17 İyul 2025 / 17:13

“Razborşik”lərə qarşı əməliyyat keçirildi: Çoxsaylı saxlanılan var

 Daxili İşlər Nazirliyi (DİN) “qanuni oğru” dünyası ilə əlaqəsi olan 20 nəfər saxlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, daha 4 nəfərə isə qiyabi olaraq ittiham irəli sürülüb. Onlardan ikisi “qanuni oğru” kimi tanınır.

İstintaq nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər şəxsi maraqlar naminə vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər. Araşdırmalar zamanı həmçinin məlum olub ki, təqsirləndirilən şəxslər Gürcüstan və Türkiyə ərazilərində “qanuni oğru qaydaları”na əsasən mübahisələrin həllinə cəlb olunublar. Saxlanılan şəxslərin ləqəbləri bunlardır: 1984-cü il təvəllüdlü “Kokoşka”, 1984-cü il təvəllüdlü “Farexela”, 1973-cü il təvəllüdlü “Uçxlo”, 1997-ci il təvəllüdlü “Belesha”, 1968-ci il təvəllüdlü “Caqa”, 1998-ci il təvəllüdlü “Çinela”, 1985-ci il təvəllüdlü “Stalina”, 2006-cı il təvəllüdlü “Foxre” və digər şəxslər. Xaricdə yaşayan 1970-ci il təvəllüdlü Tenqiz Xoferiya (“Çinka”) və İrakli Lejava (“Lazare”) barəsində “qanuni oğru olmaq” ittihamı ilə qiyabi cinayət işi açılıb. Həmçinin, İnterpol tərəfindən axtarışda olan 1993-cü il təvəllüdlü şəxs “oğru dünyasına üzvlük” və “hədə-qorxu ilə pul tələb etmə” maddələri ilə ittiham irəli sürülüb. Məlumata görə, təqsirləndirilən şəxslər tərəflər arasında qərarlar verərək bəzi hallarda maliyyə öhdəlikləri tətbiq edib, müddətə əməl olunmadığı təqdirdə zorakılıq və hətta həyatlarına qəsdlə hədələyiblər.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar zamanı saxlanılanların yaşayış və şəxsi sahələrində kompüter avadanlıqları, mobil telefonlar, narkotik vasitələr və odlu silahlar aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri – “qanuni oğru olmaq”, “oğru dünyasının üzvü olmaq”, “oğru dünyasının fəaliyyətini dəstəkləmək”, “oğru dünyası üzvünə müraciət” və “hədə-qorxu ilə pul tələb etmə” maddələri ilə araşdırma aparılır. Sözügedən cinayətlər 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!