Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2025 / 11:45

Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Lənkəran – Şirinsu mənzərələri” adlı etüd-sərgi keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və “Oxu” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib.

TEZADLAR.AZ    xəbər verir ki, “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində keçirilən “Lənkəran – Şirinsu mənzərələri” adlı etüd-sərginin layihə rəhbəri Aygün Əzizova idi. Sərgidə “Oxu” Tədris Mərkəzinin 25 nəfərdən ibarət müəllim, şagird kollektivi iştirak edirdi. Rəssam etüdü Lənkəranda Palıdlı Sahil İstirahət Mərkəzinin ərazisində həyata keçirildi və canlı sərgi təşkil olundu. “Oxu” Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova etüd dərsi keçdi, rəssamlar böyük zövqlə Lənkəran təbiətinin füsünkar mənzərələrini kətan üzərinə köçürdülər. Etüd-sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova etüd və sərgilərin rəssamların həyatında, sənətlərinin inkişafında mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, məqsədimiz gənc nəslin vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyası ilə yetişdirilməsidir. “Oxu” Tədris Mərkəzinin rəhbəri, psixoloq və psixopedaqoq Rəşidə Allahverdiyeva tədbirdə çıxışı zamanı vurğuladı ki, bu tədbir sadəcə rəsm sərgisi deyildi:

“Burada hər bir fırça izində sevgi, birlik və anlayış var idi. Xüsusi qayğıya ehtiyacı olan və sağlam uşaqların bir arada olması – bizim təhsil fəlsəfəmizin təntənəsidir. Biz çalışırıq ki, bütün uşaqlar cəmiyyətə inteqrasiya olunsun, onların hər biri sosial həyatın bir parçası kimi qəbul edilsin”, – deyə qeyd etdi.

Mərkəzin digər rəhbəri və pedaqoq Taleh Məhəmmədov isə tədbir zamanı qeyd etdi ki, uşaqların çəkdiyi rəsmlərdə yalnız rənglər yox, ümid, xoşbəxtlik və bərabərlik var idi.

“Uzaq məsafələrə baxmayaraq, bu tədbirə qoşulan ailələrə təşəkkür edirəm. Məqsədimiz – sağlam və xüsusi qayğıya ehtiyacı olan uşaqların eyni məkanda sosiallaşmasını təmin etmək, onları cəmiyyətin mərkəzinə çıxarmaqdır. Bu, bizim həm peşə, həm də vicdan borcumuzdur. Tədbirdə uşaqlar üçün təşkil olunan əyləncəli və birləşdirici fəaliyyətlər onların sevincini bir qədər də artırdı. Onların gözlərindəki parıltı bizə bir daha göstərdi ki, təhsil yalnız dərs otaqları ilə məhdudlaşmamalıdır. O cəmiyyətin hər sahəsinə sirayət etməlidir”, -Taleh Məhəmmədov dedi.

Tədbirdə Lənkəranın məşhur rəssamı, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbinin müəllimi Günay Talışinskaya, anası Elazə xanım fəxri qonaq qismində iştirak edirdilər. Sonda rəssamlar diplomla təltif olundular və xatirə şəkilləri çəkildi. Lənkəranın məşhur rəssamı, “Oxu” Tədris Mərkəzinin müəllimi Həyat Şirvanovanın evində qonaq olan etüd iştirakçıları cənub bölgəsinin dadlı, ləzzətli mətbəxinin müxtəlif təamlarını daddılar. Həyat Şirvanova, həyat yoldaşı Dadaş Şirvanov, qızları istedadlı gənc rəssam İlahə Şirvanova qonaqlara Lənkəranın təbiəti, mətbəxi, tarixi haqqında geniş məlumat verdilər.

 

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!