Rusiyada hələ də Azərbaycana yuxarıdan aşağı baxma xəstəliyinin “müalicəsi” tapılmır. Görünür və tibb elmi də təsdiqləyir ki, irsi xəstəliklərin müalicəsi yoxdur…
Keçək mətləbə: Azərbaycan rəhbərliyi Rusiyaya həm keçmiş müttəfiq respublika, həm də əbədi qonşu kimi həmişə hörmətlə yanaşıb. Məsələn, dünən İlham Əliyev Vladimir Putinə təyyarə faciəsi ilə bağlı başsağlığı verdi, Rusiya mediası da bunu hörmətlə yayımıadı. Amma və lakin… Ötən gün Rusiya dövlət xəbər ağentliyi TASS-ın baş direktorunun birinci müavini, Rusiyanın nüfuzlu media menecerlərindən və rəsmi müsahibə ustalarından biri, Bakı yəhudisi Mixail Qusman vəzifəsindən azad edildi. Onun vəzifəsindən çıxarılmasının səbəbi rəsmi açıqlanmayıb, Qusman hörmətlə, təşəkkürlə yola salınıb və özü açıqlama verməkdən imtina edib. Bu hadisə Rusiya mediasında geniş işıqlandırılır. Və məlumdur ki, Mixail Qusman 1960-cı illərdən, “КВН” yaranandan Bakı “КВН -Çən və hazırcavablar komandasının” kapitanı, SSRİ-də yaxşı tanınan Yuli Qusmanın kiçik qardaşıdır. Qardaşlar nomenklatur ailədə doğulub, ataları Xəzər Dəniz Gəmiçiliyinin baş həkimi olub, anaları Xarici Dillər İnstitutunun müəllimi. 30 il işlədiyi yüksək media vəzifəsindən kənar edilməsinin əsl səbəbi Qusmanın III Şuşa Qlobal Media Forumunun iştirakçısı kimi çıxışı və Azərbaycan prezidenti Əliyevə verdiyi suala bağlı olduğu az adamda şübhə doğurur. Bu barədə ciddi media orqanlarl da yazır… Ən azı ona görə ki, bu çıxış, dediyi tərif və sualla bağlı mövqe Rusiya sosial şəbəkə istifadəçiləri və Ukraynadakı müharibədən yazan vətənşüvən rus bloqçularının qəzəbinə və sərt tənqidinə tuş gəlib. Şuşa Forumunda isə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Ukraynanı Rusiyanın təcavüzü və ərazilərini tutmasıyla barışmamağa çağırıb və Azərbaycanı nümunə göstərib. Necə düşünməyəsən ki, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman İlham Əliyevə sualında niyə də haqlı deyildi: “Bu gün Azərbaycan tamamilə unikal bir xarici siyasət həyata keçirir. …Bu, dünyada hər kəsin layiqincə dəyərləndirə bilmədiyi bir fenomendir. Başa düşürəm ki, “Bunu necə edirsiniz?” sualını vermək, virtuoz kamançalandan kamanı necə çaldığını soruşmaq kimidir. …Siyasətiniz çox dəqiq və ölçülmüş prinsiplərə əsaslanır, bu isə sizə çoxistiqamətli siyasət aparmağa imkan verir”.
Tarix isə təkrarlanır: Qusman qədim şəhəri Bakıya qayıdıb ata yurdunda yazıb yaradanda necə olacaq??? Qoy rəsmi Moskvanın intriqaları özünə qalsın…
A.Məmmədli