25 İyul 2025 / 16:04

Mətbuatımızın 150 ili…

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam oldu. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.  1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.

Əminik ki, milli mətbuatımızın 150 illik yubileyi ölkə miqyaslı hadisə kimi yaddaşlarda qalacaq.

Milli Mətbuat Günü münasibətilə Fuad Səfərov, Məhəmməd Əsədov, Əli Abasəliyev, Aqşin Əkbərov, Mahir Novruzov, Ruhin Orucov, Anar Yaqubov, Samir Əliyev, Hümbət Abbasov, Hikmət İslamov və Cəsarət Qasımov media nümayəndələrini təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işlərində onlara yeni-yeni uğurlar arzulayırlar.

C.Vaqifoğlu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!