22 İyul 2025 / 14:46

İSVEÇRƏ – TARİXİ ABİDƏLƏR VƏ GÖZ OXŞAYAN ÇƏTİRLƏR…

Azərbaycan da tarixi abidələrə mükəmməl münasibətdən faydalanmalıdır… 

Bu ili İsveçrə üçün əlamətdar oldu. Ötən 7 ayda İsveçrə iki böyük  yarışmaya ev sahibliyi etdi. May ayında ölkədə növbəti “Avroviziya”  musiqi  yarışması keçirildi. İndi  isə, bütün  iyul  ayı boyunca Futbol üzrə  Qadınlar arasında Avropa çempionatının final  mərhələsinin təşkilatçılığı uğurla həyata keçirilməkdədir.

Qeyd  edim ki, ölkə hər iki yarışmanı yüksək səviyyədə gerçəkləşdirməyi bacardı. Düzdür, futbol yarışları hələ sona çatmayıb və İsveçrənin  Sent Gallen, Syon, Sürix, Bern və digər şəhərlərində pley-off oyunları davam edir. Lakin  hadisələrin gedişi göstərir ki, hər şey qaydasınca gedir. Futbol üzrə Avropa çempionatının finalı da, Avroviziya yarışmasının finalı kimi Bazel şəhərində keçiriləcək. Bu ilki yay məzuniyyətindən istifadə edib, futbol yarışlarının  keçirildiyi Sent GallenSürix  şəhərlərini gəzdim. Hər iki şəhərdə futbol  bayramı hiss edilir, küçələr bayraqlar, futbola aid  atributlarla bəzədilib, insanların  yarışlara marağı aşkar hiss edilir. Şəhər küçələrində qoyulmuş böyük topların həndəvəri həm yerlilərin, həm də  turistlərin sevimli foto çəkiliş meydanına çevrilib.

Məzuniyyətdən söz düşmüşkən, buradakı məzuniyyət qaydaları haqda deyim. İçilər hər ilin əvvəlində öz məzuniyyətlərini rəhbərliklə razılaşdırmalıdırlar. Yaşı 50-yə qədər olanlar, bütün il boyu 5 həftə məzuniyyət  götürə bilər, 50 yaşdan yuxarılar isə, 6 həftə istirahət edə bilərlər. Bu məzuniyyət həftələrini işçilər həm ardıcıl, həm də fasilələrlə götürə bilərlər.

Mən də öz növbəmdə çalışıram məzuniyyətimi səmərəli keçirim. Gəzməyə isə şəhərlər çoxdur. Bu günkü gəzintidə Olten şəhərində oldum.

İsveçrədə böyüklü-kiçikli şəhərlərin hərəsinin öz yaşı, öz tarixi var. Bu şəhərlərin demək olar ki, hamısının öz “Alte Ştadt” deyilən əski şəhəri (içəri şəhər) var. Şəhərlərdə köhnəliklə müasirlik – modernlik möhtəşəm vəhdət təşkil edir. Mən ümumiyyətlə, hansısa şəhəri gəzməyi adətən onun köhnə hissəsindən  başlayıram, sonra yeni hissəsinə keçirəm. Köhnə şəhərdəki kilsələri mütləq ziyarət edirəm. Burada kilsələr möhtəşəmdir, onlar canlı  tarixdir. Əsrləri adlayıb, gəlib bizim dövrə çıxmış bu kilsələr, özlərində bir qədimlik – əski mədəniyyət, əski incəsənət ənənələri daşıdıqları kimi, həm də 100 illər öncələrin ruhunu, aurasını saxlayırlar. Bəzən bu kilsələr xristian dininin müxtəlif  təriqətlərini təmsil etsələr də, bir – birinə çox yaxın məsafədə  yerləşirlər.

Tarixin müxtəlif dönəmlərində bir – biri ilə hətta münaqişədə olmuş bu xristian məzhəbləri (katolik, ortodoks, protestant və.b) günümüzdə eyni sülhü təbliğ edir, eyni çağırışlarda bulunurlar. Mənim bu gün Oltendə ziyarət etdiyim kilsə “Müqəddəs Martin” katolik kilsəsi idi. XVIII əsrin yadıgarı olan bu kilsənin ön divarının yuxarısındakı xaçın altında qızılı hərflərlə yazılmış düşündürücü deyim var idi:

“Meinen Frieden gebe İch euch”. – Öz hüzürümü sənə verirəm.

