9 İyul 2025 / 17:26

“Azərbaycan” nəşriyyatının qarşısındakı yol nişanı məsələsinə aydınlıq gətirildi

Az əvvəl tezadlar.az saytında “«Azərbaycan» nəşriyyatının qarşısında jurnalistlər cərimələrlə sınağa çəkilir!” başlıqlı yazı yayımlanmışdır. Yazıda bildirilirdi ki, “…iş yerindən çıxan jurnalistlər Mətbuat prospektində daim tıxac olduğundan, çətinliklə də olsa, sağa-məşhur Yasamal qəbristanlığına-Badamdar tərəf istiqamətlənirlər. Qarşıda hamını işıqfor qarşılayır. Yol tıxacdır. Diqqət edin: Şərifzadədən (ATV tərəfdən) gələn avtomobillərin hamısı işıqforun qırmızı işığında dayanır, bu zaman işıqfor 3 zolaqlı yolun hərəkət istiqamətini göstərir: sağdan 1-ci zolaqdakılar sağa (Şərifzadə küçəsinə-ATV-yə tərəf) və düzünə gedə bilər, ortadakı 2-ci zolaqdakılar düzünə gedə bilər, soldakı 3-cü zolaqdakılar isə yalnız sola getməlidir!” və s.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli redaksiyaya zəng edərək aşağıdakıları bildirdi: “Mətbuat prospektinin Ayna Sultanova küçəsi ilə kəsişməsinədək olan yolayrıcılarından sola dönməyə icazə verilmədiyindən qeyd edilən ərazidə sol zolaq yalnız sola dönmək istəyən sürücülərin hərəkəti üçün nəzərdə tutulub. Eyni zamanda sözügedən prospektdən A.Sultanova küçəsi ilə kəsişməyə qədər müvafiq olaraq 5.8.1 yol nişanı (zolaqlarda hərəkət istiqaməti) və yolayrıcında nişanlanma xəttləri mövcuddur. Nizamlama vasitələrinin tələblərinə uyğun olaraq sol zolaqda hərəkət edən sürücülərin sola A. Sultanova küçəsinə və geriyə dönməsinə icazə verilir. Həmin zolaqdan düzünə hərəkət qayda pozuntusudur və öz növbəsində inzibati məsuliyyət yaradır”.

Təşəkkürlərlə bildiririk ki, cənab Toğrul Nəsirli əməkdaşımızla söhbətində onu da bildirdi ki, adı çəkilən yol ayrıcında sol zolaqdan həm də düzünə hərəkətin mümkünlüyü ilə bağlı AYNA və digər rəsmi qurumlarla məsləhətləşmələr aparılandan sonra müvafiq qərar veriləcək.

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!