizdən gələn belə bir fikir var ki, cənnətin açarları Allahın varlığını sübut edənlər və xeyir işlər görənlər üçündür. Qələndər müəllim doğma Mərzilimizin adını idman uğurları ilə Azərbaycanın və keçmiş SSRİ-nin idman tarixinə yazdırmış, 1998-1993-cü illərdə canını düşmənə qarşı sipər etmiş, xeyirxahlığı, səmimiyyəti, ad-sanına yaraşan sadəliyi ilə fərqlənən şəxsiyyət idi. Bir sözlə, Qələndər müəllim Allahın seçilmişlərindən idi…
Kimsə gördüyü hər hansı bir işin sonunda səhv etmədiyini düşünürsə, səhv etmiş olur. Bu baxımdan, hörmətli oxucu, ola bilər ki, kitabda hansısa fikirlərimi yanlış kimi, səhv kimi qəbul edənlər də olsun. Belə halda, iradınızı, rəyinizi və təkliflərinizi qəbul etməyə hazıram…
Bir vaxtlar Qələndər müəllim deyərdi ki, “dost” sözünü iki yerə bölürəm: biri var mənə dost deyənlər, bir də var mən dost dediklərim… Unudulmaz insan, sağlığında sənə dost deyənlərin, səni özünə arxa bilənlərin sayının azalmayacağına ümidliyəm…
Ruhun şad, məkanın cənnət olsun, unudulmaz dost!
Yusif Millətoğlu,
şair-publisist, AYB-nin üzvü