Oltendə haqqında danışdığım kilsənin bir neçə yüz  metrliyindən İsveçrənin ən uzun çayı – Aare axır. Çay burda da  şəhəri iki yerə bölür. Çayın üzərində isə daha bir tarixi abidə – həm də indicə haqqında danışdığım kilsədən yaşca xeyli böyük, necə deyərlər, “Müqəddəs Martin”i qundaxda görmüş körpü var. Adına “Holzbrücke” deyilən və 100 illərdir Aarenin sağ və sol sahilini qovuşduran  bu körpünün əsası 1295-ci ildə qoyulub. Tarixi boyu dəfələrlə uçub, yenidən bərpa edilib. Sonuncu dəfə 1803-cü ildə yenidən qurulub və hələ də öz qədim missiyasını davam etdirməkdədir.

Ancaq əlbəttə ki, yaşayış, mədəniyyət mərkəzi kimi Oltenin tarixi çox qədimlərə gedib çıxır. Burada ilkin insan məskənlərinin olduğunu təsdiqləyən erkən daş dövrünə aid mağara var, eləcə də Roma yaşayış məskəninin mövcudluğunu təsdiqləyən çoxsaylı arxeoloji tapıntılar qorunub saxlanılır. Hətta çoxsaylı Roma tapıntılarına görə, XIX əsrdə bələdiyyə əsas küçələrindən birini “Römerstrasse” (Roma küçəsi) adlandırıb. Üstəlik, bugünkü içəri şəhər divarlarının Roma imperiyasından qalma şəhər divarı bünövrəsi üzərində tikildiyi də deyilir. Ancaq Olten haqqında ilk tarixi sənədlər XIII əsrə aiddir. Məhz bir az əvvəl haqqında danışdığım Aare çayı üzərindəki körpünün tikilməsi ərəfəsinə. Bu məqam da körpünün əhəmiyyətini kifayət qədər artırır. Bu baxımdan hər il körpünün ətrafında qayıqlardan edilən atəışfəşanlıq da təsadüfi deyil…

Ümumiyyətlə bu şəhərdəki istənilən tarixi abidəni seyr edəndə ilk ağıla gələn təkcə onun gözəlliyi deyil, həm də İsveçrədə tarixi abidələrə diqqətin necə yüksək səviyyədə olmasıdır. Məhz tarixə belə qoruyucu münasibətə görə, cəmi 19 min  əhalisi  olan Olten şəhəri  Avropanın mədəni irsi abidələri siyahısına salınıb. Yeri gəlmişkən deyim ki, Azərbaycanda da tarixi abidələr diqqətdən kənarda deyil. İmkanllar artdıqca bu diqqətin bir az daha da özünü büruzə verdiyinin fərqindəyəm. Ancaq bununla belə ümid edək ki, Azərbaycanda da təkcə paytaxt deyil, həm də əyalətlərdə olan ən kiçik tarixi abidələrə də Avropadakı – xüsusən də İsveçrədəki kimi mükəmməl münasibət formalaşacaq. Əlbəttə ki, bu vacib iş, tək dövlətin deyil, hər birimizin müqəddəs vəzifəsinə çevrilməlidir. Belə olarsa, İsveçrədəki kimi Azərbaycanda da hər bir abidə ölkəyə turist axınının ildən ilə dahaa da artmasına ayrıca töhfə verər.

Azərbaycan demişkən, İsveçrənin bir çox yerlərində olduğu kimi Oltendə də  türk camisi fəaliyyət göstərir. Düzdür, bu tarixi baxımdan qədim cami deyil, ancaq haqqında ayrıca danışılacaq qədər təqdirəlayiq məkandır. Bu barədə gələn yazılarda bəhs etmək ümidi ilə söhbəti yekunlaşdırıram.      

İsveçrəlilər kreativdirlər…  Və ya, Olten  çətirlər  şəhəridir

Oltendə “Köhnə  şəhərin” küçələrindən birində, səmada müxtəlif rəngli 100-lərlə  çətir  asılıb və  bu çox  gözəl görüntü yaradıb. Deyilənə görə, burada çətirlərin ümumi sayı 400-dən çoxdur. Təxminən 450 ədəd göz oxşayan ağ, qırmızı, yaşıl çətir. Hamısı da mavi İsveçrə səmasının fonunda.

İsveçrədə şəhərləri nəinki gəlmələrə, elə yerlilərin özünə də bir az daha sevdirən kreativliklər, yaradıcı yanaşmalar çoxdur. Deməklə, sadalamaqla bitməz bu ekzotik görüntülər. Mənsə hələlik söhbətimi İsveçrə səmasından çətirlərlə yaşmaqlanan Olten küçəsinə bitirirəm..

Sonda” “Təzadlar”ın bütün oxucularına və bütövlükdə xalqımıza aydın səma arzulayıram. Qoy, başımız üzərində açılan çətirlər adətən Oltendəki  kimi simvolik qoruyucu, daha çox göz oxşayan, könül rahatladan olsun.

İham Rəsul,

“Təzadlar”ın İsvecrə müxbiri

(Aarau – İsveçrə)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!