7 İyul 2025 / 17:24

Ərdoğan türk müxalifət liderini məhkəməyə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ qarşı məhkəmə iddiası qaldıraraq, onu təhqirdə ittiham edib və 500 min lirə (təxminən 12,5 min dollar) mənəvi təzminat tələb edib.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın məlumat verib.

“CHP sədri Özgür Özəlin iyulun 5-də prezidentimizə qarşı səsləndirdiyi əsassız ittihamlar, təhqiramiz ifadələr və təhdidlər səbəbilə Ankara Mülki Asliye Məhkəməsinə 500 min lirə mənəvi təzminat iddiası qaldırılıb. Bundan başqa, Türkiyə Cəza Məcəlləsinin 310/2-ci maddəsinə əsasən, Cümhuriyyət prezidentini təhqir etmək və hədələmək ittihamı ilə Ankara Baş Prokurorluğuna şikayət edilib”, – deyə vəkil X-də yazıb.

İyulun 5-də CHP İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında danışan Özəl Ərdoğanı eyni gündə Antalya, Adana, Adıyaman və Manavqat bələdiyyə sədrlərinin korrupsiya işlərində saxlanması ilə bağlı avtoritarizmdə ittiham edib. O, həmçinin noyabrda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib və bu seçkilərdə onun sözlərinə görə, hazırkı hökumət məğlub olacaq.

Ərdoğan CHP liderini təhqirlərə görə dəfələrlə məhkəməyə verib. O, daha əvvəl Özelin aprelin 6-da partiyanın növbədənkənar qurultayında Türkiyə prezidentini “xunta lideri” adlandırmasından sonra məhkəməyə müraciət etmişdi. Ərdoğan həmçinin 500 min lirə mənəvi təzminat tələb etmişdi.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!