29 İyul 2025 / 09:00

Niyə sərnişinlər ADY-nin rahat qatarları ilə yolçuluqdan imtina edir?..

Qatarla yolçuluq ən rahat və daha çox təhlükəsizlik deməkdir! Bəzi uzaq məsafəli sərnişin qatarlarının axşam saatlarında yola düşmə qrafikinin olması isə bu komforta  daha birini – vaxt itkisinin sıfırlanmasını da əlavə etməyə sövq edir: gecə yatırsan, səhər mənzil başına çatırsan.

Son illər Azərbaycan Dəmir Yolları (ADY) bu rahat nəqliyyat növünü daha komfortlu edən vaqonları sərnişinlərin ixtiyarına verməklə hamını sevindirmişdi. Amma belə məlum olur ki, bu rahat nəqliyyat növündən də narazılıqlar var. Səbəbi isə…

TEZADLAR.AZ xəbər verir ki,  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz artıq bir neçə dəfədir ki, bu mövzuya toxunur, çünki o həm də qatarla yolçuluğa üstünlük verənlərdəndir. Bazar ertəsi Bakı – Balakən -Bakı qatarından istifadə edən Osman Gündüz gördüklərini, müşahidə etdiklərini  yazıb.

SİTAT: “ADY -nin yüksək qiymətləri yenidən gündəmdədir. ADY bəzən reallığa uyğun olmayan açıqlamar verməklə qatarlarda doluluq səviyyəsinin yüksək olduğunu bildirir. Bahalı yerlərin oliqarxlara aid olduğunu bildirir, bu tip bilet qiymətlərini qabartmamağımızı istəyir. İndi baxıram ki, nə doluluq ADY deyən kimidir, nə də biznes yerlərin satışı.

Bu gün Bakı-Balakən qatarının getməyinə təxminən 1 saat qalmış qatarın doluluq səviyyəsinə nəzər saldım. Biznes klass tam boş gedəcək. Gedişhaqqı 80 manat olan biletlərin əksəri alınmayıb.
Təsəvvür edin, belə bir isti havada sərnişinlər biletlərin baha olması səbəbindən kondisionerli kupelərdə getməkdən imtina etməli olurlar.  Görünür, biznesmenlər də başqa alternativlərə üstünlük verirlər.

Kupe(Standart+) biletlərinin(30 manat) də üçdən biri satılmayıb. Ən çox tələbat olan, son zamanlar daha ciddi narazılıq olan plaskart (Standart) biletlərin də (20 manat) 25% i satılmayıb.

Beləliklə, bu gün yola düşəcək Bakı-Balakən qatarının yola düşməsinə 1 saat qalmış doluluğu 65% olub. Ümid edirəm, ADY 450 km yol gedəcək Bakı -Balakən qatarının az qala yarı dolu vəziyyətdə getməyinin fərqindədir… Doluluğun az olmasının yeganə səbəbi də qiymətlərin baha olmasıdır”.

 

Osman Gündüzün qeyd etdiklərindən belə məlum olur ki, yayın bu cırhacırında sərnişinlər, hətta kupeli vaqonlardan (hansı ki, kondisionerlidir) da imtina edirlər. Heç pullular da Bakıdan Balakənə 80 manat ödəyib  biznes klassda getməyin baha olduğunu düşünürlər və alternativ nəqliyyat vasitəsi ilə səyahətə üstünlük verirlər. Nəzərə alsaq ki, çox zaman bu yolçuluq ailəvi olur və bu zaman bilet qiymətlərinin də kəlləçarxa qalxacağı qaçılmazdır…

Təssüfləndirici məqam həm də odur ki, Bakıdan 450 km yol qət edən qatar qiymətlərlə bağlı  hər gün sərnişin itirir. Halbuki bu qədər məsafəni nisbətən ucuz qiymətə – dolu sərnişinlə yola çıxmaqla əldə etmək istədikləri məbləği də qazana bilərlər. Yəqin ki, bu hal uzaq məsafəli bütün sərnişin qatarlarında yaşanır və hər gün həm ADY uduzur, həm də sərnişinlər rahatlığından olur. Belə görünür ki, yarıboş qatarla yola çıxmağa üstünlük verən ADY hələ də ölkə əhalisinin gəlir səviyyəsindən xəbərsizdir…

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!