17 İyul 2025 / 12:45

H.Z.TAĞIYEVİN NƏVƏSİ OLMAQ “GÜNAHI” VƏ…

H.Z.Tağıyevin nəvəsi, Sürəyya xanımın qızı Dilarə Abdullayeva Azərbaycan Tibb İnstitutunun aspiranturasında təhsil alırmış və dissertasiya işini başa vurmaq üzrə imiş. 1950-ci ildə Dilarə xanıma bildirirlər ki, rektorluq onu kafedrada saxlamaq istəmir. Dilarə xanımı rektorluğa dəvət edirlər və bütün professorların qarşısında nə üçün öz anket vərəqəsində H.Z.Tağıyevin nəvəsi olduğunu yazmadığını soruşurlar. Dilarə xanım professorlara belə cavab verir: “Anketdə babamla bağlı heç bir sual yox idi. Amma mən onun nəvəsi olduğumu gizlətmirəm və öz pulu ilə xalqı üçün bu qədər iş görmüş babamla qürur duyuram. Allah sizə də dövlətin hesabına onun gördüyü işlərin, heç olmasa, onda birini görməyi nəsib etsin.”
Bundan sonra Dilarə xanım ərizə yazıb institutdan gedir… Aradan xeyli vaxt keçir. Bir gün vağzalda qatar gözləyən Dilarə xanım Tibb İnstitutunun rektoru ilə üz-üzə gəlir. Rektoru görən Dilarə xanım geri çevrilir və oradan uzaqlaşmağa çalışır. Lakin rektor özünü Dilarə xanıma yetirərək onu saxlayır və şlyapasını çıxararaq təzim edir, sonra isə şlyapasını yenidən başına qoyub çıxıb gedir…
Elçin Həsənzadə
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!