22 İyul 2025 / 08:29

AZAL-ın təyyarəsini raketlə vuran tapıldı…

2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı sensasion məlumat yayılıb.
Tezadlar.az sosial media hesablarında yayılan xəbərlərə istinadla bildirir ki,  “Minval Politika” resursu Rusiyanın 14-cü Hava və Hava Hücumundan Müdafiə Ordusunun 80-ci zenit-raket alayında xidmət edən hərbi qulluqçunun şəklini əldə edib.
Məlumata görə, təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. O, “Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısıdır. Paladiçuk 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edir (hərbi hissə №75564).

 “Minval Politika”nın məlumatına əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.

 Hadisədən artıq 7 aydan çox vaxt keçsə də, bu günədək nə Rusiya tərəfi məsuliyyəti boynuna alıb, nə də təyyarənin vurulmasında birbaşa iştirak etmiş hər hansı hərbçi cəzalandırılıb. Bu isə Azərbaycanın ictimai rəyində ciddi hiddət doğurur. Azərbaycan prezidenti İlham Əliyev 3- cü Şuşa Media Forumunda isə beynəlxalq statuslu jurnalistlərin suallarına cavabında bildirdi ki, Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır, çünki indiyədək bu qədər sübutların olmasına baxmayaraq, rəsmi Moskva hələ də Azərbaycan dövlətinə üzrxahlığını bildirməyib, kompensasiya ödənilməyib. Bu isə o deməkdir ki, Rusiya özünü hələ də keçmiş SSRİ kimi aparır və Azərbaycana da keçmiş müttəfiq respublikalardan biri kimi baxır.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!