…Görkəmli bəstəkarımız Tofiq Bakıxanovla bir neçə gün öncədən danışmışdıq ki, iyulun 17-də səhər görüşəcəyik.
Danışdığımız saatda dəqiqəsinədək dəqiqliklə qapısının zəngini çaldımsa da, içəri girən kimi Tofiq müəllimin bayaqdan evdə var-gəl edərək məni gözlədiyini söylədilər.
Bu elə mən tanıyan Tofiq Bakıxanovdur.
Həmişə darıxan, daim fəaliyyətdə olan, ömrü boyu nəzərdə tutduğu hər işi vaxtındaca yerinə yetirməyə bir az da qabaqcadan hazır olan!
2025-ci ilin sonlarında xalq artisti Tofiq Bakıxanovun 95 yaşı tamam olur.
Bu mədəni həyatımızın ən əlamətdar ildönümlərindən biridir və əslində gərək həmin yubileyə indidən hazırlıqlar gedə.
Hələ ki, sakitlikdir, amma inanıram ki, tezliklə hərəkət də olacaq.
Mənsə, yeniyetməlik, ilk gənclik çağlarımdan bu cür sadə olmayan insanlardan dərs ala-ala gəldiyimdən görməli olduğum işləri vaxtında yerinə yetirə bilim deyə xeyli irəlicədən tədarüklər görməyə adətkərdəyəm.
Dekabr ayında radiodakı “Axşam görüşləri” verilişimin bir buraxılışı Tofiq müəllimə həsr ediləıcək.
Sıx təmasda olduğumuz son 40 ildən artıq müddətdə Tofiq müəllimlə saysız görüşlərim və söhbətlərim olub, onun haqqında dönə-dönə yazmışam da. Yəni bu görüş və səs yazısı olmasa belə elə yaddaşıma və əvvəlki müsahibələrimə əsasən yaxşı bir veriliş hazırlaya bilərəm. Ancaq qət etmişdim ki, ömrün bu yaşında 95 ilin hesabatı olan bir söhbət edək.
Həmişəki kimi maraqlı, cazibəli söhbəti və xatirələri ilə məni heyran etdi.
Yaddaş da, maşallah, Allahın bir möcüzəsi!
Əlbəttə, söhbəti bitirincə sağollaşıb getməkdə çox maraqlı idim, çünki hələ gün boyu xeyli görüşlərim və işlərim vardı.
Lakin müqavimətin əbəsliyini də anlayırdım.
İrəlicədən gələcəyimi bilirdisə, demək, hökmən məxsusi xörək bişirtdirməli idi.
O, Əhməd Bakıxanovun oğludur, gözünü açıb belə görüb, evlərinə gələn heç vaxt yeyib-içməmiş yola salınmayıb.
Tofiq müəllim tərbiyəni bu cür alıb və 95-inə çatanadək dəyişməyibsə, bundan sonra da çətin ki, başqalaşa.
Bişirtdirdiyi plovdan bir-iki qaşıq yeyib “qeydiyyatdan keçmək” və ehmallıca aradan çıxmaq yenə nəsib olmadı.
Zatən, bunun da belə olacağı irəlicədən məlumdu.
Özünün əlavə etdiyi bir neçə qaşıq plov səddini aşandan sonra getməyimə yarıkönül rüsxət verildi…
Nələrdən danışdığımızın əks-sədası isə dekabrın 7-də – yaşının tamaından 1 gün əvvəl səslənəcək “Axşam görüş”lərindən gələcək.
Rəfail Hüseynov,
Millət vəkili